İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın dəhlizinin açılması İranın Cənubi Qafqaz siyasətinə necə təsir edəcək?

“İran Azərbaycan ərazilərinin işğal altında olduğu 30 il ərzində bu siyasəti həyata keçirirdi. Əgər bu, əvvəl gizli formada idisə, indi daha açıq formada dilə gətirir”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib.

asif.jpg (313 KB)

Onun fikrincə, Qarabağın münaqişəli bölgə olması Azərbaycanın bütün diqqətini ora yönəldirdi: “Bu, istər-istəməz region ölkələri ilə balanslı siyasət yürütməyi tələb edirdi. Eyni zamanda Azərbaycanın başı Qarabağa qarışdığı üçün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız arxa planda qalmışdı. İndi isə prezident səviyyəsində Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarından danışılır. İran bu vəziyyətə hazır deyildi, narahatlıq da bununla əlaqədardır. Məhz bu situasiyanın yaranmaması üçün İran bu illər ərzində Ermənistanı açıq şəkildə dəstəkləyib. Münaqişə bitdikdən sonra bölgədə yaranmış yeni reallıqlarda İran anlayır ki, “əcəl zəngi” çalınır. İran hələ də ümid edir ki, vəziyyətdən çıxış yolu var. Bu yolu da Qarabağdakı separatçı rejimlə əlaqələndirir. Xankəndi məsələsi geosiyasi proseslər fonunda çox kiçik görünür. Separatçı rejimin ləğvi aktualdır. Rəsmi Bakının mövqeyi konkretdir - heç bir statusdan söhbət gedə bilməz. Hesab edirəm ki, nəticə yaxın zamanda görünəcək. Son proseslər bunun tez zamanda reallaşa biləcəyini göstərir. İran üçün bu, sonuncu şansın əlindən çıxması deməkdir. Buna görə də İran Ermənistanı daha açıq şəkildə dəstəkləməyə başladı”.

Siyasi şərhçi hesab edir ki, İranın məqsədi həm də Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın Ermənistanın təhlükəsizliyi məsələsində boşalan yerini tutmaqdır: “Qarabağ işğalda olanda İran sərhəddən qanunsuz fəaliyyət üçün istifadə edirdi. Sərhədin azad edilməsi İranın Cənubi Qafqaza girişini böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə saldı. Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəblərindən biri də budur. Qondarma rejim ləğv edildikdən sonra Azərbaycan bölgədə daha da güclənəcək. Bu, İranın Azərbaycana təzyiq siyasətini zəiflədəcək, eyni zamanda İranın Cənubi Qafqaz siyasətini Azərbaycandan asılı vəziyyətə salacaq. Azərbaycan dövləti və xalqı sona qədər gedəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR