İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolundakı aksiyanın dörd ayı: o hədəfə lap az qaldı...

Hərbi ekspert Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırıldığını açıqladı; yollara nəzarət özümüzdə olacaqsa, Qarabağda talanlar, separatçılıq da olmayacaq!

Aprelin 11-də Laçın yolundakı etiraz aksiyasının 121-ci günü tamam olur. Xaricdəki məkrli və ermənipərəst anti-Azərbaycan, anti-türk çevrələr və mərkəzlər bu aksiyanı nə qədər gözdən salmağa çalışsa da, onun həm önəmi, həm də hədəfi dəyişməz olaraq qalır. Başlıcası, ekoaksiya beynəlxalq hüquqla, qlobal ekoloji narahatlıqlarla həmahənglik təşkil edir. “Yeni Müsavat” qeyd edir ki, Azərbaycan ictimaiyyəti və dövlətinin əsas tələbi bəllidir: Qarabağın ekosisteminin və sərvətlərinin 44 günlük müharibədən sonra da davam edən talançılığına son qoyulması. Bu da öncəliklə Rusiya “sülhməramlı” kontingentinin müvəqqəti yerləşdiyi ərazimizdə obyektiv monitorinqi zəruri edir. Təəssüf ki, “sülhməramlılar” hələ də bunun üçün gərəkən addımı atmaq istəmirlər.

Lakin artıq aydındır ki, enində-sonunda tələb yerinə yetiriləcək. Əslində bu aksiyada strateji hədəfimiz ölkəmizə girən bütün yollara, xüsusən də sərhəddəki bütün giriş nöqtələrinə nəzarəti təmin eləməkdir. Ölkəmizə girən yollara nəzarət özümüzdə olacaqsa, Qarabağda talanlar, ümumiyyətlə, separatçılıq da olmayacaq. Bəzi məlumatlara görə, yaxın 7-10 gündə həm aksiya, həm də ümumən Laçın yolu (nəzarət postu) ilə bağlı həlledici və yekun qərar veriləcək - Azərbaycanın xeyrinə. Politoloqlar bu xüsusda nə düşünür, aksiya daha nə qədər sürə bilər?

“Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə "Telegram" kanallarında yayılan məlumatlardan görünür ki, artıq Azərbaycan tərəfi Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsindən nəzarət-buraxılış məntəqəsini quraşdırıb". Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib. Bu haqda rəsmi məlumat olmasa da, ekspert vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsi həmin ərazinin yaxınlığında mövcud olan və ermənilər tərəfindən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlı kontingentinin buraxılış məntəqəsinin arasında yerləşir: “Belə bir məntəqənin quraşdırılması daha əvvəldən gözlənilirdi. Çünki cənab Ali Baş Komandan İlham Əliyev də bu barədə daha əvvəllər təkliflərini səsləndirmişdi. Bu təklif Rusiya və Ermənistanla etirazla qarşılansa da, nəzərə almaq lazımdır ki, Zabux və Cağauz kəndləri artıq Azərbaycanın nəzarətindədir. Yəni belə bir nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına heç kimin, o cümlədən də Rusiya və Ermənistanın mane olmaq şansları sıfıra bərabərdir. Odur ki, belə bir məntəqənin yerləşdirilməsi kifayət qədər real məsələdir. Bu barədə rəsmi məlumat olmasa da, yəqin ki, yaxın saatlarda və ya günlərdə bununla bağlı məlumatlar Azərbaycan mediasında da əksini tapacaq. Hər bir halda baş verən proseslər onu göstərir ki, ərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir. Həmçinin mənəvi, psixoloji, hərbi və siyasi, diplomatik üstünlüklər də getdikcə Azərbaycana daha çox nailiyyətlər əldə etməyə imkan verir”.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, yaxın vaxtlarda Qarabağda tam legitim əsaslarla Azərbaycan Konstitusiyasının bütün şərtləri bərpa olunacaq: “Qarabağın təbii resurslarının talanması bölgədə Azərbaycan dövlətinin suverenliyi bərpa olunandan, xüsusilə də sərhədlərin demilitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra dayana bilər. Azərbaycan istər Laçın dəhlizi üzərində, istərsə də yardımçı torpaq yollarda hissə-hissə özünün sərhəd-keçid postlarını qurub. İndi söhbət Ermənistanla bütün sərhəd zolağının delimitasiya və demarkasiya olunmasından gedir”. Y.Hacıyevanın fikrincə, nə qədər ki, dövlət sərhədi tam miqyasda müəyyən edilməyib və Xankəndi də daxil Qarabağ tam nəzarətimizə keçməyib, sülh barədə ikitərəfli sənəd imzalanmayıb, terror ixracını, bölgənin kommunikasiya resursları da daxil bütün spektr resurslarının qeyri-qanuni talanının dayanmasını, istismar olunmamasını gözləmək sadəlövhlükdür: “Bizdə olan məlumata görə, əvvəllər qızıl və mis-molibden xammalını Ermənistana özləri daşıyırdı, indi isə sülhə qəti aidiyyəti olmayan bu "missiyanı" Rusiya sülhməramlıları icra edir. Yəni şərti sərhəd onlara imkan verir ki, sərvətimizi öz maşınlarında Ermənistana daşısınlar. Xankəndidə, eləcə də Qarabağ iqtisadi rayonunun bizim nəzarətimizdə olmayan digər ərazilərində Azərbaycanın suverenliyinin tam bərpası, ermənilərin vətəndaşlığı qəbul etməsi bir-biri ilə bağlı proseslərdir. Bunlardan birinin olması, digərinin olmaması qeyri-mümkündür".

Oxu.az - Ramiyə Məmmədova: “Tehran öz davranışının yanlış olduğunu anladı”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova 4 aydır ki, Laçın yolunda separatçılar üçün blokada olduğunu hesab edir: “Bəli, yolu terrorçu-xunta rejimi üçün bağlamışıq, amma dinc ermənilər rahat gedib-gəlir. İlk gündən beynəlxalq ictimaiyyəti üstümüzə qaldırmağa çalışdılar ki, guya humanitar fəlakət yaşanır. Amma zaman keçdikcə sübut olundu ki, hər hansı böhrandan söhbət gedə bilməz. Bu gün də yol açıqdır. Son olaraq isə silah-sursat daşınan torpaq yolları da götürdük və nə BMT Təhlükəsizlik Şurası, nə Avropa Komissiyası, nə digər beynəlxalq təsisatlar bizi qınaya bilərlər. Çünki Azərbaycanın yanaşması haqlıdır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da demişdi ki, Bakının qanunsuz daşımalara nəzarət etmək haqqı var. Yəni ekofəalların aksiyası qismən baş tutmuş sayıla bilər”.

Siyasi şərhçinin fikrincə, nəzarət-buraxılış məntəqəsi qurulduğu halda aksiya dayana bilər: “Biz dörd aydır ki, separatçıların nəfəsini kəsmişik. Faktiki olaraq, Araik və başıpozuq dəstəsi Qarabağla Ermənistanı birləşdirən yeni yoldan istifadə edə bilmir. Azərbaycan dövlətinin büdcəsindən vəsait ayrılıb bu yol ona görə tikilməyib ki, Araik bu yolla ərazimizə mina, hərbi texnika daşısın. Əgər nəzarət-buraxılış məntəqəsinin qurulması reallaşarsa, biz dinc və "yumşaq güc" nümayiş etdirməklə Laçın yolunda qələbə qazanmış olacağıq. Əgər ordu bu yolu nəzarətə götürsəydi, aqressivlik və eskalasiya kimi qələmə verməyə çalışacaqdılar. Ekofəalların aksiyası isə məntiqli və sivil etirazlardır. Günü bu gün Volkov ekoloqların mədənlərdə monitorinq aparılmasına şərait yaratsın, aksiya dayandırıla bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR