İnsanlara hürriyət, millətlərə istiqlal!

Kritik payız – Ermənistanın “E”si də qalmayacaq, əgər...

Siyasi klounluqda və ya şoumenlikdə Nikol Paşinyana yəqin ki, çatan olmaz. İnsafən, bunu o, yaxşı bacarır. Amma məsələnin olduqca təhlükəli bir tərəfi var – Ermənistan və bölgə üçün.

Bu da odur ki, Paşinyan sıradan biri və ya hansısa teatrın aktyoru deyil. “Geydirmə” olsa belə, Ermənistan adlı dövlətin rəhbəridir, onun “ali baş komandanı” sayılır. O Ermənistan ki, onun konstitusiyasında 44 günlük müharibədən sonra da Azərbaycan və Türkiyəyə qarşı açıq-aşkar, konkret ərazi iddiaları qalmaqdadır.

Nikol isə 4 ildir özlərinin “müharibə” konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsmir. Nəinki tələsmir, üstəlik havadar ölkələrdən yeni və ölümcül silahlar almaqdadır. Savaşamı hazırlaşır?

Mümkündür. Amma onda gərək yaddan çıxarmasın ki, əgər zavallı ölkəsini daha bir müharibəyə tuş eləsə, onda Ermənistan adlı saxta dövlətin heç “E”si də qalmayacaq. Onun formal mövcudluğuna da son qoyacaq. Yəni siyasi şoumenliyin də bir həddi olmalıdır...

Növbəti dağıdıcı müharibədən yayınmağın yolu isə bəlli: tərəflər arasında etimad mühitinin yaradılması, etimad mühiti üçünsə təcili sülh sənədinin imzalanması. Sülh sənədinin reallaşması üçün də Ermənistanın “Əsas Qanunu”nun beynəlxalq hüquqa uyunlaşdırılması.

Böyük sülhə və barışığa aparan işlərin ardıcıllığı yalnız bu cür ola bilər – yəni sondan, konstitusiyadan başlamaqla.

Göründüyü kimi, Bakıdan asılı heç nə yox. Bununla belə, Azərbaycan yenə etimad mühiti naminə böyüklük və səbir göstərərək mümkün olmayanı da edir. Nikol Paşinyanın noyabrda Bakıda keçiriləcək COP 29-da rəsmın dəvət bu qəbildəndir.

Amma erməni tərəfi bu xoşməramlı jestimizi də öz xislətinə uyğun dəyərləndirir, az qala, bizə minnət qoymağa çalışır. Əks təqdirdə N.Paşinyan komandasının üzvü, parlamentin komitə sədri Andranik Köçəryan “Ermənistan nümayəndəsinin Bakıya gəlişi üçün Azərbaycan ritorikasını dəyişməli, sülh üçün Bakı İrəvan qədər çalışmalıdır” deyə çərənləməzdi.

Ermənistan sülh üçün Azərbaycandan çox çalışırmış, xəbərimiz yox. Əlbəttə ki, ağ yalandır. Klassik erməni sırtıqlığıdır...

Sülh üçün çalışan öz konstitusiyasında iki əsas qonşusuna qarşı torpaq iddialarını saxlamaz. Vaxtilə erməni işğalını rəsmiləşdirməklə məşğul olmuş üzdəniraq Minsk Qrupundan hələ də bərk-bərk yapışmaz. Sərhəddə vaxtaşırı silahlı təxribat törətməz. Konstitusiya referendumu üçün 2024-ü deyil, uzaq 2026-cı ili hədəf seçməz. Bakının COP 29-da iştirak dəvətini Bakının əleyhinə çevirməyə çalışmaz. Nəhayət, absurdcasına qalib tərəfə şərt diktə etməz!

Hansını deyəsən. Sülhü əlçatmaz edən erməni yalan-palanı, bəhanə-uydurmaları birmi, ikimi...

Yeri gəlmişkən, Paşinyan payızda Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı gələn ay – avqustda mətbuat konfransı keçirib qərar verəcəyini söyləyib. Sanki bizə indidən minnət qoyur, “məzənnəni” qaldırır. Bu zaman unudur ki, kapitulyant ölkələrin, böyük güclərin əlində oyuncaq olanların dəyəri, məzənnəsi olmur.

Politoloqlardan biri haqlı olaraq, Paşinyanın bu anonsunu növbəti tamaşaya hazırlıq adlandırıb. Halbuki Azərbaycan səfəri ən çox ona, Ermənistana lazımdır. Ən azından özünütəsdiq üçün, qarşıdurma riskini azaltmaq, yekunda blokadadan çıxmaqdan ötrü.

Qısası, şairin məşhur sözlərini bir az azca dəyişsək, belə yaza bilərik: “gəlmək istəyirsən, bəhanəsiz gəl!”..

Payızdan söz düşmüşkən, Türkiyənin tanınmış analitiki, “Yeni Şafak” qəzetinin sabiq baş redaktoru İbrahim Karagülünə görə, bu payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında ikinci böyük müharibə başlaya bilər.

Girişdə qeyd etdik: hansı müharibə ki, Ermənistan adlı kvazi-dövlətin varlığına həmişəlik son qoyacaq. Görəsən, Paşinyan bunu bilirmi, fərqindəmi? Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatını oxuyubmu?

Bu təkcə nazirliyin xəbərdarlığı deyil, Nikol Vovayeviç!..

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR