İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-dən kritik anons: Azərbaycanla sərhəddə bir neçə dövlət toqquşa bilər

“Putin NATO”sunun baş katibi hesab edir ki, bir neçə dövlətin iştirakı ilə regional müharibə başlaya bilər; İrəvana xox gəlir, yoxsa Bakını hədələyir?

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər”. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, dekabrın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav  Zas telekörpü zamanı belə deyib.

Eyni zamanda o, missiyanın nəticələrinə əsasən təklif olunan qərarların balanslaşdırılmış və adekvat olduğunu bəyan edib. “KTMT-nin Ermənistanı tərk etmək istəməsi” fikrini şərh edən S.Zas onunla razılaşmayıb: “Əlbəttə ki, yox. Bu il baş verən hadisələr buna sübutdur. Dövlət başçıları üç dəfə görüşüb və sərhəddəki vəziyyəti müzakirə ediblər. Sərhədə KTMT missiyası göndərilib. Ermənistana yardımın göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsi hazırlanıb. Bütün lazımi addımlar atılıb”. Zas onu da deyib ki, KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir.

O, “burnunu” Xankəndi yolundakı vəziyyətə də “soxub”: “Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası çox vacibdir, bütün tərəflər sülhməramlı kontingentin fəaliyyətinə kömək etməli və maraqlı olmalıdır. Biz Rusiya sülhməramlılarının həyata keçirdiyi missiyanı bütün region üçün çox vacib hesab edirik. Onu həddən artıq qiymətləndirmək çətindir. Əlbəttə, biz özümüz üçün çətin şərtləri, xüsusən də vəziyyətin gərginləşdiyi indini, o cümlədən Laçın dəhlizinin bağlanmasını qeyd edirik. Təbii ki, fikrimizcə, insanlara və humanitar mallara sərbəst hərəkət etmək lazımdır. Adi insanlar üçün məhrumiyyətlərin çətinliyi qəbuledilməzdir. Humanitar fəlakət qəbuledilməzdir”.

Lakin onun çıxışında altından qırmızı xətlə çiziləcək əsas nüans regionda bir neçə dövlətin toqquşa biləcəyi riski haqda xəbərdarlığı, müharibə təhlükəsinin olması haqda ehtimalını bölüşməsidir. Maraqlıdır, regionda bir neçə dövlət deyərkən bölgədəki gücləri, yoxsa beynəlxalq qüvvələri nəzərdə tutur? KTMT baş katibi İran, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın toqquşmasına işarə edir, yoxsa ABŞ-dan Fransaya qədər olan gücləri də bura əlavə edir? Ümumiyyətlə, onun bu mesajı Ermənistanı qorxutmağa yönəlib, yoxsa Azərbaycana təhdid kimi qəbul edilməlidir?

“Yeni Müsavat”ın sualını cavablandıran hərbi analitik Azad İsazadə hesab edir ki, əvvəlcə hansı ölkələrin regional müharibəyə qoşulacağını dəqiqləşdirmək lazımdır: “Əgər belə bir toqquşma qeydə alınarsa, düşünmək olar ki, Rusiya, İran və Türkiyə qatıla bilər, yəni başqaları qoşulmayacaq. Amma Rusiya Ukraynada gedən müharibə səbəbindən Türkiyədən çox asılıdır, Ankara bu hadisələrdə neytral dayanan dövlətdir, Moskvaya kömək etməsə də, ona kəskin problemlər yaratmır, ona görə Kreml türklərlə toqquşmaq istəməz. İrana gəlincə, bu ölkə Ermənistandan istifadə etməkdədir. Tehran öz maraqları naminə erməniləri maşa edib. Çünki İran regionun Türkiyənin tam nəzarətinə keçməsini istəmir, amma gedişatı da yaxşı görür. Bəli, bax, İran bu strateji vəziyyətə qarşı çıxa bilər, amma Tehran rejimi Türkiyə ilə böyük müharibəyə girməz, çünki Qərbdən yeni və ağır sanksiyalarla üzləşə bilər. Sadəcə, İranın müharibə ilə hədələmək ritorikası mümkündür. Ona görə KTMT-dən belə mesaj gəlməkdədir”.

Bu müharibənin bizə bir xeyiri oldu“ - Azad İsazadə - Azinforum.az  İnformasiya Portalı

 Azad İsazadə

A.İsazadənin sözlərinə görə, məsələ budur ki, sərhəddə olan indiki gərginliyi asanlıqla həll etmək olar: “Sülhməramlılar işini görsələr, sərhədlərin dəqiqləşməsi prosesi getsə, arada problem qalmaz. Konfliktə aparan yolun sülhlə həll variantı var, buna gedilsə, sərhəddə hər hansı toqquşma ehtimalı olmaz. Odur ki, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyasının sülh yolu ilə həlli var. Sadəcə, Rusiyanı qane etməyən şərtlər var. Moskva məsələni uzadır, beləcə vəziyyət kəskinləşir. Rusiya nəzarəti altında olmayan hansısa saziş imzalanmasının əleyhinədir. Əgər məsələ köklü həllini taparsa, Rusiya konfliktə nəzarəti itirmiş olacaq. Düzdür, Zəngəzur dəhlizinin açılması Rusiyaya iqtisadi cəhətdən lazımdır, amma siyasi baxımdan təsirinin olmasını istəyir. İndi isə siyasi təsir gücü olmaya bilər. Rusiya istəyərdi ki, dəhliz açılsın, amma onun şərtləri altında baş versin, bu gün isə Zəngəzur mövzusunda moderatorluğu Türkiyə aparır”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova KTMT baş katibinin açıqlamasını iki tərəfə də ismarış kimi qiymətləndirir. Onun fikrincə, bölgədə yeni lokal hərbi toqquşmalar mümkündür, amma bunun regional müharibəyə çevrilməsi ehtimalı azdır: “Regionun qan çanağına döndərilməsi bölgə dövlətlərinə sərf etmir. İran nə qədər düşmənçilik etsə də, anlayır ki, münaqişəyə qoşulmaq ona təzyiqləri gücləndirəcək. İsrail və ABŞ da elə arzu edər ki, İranın başı müharibəyə qarışsın. Rusiya eyni səhvi edib, başı Ukraynaya qarışıb, yeni bir cəbhənin açılmasını istəməz, Türkiyəyə gəlincə, indi qardaş ölkə bölgədə öz təsirlərini artırmaqdadır, Putin də bununla barışmalı olur. Stanislav Zas Ermənistana eyham vurur ki, daha pis hadisələr ola bilər. Yəni ağlınızı başınıza yığın, sizə Avropa İttifaqının mülki missiyası deyil, KTMT missiyası sərhəddə lazımdır”. Ekspert əminliklə qeyd edir ki, əslində sərhəddə olan gərginliyin günahkarı həm də Rusiyadır: “Moskva və Soçi razılaşmaları mövcuddur, İşçi Qrupu yaradılıb, baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilib, di gəl ki, sərhədlərin müəyyən olunması üçün ciddi praktik addımlar yoxdur. Azərbaycan Ordusunun yerləşdiyi yüksəkliklər Ermənistanın suveren ərazisi sayılmır, sentyabrda olan sərhəd münaqişələri bu faktı üzə çıxardı ki, delimitasiya üçün güc tətbiq olunmalıdır. O baxımdan məsələ regional müharibə müstəvisinə keçid etməyəcək, amma gələn il növbəti hərbi qarşıdurmalar istisna deyil. KTMT isə missiya göndərməklə sərhədi monitorinq edə bilər, təşkilatın prosesə müdaxiləsi olmayacaq. Üzv ölkələr də Ermənistandan daha çox Azərbaycana dostdurlar. Onlar regional münaqişəyə qarışmazlar. O baxımdan regionda gərginlik müşahidə olunsa da, böyük savaşın astanasında olduğumuzu deməyə əsas vermir. Rusiya müharibəni nə edir? İrəvanda anti-Putin aksiyaları göstərir ki, Moskva nə etməlidir. Üstəlik, Ukrayna müharibəsindən sınıq-salxaq vəziyyətdə çıxacaq bir ölkəyə növbəti savaş lazım deyil”.

Ekspert istisna etmir ki, sərhəddə bufer zona yaradıla bilər: “Azərbaycan təhlükəsizliyini gücləndirir. Az qala hər gün Kəlbəcər, Daşkəsən və digər istiqamətlərdə mövqelərimiz atəşə tutulur. Avropa İttifaqının mülki missiyasının bölgədə olduğu iki ay müddətində də atəşkəsi pozulması, erməni təxribatı səngimədi. KTMT missiya göndərdiyi halda dəyişən bir vəziyyət olmayacaq. Azərbaycanı yenidən irimiqyaslı hərbi toqquşmalara təhrik edirlər. Lakin KTMT hərbi müdaxilə etməyəcəksə, Aİ-nin mülki monitorinqi də fayda vermədisə, Ermənistan nə etməyə çalışır? Bax, mənə elə gəlir ki, sərhəddə olan indiki gərginlik və təxribatlar Zəngəzur dəhlizinin açılmasını mümkün qədər yubatmaq üçündür”.

Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan KTMT baş katibi Stanislav Zasın 27 sentyabrdan qabaq İrəvana müharibənin başlayacağı ilə bağlı məxfi şəkildə xəbərdarlıq məktubu göndərdiyini açıqlamışdı. KTMT bunu təkzib etmişdi. Lakin indi də təşkilat müharibə riski ilə bağlı xəbərdarlıq edir və bunun daha çox Ermənistana yönəlik olduğu təəssüratı doğurur. Qeyd edək ki, Minasyan Zasın məktubunu və məktuba qoşmaları ictimailəşdirərək, guya Azərbaycanın və Türkiyənin Qarabağda müharibəyə hazırlaşdığı barədə Ermənistanı 26 gün öncədən xəbərdar etdiyini yazmışdı. İddia edilirdi ki, Zas 2018-ci ildən Ermənistanın bir-birinin ardınca informasiya və diplomatik müharibələri uduzduğunu bildirib və Ermənistanı ağır məğlubiyyət gözlədiyini qeyd edib. Məktubda 2018-ci ildən hərbi balansın Azərbaycanın xeyrinə pozulduğu da guya qeyd edilib və Naxçıvan istiqamətində yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsinin (“Günnüt əməliyyatı” nəzərdə tutulur - E.S.) Ermənistanı ciddi təhlükəsizlik təhdidi ilə üz-üzə qoyduğu bildirilib.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR