İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın postunun 100 günü: əsas yekun - ermənilər oradan hansı pasportla keçirlər?

Qarabağdakı bir ovuc erməni iki sənəd daşıyır; bu post faktiki separatizmin kökünü kəsməkdədir; Asim Mollazadə: “Son oyunlar, sadəcə, vaxt uzatmağa hesablanıb...”

Ermənistanla sərhəddə, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd - buraxılış məntəqəsinin qurulmasının 100-cü günü tamamlandı.

Dövlət Sərhəd Xidmətindən (DSX) hansı səbəblərdən məntəqənin açıldığı haqda zamanında yaydığı məlumatda belə deyilirdi: “2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub”.

Elə həmin gün gömrük əməkdaşlarımız öz qanuni fəaliyyətinə başladılar. Ermənistan və onun, Fransa başda olmaqla, havadarları isə 100 gündür dəridən-qabıqdan çıxırlar ki, məntəqə ləğv olunsun. İrəvan bundan ötrü BMT yanında Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) belə şikayətlənib. Lakin düşmənin arzusu gözündə qalıb. BƏM məntəqənin qanuni, yəni legitim olduğunu təsdiqləyib.

Əlbəttə, Azərbaycan öz suveren hüququnun növbəti bariz təzahürü kimi bu postu sökməkdən ötrü qurmayıb. Bunu xəyal edənlər yanılır. Yeri gəlmişkən, sərhəddə ölkəmizə qarşı 9 gündür davam edən “humanitar” basqının əsas hədəfi də elə budur: guya Laçın yolunun bağlı olduğunu Qərbə nümayiş etdirib məntəqənin önəmini heçə endirmək və Azərbaycanı hədəfə gətirmək.

“Laçın yolunda hərəkət azadlığı bloklanmayıb”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində Laçın yolu ilə bağlı sualı cavablandırarkən bildirib.

Dövlət başçısı qeyd edib ki, aprelin 23-dən - sərhəd, keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib, gəlib. Ölkə rəhbəri əlavə edib ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa edib. Lakin, əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olunub.

Ötən 100 gündə Ermənistandan Qarabağ quldurları üçün bir mina, patron belə keçirilə bilməyib. 100 günün mühüm nəticələrindən biri də, şübhəsiz ki, Xocalı və Meşəli cəlladı Vaqif Xaçatryanın yaxalanmasıdır. Bundan sonra da yol separatçılar, terrorçular üçün bağlı olacaq. Biz onlar üçün blokada yaratmışıq, əli qana batmamış sadə ermənilər isə hər gün yoxlanılıb buraxılırlar.

Ancaq ermənilər hansı pasportla yoxlanışdan keçir, bu sual indi çoxlarını maraqlandırır. Ekspertlər ehtimal edirlər ki, onlar iki pasport daşıyırlar - biri Ermənistan vətəndaşlığı, digəri isə oyuncaq rejimin saxta əski parçası. Azərbaycan sərhədçiləri isə yola nəzarət edirlər. Yəni kimsə üzərində qanunsuz maddə daşıyırsa, adı axtarışdadırsa, dərhal tədbir görülür. Bu şəxslər isə seçim etməli olacaqlar - ya həmin pasportları tullayıb Azərbaycan qanunları altında yaşamaq, ya da çıxıb getmək...

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, pasportla bağlı yuxarıda qeyd edilən hər iki variant mümkündür. “Yəqin ki, onların hansısa vəsiqələri var. Amma söhbət ondan gedir ki, post nəzarət üçün yaradılıb. 100 gün ərzində baş verənlər göstərdi ki, nəzarət-buraxılış məntəqəsi bir sıra məsələlərə son qoyub. Ermənistan rəhbərliyi də təsdiqləyib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə postdan keçən şəxslər yoxlanılmalıdır. Bu ərazi uzun illər işğal altında olub, narkotik daşımalarının bölgəsinə çevrilmişdi. İndi isə normal ölkələrdə olduğu kimi, nəzarət postu var. Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atır”, - deyə A.Mollazadə qeyd etdi.

Deputatın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü tanınırsa, onda nəzarət-buraxılış məntəqəsi qurması da qəbul edilməlidir: “Sadəcə, son oyunlar vaxt uzatmaq, sülh istiqamətində zəruri addımlar atmamaq məqsədi daşıyır. Ermənistan ümid edir ki, bəlkə zaman qazanar, hansısa beynəlxalq dəstək alar. Ancaq bizim konkret tələblərimiz var - Ermənistan silahlı qüvvələri ərazilərimizi tərk etməlidir. Əks təqdirdə beynəlxalq hüquqa uyğun olaraq onları tərki-silah etmək üçün addımlar ata bilərik. Bundan yayınmaq, vaxtı uzatmaq üçün yük karvanı göndərilir, müxtəlif oyunlar həyata keçirilir ki, yanlış təsəvvürlər yaradılsın. Guya ermənilər yaşayan ərazidə faciəvi vəziyyətdir. Halbuki blokada, aclıq yoxdur. Bu oyunlarla vaxt udmağa çalışırlar”.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva 

Siyasi ekspert Yeganə Hacıyeva Ermənistanla sərhəddə hər hansı bir terror dəhlizinin açılmasına imkan verilməyəcəyinə inanır. Onun fikrincə, rəsmi İrəvan üçün çıxış yolu gələcəyi Azərbaycanla uzlaşdırmaqdan keçir və bu işin uğuru Bakının burada formalaşdırdığı şərtləri tez və qeyri-şərtsiz qəbul etməkdən birbaşa asılıdır: “Son günlər Ermənistan mediası və ekspertlərinin Azərbaycan - Ermənistan sərhədində, Laçın yolu ətrafında Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə ortalığa atılan avantüranın ətrafında müzakirələr maraqlı məqamları ortaya çıxardı. Müzakirələrdə təşəbbüsün sifarişçisi və əsas israr edən tərəf kimi dünyadakı erməni lobbisi çıxış edir. Qarabağda ”etirazların" dəstəklənməsi üçün erməni lobbisi bütün dünyada “dilən-dolan” mexanizmini işə salaraq maliyyə toplayır. Keçən ilin payızından Azərbaycan Laçın yolu və Ermənistanla sərhəddə üç dolama yolun şəffaflığını təmin etdikdən sonra bölgədən qeyri-qanuni daşınmalar və talanmış resursların Qarabağdan çıxarılması mümkünsüz olub".

Təhlilçinin sözlərinə görə, bölgədən və bölgəyə qeyri-qanuni daşınmaların həyata keçirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında xüsusi təyinatlı “Humanitar dəstək” əməliyyatına ehtiyac yaranıb: “Regionda şübhəli daşınmalar həyata keçirməklə ”ad-san" qazanmış “Spayka” şirkətinin TIR-ları ilə artıq 10 aydır ki, Qarabağdan çıxara bilmədikləri yükləri çıxarmaq üçün “xüsusi təyinatlı əməliyyat” həyata keçirməyə cəhd edirlər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR