İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürqırağı bölgələrə ciddi təhlükə

Ekspertlər hesab edir ki, bu il daşqınlar çox olacaq; “Ermənistan və Gürcüstan transsərhəd çaylarının suyunun idarə edilməsi ilə bağlı bizimlə saziş imzalamayıb, buna görə...

Son günlər intensiv yağan yağış Kür çayında sululuğun artmasına səbəb olub. Azərbaycanın Salyan rayonunda aprelin ortalarında Kür çayında suyun səviyyəsi 1,5 metrə qədər yüksəlib, bu da davamlı yağışlı hava şəraiti ilə izah olunur. Bu tendensiya davam edib və aprelin ortalarından mayın ortalarına qədər dağlıq rayonlarda güclü yağışlar və hətta qar yağışı müşahidə olunub. Nəticədə yaxın aylarda Kür çayında su səviyyəsinin daha da artacağı gözlənilir.

Çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kür artıq son 10 gündə ikinci dəfə öz məcrasından çıxaraq ətrafa yayılıb. Bunun nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib. Sel əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib. Təbii fəlakət nəticəsində indiyə kimi Qazax rayonunun Aşağı Salahlı kəndinin sakinlərinə məxsus 230 hektara yaxın torpaq sahəsi su altında qalıb. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatlarını - taxıl, yonca, qarğıdalı sahələrini sel suları yuyub. 

Aşağı Salahlıda 150 hektar taxıl, 6 hektar qarğıdalı, 80 hektar örüş yeri suyun altında qalıb. Digər sakinlər Ayna.az-a  deyiblər ki, bənd vurulmazsa, kəndin pay torpaqlarında artıq heç nə becərmək mümkün olmayacaq. 

Hələ də bölgədə yağıntılı hava şəraiti hökm sürdüyündən Kür çayında sel təhlükəsi azalmayıb. Əksinə, suyun ətraf sahələrə doğru daha da genişlənməsi riski var.  

Yağışlar Xəzər dənizində isə suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarıb. Qazaxıstanda - Aktauda hər gün dəniz səviyyəsini ölçən yerli sakin 10-15 santimetrlik artım olduğunu bildirib. Bəzi skeptiklər bu artımın güclü küləklərlə əlaqədar baş verən müvəqqəti effekt olduğunu iddia etdikləri halda, ekspertlər daha ciddi tendensiya görürlər. Qazaxıstanlı alim Nurlan Munbayev iddia edir ki, Rusiyadan ciddi su axını Xəzər dənizinin səviyyəsinin artmasına səbəb ola bilər. “Ural çayının səviyyəsi 9-11 metr yüksəlsə, bu, Xəzər dənizinin səviyyəsinin artmasına gətirib çıxara bilər, belə ki, Ural onun şimal hissəsinə, Atırau körfəzinə tökülür. Xəzər dənizinin səth sahəsinin böyük olduğunu nəzərə alaraq, bu əlavə su həcmi dəniz səviyyəsinin 2-3 metr yüksəlməsinə gətirib çıxara bilər”, - deyə Munbayev bildirib. (“Turan”) 

Bu yaxınlarda yağan yağışlar və çay axınlarının sonrakı artımı uzun illərdir davam edən narahatedici azalmadan sonra müsbət dönüş nöqtəsi ola və Xəzər regionunda ümidləri bərpa edə bilər. 

Facemark

 Rövşən Abbasov

Ekoloq Rövşən Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu il Kür çayında daşqınların olacağı şübhə doğurmamalıdır: “Çünki bu il bol sulu ildir. Son on ili çıxsaq, əvvəlki illərdə Kür çayında həmişə periodik daşqınlar olub. Bu il də bu daşqınların baş verməsi mümkündür. Bunun üçün də Kürün aşağı axınında bütün strukturlar hazır vəziyyətə gətirilməlidir. Bəndlərin səviyyəsi yoxlanılmalıdır. Lazım olduqda bəndlər möhkəmləndirilməlidir. Çox güman ki, Zərdab, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonlarında daşqınlar müşahidə ediləcək”.  

Çingiz İsmayılov: Torpağa “bu mənimdir” demək olmaz - 17.11.2016, Sputnik  Azərbaycan

Çingiz İsmayılov

“Yeni Müsavat”a danışan iqtisadi coğrafiya üzrə mütəxəssis, BDU-nun professoru Çingiz İsmayılov qeyd edir ki, Kürün həcminin artması, azalması yalnız Azərbaycanda deyil, bütövlükdə regionda gedən təbii proseslərlə bağlıdır:  “Yağıntıların artması Kürdə suyun artıb-azalmasına bilavasitə təsir edir. Bu, bir tərəfdən qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Digər tərəfdən, Kür çayının - onun qolları vasitəsilə və keçdiyi ərazilərdə (Türkiyə, Gürcüstan, Ermənistan) nə dərəcədə intensiv istifadə olunması, artması-azalması kimi hallar  onun Azərbaycan ərazisindən keçəndə həcminin dəyişilməsinə təsir edir. Əfsuslar olsun ki, Ermənistan və Gürcüstan hələ ki transsərhəd çayların suyunun istifadəsində idarəedilmə ilə bağlı bizimlə saziş imzalamayıb. Onun üçün bir tərəfdən istədikləri həcmdə su götürürlər. Digər tərəfdən, çirklənməyə də nəzarət olunmur. Bu səbəbdən biz bunu tənzimləyə bilmirik. Artıq bizim ərazimizə gələndən sonra onlar bir neçə su anbarında toplanır və onun sərfinin necə istifadə olunmasından asılı olmayaraq onların səviyyəsi dəyişir. Bu, suyun sonradan kanallar vasitəsilə suvarmada istifadəsinin həcminə də təsir edir. Bizdən asılı olan odur ki, su ehtiyatlarını səmərəli istifadə etməliyik. Xüsusən suvarmada. O zaman qıtlıq da bu formada yaranmayacaq. Suyun sərfi ilə bağlı maarifləndirmənin aparılması çox vacibdir. Müasir texnologiyaların tətbiqi ilə artıq bir çox ölkələrdə dronla suvarma aparırlar. Arx sistemi ilə kanallarla suyu tarlaya buraxmaq keçmişdə qalmalıdır. Suyun həcminin dəyişilməsindən asılı olmayaraq biz suya qənaətlə yanaşsaq, belə problemlər yaranmaz". 

Qeyd edək ki, Qafqaz regionunda ən böyük su hövzəsi olan Kür çayı ölkəmizin əsas su mənbəyidir. Min illərdir Kür çayı ətrafında məskunlaşmış əhali çayın suyundan həm təsərrüfat sahələrinin suvarılması, həm də içməli su kimi istifadə edir. Amma təəssüf ki, bu nemət hesab etdiyimiz suyun qədrini bilməyən bəzi insanlar çayın sahillərinə məişət tullantıları atmaqla onu daha da çirkləndirir, infeksion xəstəliklərinin yayılması üçün münbit şərait yaradırlar. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir.

Azərbaycanda su ehtiyatlarının 70 faizi Araz və Kür çaylarının hesabına ödənilir. Hazırda Kür çayı onun keçdiyi həm qonşu ölkələrin, həm də ölkə ərazisində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Ölkəmizdə də əhali tərəfindən yaşayış məntəqələrində formalaşan məişət tullantılarının düzgün idarə olunmaması çayın sahil mühafizə zonasını çirkləndirir. Bu, bilavasitə çayın əlavə çirklənməsinə və suyun keyfiyyətinə mənfi təsir göstərən amil hesab olunur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR