İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov erməniləri “sancdı”: “Minsk Qrupu ölüb!”, “Qarabağ Azərbaycandır!”, amma...

Politoloqlar Rusiya baş diplomatının səmimiyyətinə şübhə edirlər, çünki...

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagün Avropa təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında deyib. Diplomat bildirib ki, son vaxtlar Ermənistan rəhbərliyi Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır.

“Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır”, - deyə Rusiya baş diplomatı vurğulayıb.

Lavrov həmçinin erməni tərəfini məyus eləməyə davam edərək, ATƏT-in Minsk Qrupunun artıq mövcud olmadığını bildirib. “Minsk Qrupunu amerikanlar və fransızlar dəfn etdilər, burada Rusiyalıq bir iş yox”, - deyə o qeyd edib. 

“Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi status məsələsini həll edir. Çünki MDB-nin yaradılması haqqında Almatı Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı sərhədlərə əsaslanacaq. Orada isə göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsidir. Başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi və indi onu həm Azərbaycan və Ermənistan, həm də Fransa və cənab Mişel qeyd-şərtsiz təsdiqləyirsə, bu elə Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”.

Bunu da Rusiya baş diplomatı söyləyib.

Erməni kökənli Lavrovun əslində Azərbaycana isti olmayan münasibəti bəllidir. Məsələn, vaxtilə belə bir təxribatçı ifadə işlətmişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil”.

Rusiya “sülhməramlı” qüvvələrin Qarabağ anklavında davam edən hoqqaları, o sırada separatçıların silahlandırılması, anklava silah-sursat daşınması, “Vardanyan proje”si, Azərbaycanın Müdafiə və Xarici işlər nazirliklərinin ard-arda rəsmi etirazlarını Rusiyanın qulaqardı eləməsi və s. də günümüzün reallığıdır. İndi nə oldu, Moskva Bakının “könlünü” almağa çalışır, yoxsa bizə reverans eləmək, yaxud “valı” dəyişmək istəyir?

Bu səmimiyyətə o vaxt inanardıq ki, birincisi, Rusiya Qarabağda müvəqqəti yerləşdirilmiş hərbi kontingentin rəhbərliyinə özünü Azərbaycana qarşı sayğılı aparmaq üçün müvafiq göstəriş verəydi. İkincisi, Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninə “status” bəndi salmaq səylərindən həmişəlik vaz keçəydi, madam Lavrovun özü də inanır ki, Azərbaycan erməni əsilli vətəndaşlarının təhlükəsizliyinə zəmanət verir.

Amma Rusiya XİN rəhbəri yenə “muxtar vilayət” ifadəsini yada salmaqla əslində hiylə işlədir və “status”u sonraya saxlamağın vacibliyinə işarə edir. Bunu həm də belə əsaslandırır ki, hələ 2012-ci ildə Rusiya təkliflər verib və guya onlar qəbul olunsaydı, Dağlıq Qarabağ problemi birdəfəlik bağlanacaqdı: “Ən azından o dövrdən Qarabağın statusunun sonraya təxirə salınması anlayışı meydana çıxdı. Konsepsiya çox sadə idi: ermənilər Qarabağ ətrafındakı beş Azərbaycan rayonunu tərk edərək Ermənistanı Qarabağla birləşdirən iki rayonu saxlayırdılar. Və Azərbaycanın olan bu iki rayonun taleyi Qarabağın statusu ilə birlikdə təyin olunacaqdı. Məhz o zaman statusun sonraya saxlanılması anlayışı ilk dəfə ortaya çıxdı. Və sonra o, obrazlı desək, sonrakı nəsillər üçün nəzərdə tutulmuşdu... Oktyabrın sonunda Soçi görüşündə biz bu məsələyə qayıtmaq və tərəfdaşlarımızın centlmen razılaşması əsasında - bütün məsələləri həll etmək, Qarabağın statusunu isə sonraya saxlamaq məsələsində nə qədər hərəkətə keçməyə hazır olduqlarını anlamaq istədik”.

Göründüyü kimi, ikibaşlı oyunlarına sadiq qalan rəsmi Moskva faktiki öz ampluasındadır.

Rəşad Bayramov: “Pulsuz səhiyyə kağız üzərindədir”/ Elçin Qurbanov: “Tibbi  xidmətlərdə ƏDV-nin vergi dərəcələri azaldılsın!” » Siam.az

 Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov bildirdi ki, əslində Lavrovun açıqlamalarında yeni bir şey yoxdur: “Rusiya erməni mənşəli xarici işlər naziri olan Lavrov öz açıqlamalarında mütəmadi olaraq muxtar vilayət ifadəsini işlədib və yenə də bu ifadəni işlətməkdə davam edir. Qarabağ ermənilərinin hüquqları məsələsinə gəldikdə isə Azərbaycan tərəfi artıq uzun müddətdir ki, Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazır olduğunu bəyan edib.

Lavrovun açılqmasındakı ən önəmli məqam Alma-Ata bəyannaməsi ilə bağlıdır. Çünki erməni tərəfi bu bəyannamə ilə manipulyasiya edərək deyirdi ki, həmin bəyannamə imzalanana qədər “Dağlıq Qarabağ” artıq referendum keçirmişdi və Azərbaycandan ayrıldığını bəyan etmişdi, ona görə də Alma-Ata bəyannaməsinə görə Azərbaycan ərazi bütövlüyü və suverenliyi dedikdə “Dağlıq Qarabağ” ərazisi nəzərdə tutulmur. İndi Lavrovun həmin bəyannaməyə açıqlıq gətirərək “Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsidir” deməsi erməni iddialarına qarşı cavab kimi qəbul edilə bilər.

Ancaq bütün bunlara baxmayaraq mən Lavrovun açıqlamalarını rəsmi Moskvanın bizim maraqlarımızdan çıxış etməsi kimi qəbul etmirəm. Çünki ortada yeni oyun oynanıldığı gün kimi aydındır. İndiyə qədər Rusiya regionda mövcudluğunu qoruyub saxlamaq üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan verməmək yolu seçmişdi. Başqa sözlə, rəsmi Moskva bütün imkanlarından istifadə edərək Ermənistana sülh sazişinin imzalanmaması üçün təzyiqlər göstərirdi. Rusiya üçün tək məqbul olan şey kommunikasiya xətlərinin açılması idi. Çünki Ukrayna ilə müharibə səbəbilə ciddi sanksiyalara məruz qalan Rusiya üçün 3+3 formatında əməkdaşlıq həm yeni imkanlar açır, həm də ona Ermənistanla və İranla birbaşa dəmir yolu əlaqəsi yaradır. Yəni Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yalnız öz maraqlarının təmin olunması kontekstindən yanaşırdı.

Lakin Rusiya başa düşür ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını uzun müddət tormozlamaq mümkün olmayacaq. Çünki Ermənistana beynəlxalq təzyiq var və o, gec-tez sülh sazişini imzalamağa məcburdur. Odur ki, indi əsas gücünü Ermənistana təzyiqdən daha çox separatçı rejimə dəstək verməyə yönəldib. Yəni oyunun qaydaları dəyişib. Yeni qaydalar isə ondan ibarətdir ki, Ermənistan sülh sazişi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hətta bu gün separatçıların yerləşdiyi ərazilərin belə ölkəmizin suveren ərazisi olduğunu qəbul edir və oradakı ermənilərin təhlükəsizliyi ilə bağlı beynəlxalq zəmanət alır. Zəmanətçilər rolunda isə Rusiya sülhməramlıları və Fransanın timsalında Qərb çıxış edir. Bu isə o deməkdir ki, Ermənistan beynəlxalq təzyiqdən canını qurtarır, Rusiya təhlükəsizlik məsələsini əsas gətirərək sülhməramlı missiya adı altında regionda hərbi kontingent saxlamaqda davam edir, Fransa isə mülki müşahidə adı altında ərazilərimizə daxil olur.

Hadisələrin bu cür gedişi həm Ermənistanın, həm də Rusiya və Fransanın maraqlarına cavab verir. Rusiya bununla bağlı beynəlxalq mandat alaraq regionda mövcudluğunu davam etdirəcəyi halda Fransanın da mülki missiya adı ilə ərazilərimizdə təmsil olunmasına etiraz etməyəcək. Bu hal isə heç bir halda bizim maraqlarımıza cavab verə bilməz. Çünki belə olacağı halda separatçı rejimin öz mövcudluğunu qoruyub saxlayacağı şübhəsizdir. Odur ki, mən yenə də problemin birdəfəlik həlli üçün yeganə yolun Laçın dəhlizinə girişin bağlanılmasında və erməni hərbi birləşmələrinin ərazilərimizi tərk etməsi üçün konkret vaxt qoyulmasında görürəm".

Paşinyanın “artsax ordusu” oyunu - separatçılar onu vecinə almır, yoxsa...

Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadəyə görə, Rusiyanın regiona təsiri digər dövlətlərdən hələ də çoxdur: “Geosiyasətin strategiyalarından biri də qlobal mənada güclü olanın, zəif olana diktə etməsi ilə öz maraqlarını təmin etməsidir.  Əksi mümkün görünməyəndir. Bizim regionumuzda məsələ ondan ibarətdir ki, zəif Ermənistanı kim daha çox parçalayacaq. Fransasızlarmı, yoxsa ruslarmı? Dava onun davasıdır. Yəni məşhur təmsildə deyildiyi kimi, ”əlbir olub, bir ayı bir şir ilə". Azərbaycan isə ağıllı və taktiki gedişləri ilə öz xəttini davam etdirir. Üstəgəl, Azərbaycanın müharibənin qalibi olması da onun əlini gücləndirən amillərdəndir. Ermənistan bu yanaşma ilə beynəlxalq güc mərkəzlərinin əlində getdikcə zəifləyən dövlət formasını alacaq. Heç şübhəsiz ki, bu bizim xeyrimizə olan məsələdir.

Rusiyanın Lavrov səviyyəsində bu şəkildə açıqlama verməsi o anlama gəlir ki, tamamilə Fransa və eləcə də ABŞ-dan imtina et, tamamən Rusiyanın dediyi ilə otur-dur. Ermənistan da öz növbəsində biabırçı şəkildə müharibə məğlubiyyətindən sonra razı olmaq niyyətində deyil. Amma unutmaq lazım deyil ki, Rusiya faktiki yaşadığı müharibə səbəbi ilə nə qədər zəifləsə də, regiona təsiri Fransadan daha çoxdur. Belə dilemma qarşısında qalmaq da Ermənistanı çətin vəziyyətə salır.

Qaldı ki, Lavrovun “Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır” ifadəsini işlətməsinə, bu baxımdan Lavrovun dediklərinə heç ehtiyac yoxdur. Çünki Azərbaycan hakimiyyəti İlham Əliyev səviyyəsində Azərbaycan ərazilərində yaşayan Azərbaycan vətəndaşları ermənilərin hüquqları ilə bağlı dəfələrlə çıxış edib, narahat olmamalarını ifadə edib. Müharibənin gedişatı da onu göstərdi ki, Azərbaycan tərəfi heç vaxt mülki əhalinin yaşadığı ərazilərə qarşı hər hansı bir şəkildə atəş açmadığı halda, onların Bərdə və Gəncə şəhərlərinə qarşı terror hücumları  azərbaycanlıların onların hakimiyyəti altında yaşamasını mümkünsüz etdi. Yəni bununla onu demək istəyirəm ki, hətta biz tarixi İrəvan torpaqlarına iddia etmiş olsaq belə, əhalimizi onların hakimiyyəti altında yaşamağa göndərə bilmərik.

Bir sözlə, Rusiya öz xislətindədir. Dediklərində səmimi deyillər. Əksi olmuş olsaydı, hətta sülhməramlı adı ilə gələnləri öz missiyalarını həyata keçirərlərdi. Onlar isə bunun əksinə olaraq separatçı ermənilərə silah daşımağı öz üzərlərinə götürüblər. Ermənilərin çıxış yoluna gəlincə, onların tək çıxış yolu 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etmək, Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Əksi olacağı təqdirdə yuxarıda da qeyd etdiyim kimi, bu ermənilərin fəlakəti olacaq. Paşinyan iqtidarı da müharibədəki məğlubiyyətdən sonra öz hakimiyyətinin ömrünü uzatmaq üçün Azərbaycanla razılaşmaq istəmir. Düşünür ki, qlobal güclərin təzyiqi ilə Azərbaycanı öz məqsədlərindən geri çəkindirə biləcək.

Son olaraq qeyd edim ki, Rusiya Ermənistandan istədiyini ala bilsə, bu gün söylədiklərinin tam əksini söyləyəcək. Keçmiş təcrübələr də onu göstərir. Azərbaycan isə hazırkı mövqeyində qətiyyətlə dayanmalı, əlindəki fürsətləri fövtə verməməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR