Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen COP-29 tədbirində iştirak etməyəcək. “Yeni Müsavat” bildirir ki, o, bunu ölkəsində baş verən siyasi hadisələrlə əlaqələndirib. AK-nin mətbuat xidməti məlumat yayıb ki, Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacaq. AK prezidenti Azərbaycana münasibətdə qərəzli avropalı siyasətçilərdən olmayıb. Əksinə, Bakıya gələrək Azərbaycan Prezidenti ilə strateji qaz sənədini imzalayıb. İndi isə onun BMT-nin konfransında iştirak etməməsi suallar doğurur. Üstəgəl, Lyayenin rəhbəri olduğu Avropa Xalq Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə qalib olub. Yəni AP-də hakim partiyanın sədri COP29-a gəlməli idi. Xanım liderin bu cür beynəlxalq səviyyəli, geniş ekoloji imkanlara malik tədbirdə iştirak etməməsi Azərbaycanda tənqidlərlə qarşılanıb. Çünki beynəlxalq ictimai rəy Lyayenin və rəhbərlik etdiyi qurumun bu məsələlərdə daha ciddi addımlar atmasını tələb edir. Baxmayaraq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıya gələcək, lakin bu qurumun iqtisadi qanadı olan Avropa Komissiyasının prezidenti Leyenin siyasi səbəb göstərməsi qəribədir. Axı onun ölkəsi Belçikada hansı siyasi təlatümlər baş verir ki, Lyayen gəlmir, amma Mişel təşrif buyurur?! O məntiqlə İspaniyanın baş naziri COP29-da iştirak etməsəydi, başadüşülən idi. Çünki Valensiya şəhərində baş verən təbii fəlakətə görə ciddi siyasi və sosial gərginlik yaşanmaqdadır. Amma ispan baş nazir ilk dəfə Azərbaycana gəlir...
Təbii ki, buna dolayısı ilə adekvat cavab Azərbaycan rəhbərliyindən gəldi. Noyabrın 7-də başlanmış Avropa Siyasi Birliyinin Budapeştdəki Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmədi. Dövlət başçısının tədbirdə iştirak etməməsinin əsas səbəbi iş qrafikinin gərginliyi ilə bağlı olsa da, əslində Aİ-nin təşəbbüsü ilə yaradılmış ASB-nin sammitinə getməməsi bir ismarış idi. Avropa Siyasi Birliyi qitənin gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forumdur. Prezident qurumun 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində, 2023-cü ilin iyununda Moldovanın paytaxtı Kişinyov şəhərində, bu ilin iyulunda isə Böyük Britaniyanın Oksford şəhərində keçirilmiş zirvə toplantısında iştirak edib. Ümumən Avropa İttifaqı dünyanın ən böyük çirkləndiricilərindən biri olaraq, qlobal iqlim siyasətində məsuliyyətli addımlar atmağa məcburdur. İqlim ekspertləri fon der Leyenin COP29-a qatılmama qərarını Aİ-nin çirkləndirici sənaye siyasəti ilə bağlı məsuliyyətini azaltmağa çalışması kimi dəyərləndirir.
Digər yandan, “Avropa İttifaqı iqlimin qorunmasında dünyaya nümunə olmalıdır” deyən Lyayen son addımı ilə bu sözlərində qeyri-səmimi olduğunu, elan etdiyi planların yalnız şüarlardan ibarət olduğunu göstərdi. Qlazqoda keçirilən COP26, Şarm-əl-Şeyxdə keçirilən COP27 və Dubayda keçirilən COP28 sammitlərində iştirak edən Ursula von der Leyenin COP29-da iştirak etməməsi bu mənada bütün Qərb siyasətinin yanlış istiqamətə yönəldiyini, geosiyasi maraqlarının və məsələnin kommersiya tərəfinin əsas maraq nöqtəsi olduğunu ortaya qoyur.
Eyni zamanda Aİ iqlim dəyişmələri ilə mübarizəyə maliyyə ayırmaq əvəzinə, 2024-cü ilin iyulunda Avropa Sülh Fondundan Ermənistan ordusunun gücləndirilməsi üçün 10 milyon avro ayırmaq barədə qərar verməklə əsl mahiyyətini ortaya qoydu. Bütün bu addımlar rəsmi Brüsselin iqlim böhranının onun üçün prioritet olmadığını nümayiş etdirdi. Leyenlə yanaşı, bir sıra Qərb siyasətçiləri də analoji davranış nümayiş etdirir. Norveçin COP29-da iştirakdan boyun qaçırması, Fransa prezidenti Emmanuel Makronun, ABŞ prezidenti Co Baydenin sammitə qatılmaması bu ölkələrin də iqlimlə mübarizəni prioritet saymadığının sübutudur. İstənilən halda, 11-22 noyabr tarixlərində Bakı dünyanın əsas şəhərinə çevriləcək, 100-ə qədər dövlət və hökumət başçısını COP29 çərçivəsində qəbul edəcək, dövlətlərin iqlim dəyişikliyi ilə bağlı planları razılaşdırılacaq və bu sahədə əməli addımlar atılacaq.
Samir Əsədli
“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli COP29 konfransının ən yüksək səviyyədə keçiriləcəyini gözləyir: “Biz fərdlərin qərarlarına fokuslanıb məyus olmalı deyilik. Lyayen bu addımı ilə Avropa Parlamentinin Azərbaycana münasibətini təkrarlamış oldu. Hərçənd bunu özümüzə qarşı bir addım kimi qiymətləndirmək də lazım deyil, tədbir BMT-yə aiddir, biz ev sahibiyik. Amma əvvəlki tədbirlərdə iştirak edib, Bakıya gəlməmək məhz siyasi münasibətin göstəricisidir”. Partiya rəsmisi 100 ölkənin hökumət rəhbərlərinin gələcəyini, o cümlədən Aİ-dən Mişelin iştirak edəcəyini vurğulayaraq hesab edir ki, Azərbaycan müəyyən nəticələr çıxarır: “Çox təəssüf ki, erməni təbliğatı, boykot çağırışları oldu. Qərb cəbhəsində bu kampaniya aparıldı. Məqsəd Azərbaycanı gözdən salmaq idi və bu prosesə qoşulanlar da oldu”.
Qabil Hüseynli
Professor Qabil Hüseynli hesab edir ki, mənfur erməni lobbisinin iyrənc kampaniyası Qərb siyasətçilərində müəyyən təsəvvürlər yaratdı. Onun fikrincə, Lyayen Azərbaycanla strateji qaz müqaviləsini imzalamış və Bakının Avropanın enerji təchizatında mühüm rolunu qiymətləndirmiş bir siyasətçidir, onun belə addım atması təəssüf doğurur. Leyenlə yanaşı bəzi avropalı siyasətçilərin də tədbirə gəlmədiyini deyən Q.Hüseynlinin sözlərinə görə, heç bir halda BMT konfransı boykot oluna bilməz: “Bu tədbirə Bakının ev sahibliyi edəcəyi bilindiyi gündən əleyhimizə kampaniya başladıldı, hərtərəfli sanksiya çağırışları oldu. Avropa Parlamentinin son qətnaməsini də yada salsaq, Leyenin davranışını anlamaq olar. Çünki onun partiyasının üstünlük təşkil etdiyi həmin məclisdə avropalı deputatlar əleyhimizə qərar qəbul ediblər. Biz Qərb təsisatları və siyasətçiləri ilə münasibətləri yenidən nəzərdən keçirməliyik. Lakin onu da deməliyəm ki, Azərbaycana xoş münasibəti olan Şarl Mişelin gəliş ilə Avropa İttifaqı balansı qorumağa, bəlkə də kompensasiya etməyə çalışıb”.
İlyas Hüseynov
Siyasi şərhçi İlyas Hüseynov isə qeyd edib ki, Avropa İttifaqının sədrinin COP29-a qarşı bu cür mənfi yanaşması erməni lobbisi tərəfindən həyata keçirilən çirkin təbliğatın nəticəsidir: “Lakin burada Ursula fon der Leyenin ilk növbədə Avropa və dünyada iqlim dəyişmələri və eləcə də ekologiyanın qorunması istiqamətində öz prinsipial mövqeyini nümayiş etdirməli idi. Avropa öz transmilli korporasiyaları, şirkətləri ilə dünyada ekologiyaya ən çox ziyan vuran coğrafiyadır və Avropa məkanında məhz bu tullantılar atmosferə atılır. Eyni zamanda Lyayen bu önəmli, mötəbər tədbirdə iştirak etməməklə, həm də məsuliyyətdən boyun qaçırdığını ortaya qoydu. Çünki Bakıda vacib məsələlər sırasında həm də iqlim dəyişmələri istiqamətində maliyyə öhdəlikləri müzakirə olunacaq, maliyyə ilə bağlı büdcənin artırılması təklif olunacaq. 500 milyard dollara qədər ilkin hədəf müəyyənləşdirilmişdir ki, bu, büdcə formalaşmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ