İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın şəhərindən bizi ayıran kritik 10 gün

Köçkünlərimiz ermənilər tikən evlərdə yaşayarmı?; “Qaçqınkom”da laçınlılarla görüş keçirildi

Avqustun 25-nə, Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması üçün ermənilərə verilən möhlətin bitməsinə 10 gün qaldı. Ötən həftəsonu AzTV-yə müsahibəsində Prezident İlham Əliyev bu mövzuda danışarkən belə demişdi: “Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun, böyük fərq etmir”.

İlham Əliyev həmçinin bildirmişdi: “Mən artıq Dövlət ”Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq".

Ancaq bu, bizim tanıdığımız ermənilərdisə, doğrudanmı yerdə qalan 10 gündə onlar hoqqa çıxarmayacaqlar? Deyirlər ki, evləri guya yandırmayacaqlar. Amma artıq bir belə fakt qeydə alınıb. Hələ minalar!

Tutaq ki, evlərin çoxu yandırılmadı. Bəs azərbaycanlı köçkünlər ermənilərin tikdiyi evlərdə yaşayarlarmı? Qanunsuz məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığı alıb qalmaq istəsələr necə, icazə veriləcəkmi?

İbrahim Mirzəyev (jurnalist) — Vikipediya

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, komitədə işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi fəaliyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində sarsıdıcı məğlubiyyətə uğradılmış Ermənistan Laçın rayonunun ərazisini, o cümlədən Laçın şəhərini, Zabux və Sus kəndlərini də bir güllə atmadan Azərbaycana qaytarmaq məcburiyyətində qalıb. Dövlətimizin başçısının tapşırığına əsasən, keçmiş məcburi köçkünlərin həmin yaşayış məntəqələrinə qayıdışa hazırlanması bu gün qarşıya qoyulan mühüm vəzifələrdəndir: “Komitə sədri Rövşən Rzayev respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri sakinlərinin - doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi, əhali arasında məlumatlandırma, təbliğat-təşviqat işlərinin aparılması, köçürülmənin texniki-təşkilati məsələlərinin həlli və digər vəzifələrlə əlaqədar işlərin sürətləndirilməsi barədə sturuktur bölmələrinə tapşırıqlar verib.

Dövlət Komitəsində, həmçinin Laçın sakinlərinin bir qrupu ilə görüş keçirilib. Onlar ölkə rəhbərinin müsahibəsini dinlədikdən sonra böyük sevinc hissi keçirdiklərini, doğma yurda qayıtmağa hər an hazır olduqlarını bildiriblər".

Ceyhun Məmmədov - YouTube

Deputat Ceyhun Məmmədov: “Azərbaycan Suriyadan, Livandan və digər ölkələrdən gətirilib Laçın rayonu və digər ərazilərimizdə qanunsuz yerləşdirilmiş ermənilərin burada yaşamasına icazə verməyəcək”

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan növbəti dəfə humanistlik nümayiş etdirərək avqustun sonuna kimi Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin boşaldılması üçün Ermənistana vaxt verib. Həmin vaxta qədər ermənilər bu əraziləri tərk etməlidirlər. Azərbaycan tərəfi Ermənistana ciddi xəbərdarlıq edib ki, ermənilər köçərkən evləri yandırmamalıdırlar, dağıtmamalıdırlar: “Belə hallar hələ ki müşahidə olunmur. Laçın şəhərində və Zabuxda qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti azərbaycanlıların salamat qoyub məcburi tərk etdikləri evlərdə yerləşmişdilər və o zamanda, orada yaşayırdılar. Ermənilər bu evləri salamat şəkildə öz sahiblərinə - azərbaycanlılara təhvil verməlidirlər. Zabuxda isə ermənilərin bəziləri özlərinə sonradan ev tikiblər. Bu evlərin tikilməsi tamamilə qanunsuz olub. Əgər ermənilər yenə də öz xislətlərinə uyğun olaraq evləri dağıtsalar, yandırsalar, Azərbaycan qarşılığını verəcək.

Azərbaycan Suriyadan, Livandan və digər ölkələrdən gətirilib Laçın rayonu və digər ərazilərimizdə qanunsuz yerləşdirilmiş ermənilərin burada yaşamasına icazə verməyəcək. Azərbaycan ərazisində yalnız o ermənilərin yaşamasına icazə veriləcək ki, müharibəyə qədər olan dövrdə burada yaşayıblar. Kənardan gətirilən ermənilərin burada yaşamasına imkan verilməyəcək".

158ae2e2-c238-42de-b738-a1aefd31f1df.jpg (29 KB)

Zabuxun icra nümayəndəsi Elsevər Əliyev: “Camaat hamısı doğma kəndlərimizə qayıtmaq istəyir və qayıdacaq”

Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev isə “Yeni Müsavat”a bildirdi ki, Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində erməni əhali yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə qanunsuz olaraq məskunlaşdırılıb: “Həmin kəndlərin ərazisində 7-8-ci əsrə aid azərbaycanlılara məxsus abidələr var idi. Abidələrin hamısını ermənilər dağıdıb məhv ediblər. Ermənilər Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküblər, yandırıblar. İndi oradan köçürlər. Hələ ki həmin evləri yandırdıqları barədə məlumatlar olmasa da köçərkən qapı-pəncərələrini söküb apardıqları haqda informasiyalar var. Bizə torpağımız lazımdır. Bizim camaat hamısı doğma kəndlərimizə qayıtmaq istəyir və qayıdacaq. Şübhəsiz ki, kəndlər bizə təhvil verildikdən sonra müvafiq qurumlar ərazidə, evlərdə mina olub-olmadığını da araşdıracaqlar”.

İcra nümayəndəsi onu da qeyd edib ki, keçən ayın statistikasına görə, 4 kənddən ibarət Zabux kənd nümayəndəliyi 489 ailədən, 1652 nəfərdən ibarətdir: “Bu əhali 1992-ci ildəki erməni işğalından sonra 33 rayonda məskunlaşıb. Daha çox məskunlaşma Abşeron, Ağcabədi, Bərdə rayonlarındadır". 

“Zabuxda qanunsuz məskunlaşmış hansısa ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib orada yaşamaq istəsələr, Zabuxun yerli əhalisinin münasibəti necə olar?” sualına icra nümayəndəsi belə cavab verib: “Mənə belə gəlir ki, heç kim bunu yaxşı qarşılamaz. Çünki əvvəla ermənilər Zabuxda qanunsuz məskunlaşıblar. İşğaldan öncə Zabuxda erməni yaşamayıb. Hansısa erməni Azərbaycan vətəndaşlığını qəbul edərsə, onu ermənilərin kompakt yaşadığı ərazilərimizə yerləşdirmək olar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR