İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin Qarabağdakı “desantı” Kremlə “atıb” - Vardanyan cəzalanacaq?

Çingiz Qənizadə: “Azərbaycanın real imkanı olsa, onu saxlayacaq”

Əziz Əlibəyli: “Vardanyanın cəzalandırılması Azərbaycana tapşırılmalıdır”"

Elçin Mirzəbəyli: “Rubenin cəzalandırılması üçün faktlar o qədər çoxdur ki...”

"Ruben Vardanyan "Rosnano"nun keçmiş baş direktoru Anatoli Çubaysa vergilərdən yayınmağa kömək edib".

“Yeni Musavat”ın məlumatına görə, belə bir sensasiyalı məlumatı “Russkiy kriminal” portalı VÇK-OGPU TG telegram kanalına istinadla yayıb.

Bildirilir ki, Anatoli Çubaysın Moskva vilayətində villasının tikintisinə kömək edən sahibkar İlya Suçkovla söhbətlərindən birinin səs yazısı dərc olunub. Həmin söhbət zamanı Çubays Suçkova məlumat verir ki, o, Ruben Vardanyana Moskva yaxınlığındakı Peredelkinodakı malikanəsini satmaqla “çirkli pullar”ın yuyulması sxemini hazırlayaraq həyata keçirməyi tapşırıb. 35-36 milyon dollar dəyərində olan həmin malikanə əvvəlcə Çubaysa məxsus İsveçrə şirkəti vasitəsilə 7-8 milyon dollara onun yaxın adamlarına - Boris Mints və oğluna satılmalı idi. Lakin şirkət sonra iflas olub, danışıqlar nə isə düz getməyib və Ruben Vardanyanı işə cəlb eləmək lazım gəlib.

Qeyd edək ki, Putinin komandasında olan yəhudi əsilli Anatoli Çubays Rusiyanın Ukraynaya hərbi təcavüzündən az sonra ölkəni tezliklə tərk edərək İsraildə yerləşib. Bu isə Kreml başçısını hiddətləndirib. Onun haqqında Rusiyada cinayət təqibi də aparılıb.

Kremlin Qarabağdakı “desantı” Ruben Vardanyana gəlincə, onun çirkli pulların mahir “yuyucusu” olduğu bir daha təsdiqlənir. Vardan bu əməlinə görə, Moskvadan hər hansı cəza alacaqmı?

AZƏRTAC

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hər bir cinayət hadisəsi törədilərkən bir neçə iştirakçı varsa, cinayət əməlindəki hərəkətlərə görə onların hər biri məsuliyyətə cəlb edilməlidir. O qeyd etdi ki, əgər Anatoli Çubaysın səs yazısında Ruben Vardanyan malikanənin satışı yolu ilə çirkli pulların yuyulması ilə bağlı dəstək verəcəyini bildirirsə, bu cinayət deyil, lakin hərəkətə keçibsə, hər hansı addım atırsa, bu cinayət hesab olunur: “Vardanyan alış-verişdə, pul köçürmələrində iştirak edibsə, sözsüz ki, məsuliyyətə cəlb edilə bilər. Bunun üçün Rusiya qanunvericiliyinə uyğun cinayət işi qaldırılmalıdır. Çubaysa qarşı qaldırılmış cinayət işində Vardanyan da iştirakçı olubsa, Rusiya xüsusi xidmət orqanlarının müraciəti əsasında Azərbaycan tərəfi onu həbs edərək Rusiyaya təhvil verə bilər”.

Ç.Qənizadə xatırlatdı ki, Azərbaycan qanunlarını pozan, milli ədavəti qızışdırmaqla, separatçılara dəstək verməklə məşğul olan R.Vardanyan cinayətkdardır: “Azərbaycanın real imkanı olsa, Vardanyanı saxlayacaq. Rusiya qanunvericiliyi ilə Çubaysın çirkli pullarının yuyulmasında Vardanyanın iştirakı varsa, mütləq məsuliyyətə cəlb edilməlidir. Çubaysın Rusiyadan qaçdığını, Rusiyanın siyasi hakimiyyətinin bu oliqarxa qarşı ciddi aqressiyasını nəzərə alsaq, cinayət işinin hərtərəfli araşdırılması siyasi dairələrin maraqları çərçivəsindədir. Əgər Rusiya siyasi hakimiyyəti Ruben Vardanyanı qorumaq niyyətində deyilsə, hüquq-mühafizə orqanları onun əməlinə hüquqi qiymət verib cinayət məsuliyyətinə cəlb edə bilər”.

Paşinyan üçün bu il ölüm-qalım məsələsi olacaq" -Əziz Əlibəyli prezidentin  çıxışını ŞƏRH ETDİ - VİDEO

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əzizbəyli qəzetimizə açıqlamasında qeyd etdi ki, Çubaysın istefa verməsi Putin üçün alternativ yaratmaq üçün idi. Ekspertin fikrincə, kampaniyasına daxil olan şəxsin istefa verməsi bütövlükdə kampaniya ilə razılaşmadığı, Qərbdə də demokratiya görüntüsü yaratmaq niyyəti daşıyırdı: “Çubaysın İsrailə köçməsi təsadüfi deyil. Bu onun rus əsilli İsrail vətəndaşlarının əlaqəsinə görə baş tutdu. Hətta əminik ki, özünü Çubaysa yaxın hesab edən və anti-Putin kampaniyasına daxil olan şəxslər onunla əməkdaşlığa davam edirlər. Bu həm də Putinlə əməkdaşlıq edilir mənasını verir. Mövqe dəyişikliyi olacağını düşünmürəm”.

O ki qaldı Vardanyanın dəstəyinə, ekspert hesab edir ki, onun yardımı biznes maraqlarından irəli gəlir: “Putinlə yaxın əlaqələri olan şəxslər ABŞ qızıl bazarını Rusiya, Afrika tərəfdən, hətta Hindistandan olan müxtəlif qüvvələrin köməyi ilə ermənilərlə birgə qeyri-qanuni yollarla kurasiya edir. Vardanyanın cəzalandırılması Azərbaycana həvalə olunmalıdır”.

Siyasi şərhçi xəbərdarlıq etdi

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Ruben Vardanyanın kimliyi Rusiyanın siyasi hakimiyyətinə çoxdan bəllidir. "Camaşırxana", yaxud “Pulyuyan Ruben” kimi tanınan Vardanyanın aldığı nəfəs belə cinayət yolu ilə alınır və alınmaqdadır. Çubaysın səs yazısı isə Vardanyanın iştirak etdiyi cinayətlərin cüzi, iynə ucu böyüklükdə bir hissəsidir. Şübhə etmirəm ki, Rusiyanın təhlükəsizlik orqanlarında Vardanyanla bağlı olan səs yazılarının, video və fotogörüntülərin sayı kifayət qədərdir və Ruben asılı qaldığı “qarmağı” hərəkət etdirən mərkəzin istəklərinə uyğun olaraq, ona verilən təlimatları yerinə yetirir. Azərbaycan ərazilərinə gəlməsinin səbəblərindən biri də budur. Təbii ki, səbəblər sırasında Vardanyanın diaspor vasitəsilə “özünü yumaq”, sanksiyalardan yayınmaq niyyəti də olmamış deyil".

Vardanyanın Çubaysa yardım etdiyinə görə Putinin qəzəbinə gələ biləcəyi ehtimalına gəldikdə isə E.Mirzəbəyli bunu bir o qədər də inandırıcı hesab etmir: “Digər tərəfdən, Çubaysın Moskvanın Novo-Peredelkino rayonunda yerləşən villası, təxminən 2011-2012-ci illərdə inşa olunub. Həmin dövrdə Çubays "Rosnano" Səhmdər Cəmiyyəti İdarə Heyətinin sədri idi. Çubaysın 2020-2022-ci illərdə Rusiya Federasiyası Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi olduğunu nəzərə alsaq, o zaman “Vardanyanın Çubaysa yardım etdiyinə görə cəzalandırılacağı” versiyasına, ən yaxşı halda gülmək olar. Digər tərəfdən, Ruben Vardanyan Kreml üçün o qədər önəmli bir fiqur deyil ki, onun cəzalandırılması üçün səbəb axtarılsın. Əgər cəzalandırmaq istəsələr, heç bir səbəb elan etmədən də cəzalandıra bilərlər. Eyni zamanda Rubenin cəzalandırılması üçün faktların sayı o qədər çoxdur ki, Çubaysla bağlı məsələ bunun yanında heç bir əhəmiyyətə malik deyil.

Onlardan bir hissəsinə nəzər salaq: Vardanyanın 90-cı illərdə ələ keçirdiyi və 2012-ci ildə “Sberbank”a ötürdüyü “Troyka Dialoq” investisiya bankı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hesabatlarında, həmçinin “The Guardian”, “Suddeutsche Zeitung” və digər nəşrlərin araşdırmalarında çirkli pulların yuyulduğu “camaşırxana” adlandırılır. Bunun isə çoxsaylı səbəbləri var. Rubenin “camaşırxana”sı fəaliyyətdə olduğu zaman kəsiyində təkcə, London və Nyu-York şəhərlərində deyil, həmçinin Panama, Vircin adaları və digər offşor zonalarında törəmə müəssisələr açaraq çirkli pulların yuyulması ilə məşğul olub. Bu offşor şirkələri vasitəsilə Rusiyada hər kəsin yaxşı tanıdığı, Kremlin himayəsi altında olan Sergey Rolduqinin hesabına bir neçə il ərzində 4,5 milyard ABŞ dolları vəsait köçürüb, daha doğrusu, “yuyularaq” geri qaytarılıb.Vardanyanın offşor şirkətlərinin adı Litvada, Ukio Bankla bağlı aparılan istintaq materiallarında da özünü büruzə verib. Araşdırmalar zamanı bəlli olub ki, Ukio Bankda Vardanyanın “Troyka”sı ilə bağlı olan ən azı 30 şirkətə xidmət göstərilib və bu şirkətlərin adından yazışmaları isə “Troyka Dialoq” investisiya bankının əməkdaşları aparıblar. Bu yazışmaların nəticəsi olaraq, “Troyka” ilə bağlı olan şirkətlərin hesabından Ruben Vardanyanın və yaxınlarının bank kartlarına və hesablarına böyük məbləğlərdə vəsaitlər köçürülüb.

İstintaqın nəticəsində 2013-cü ildə Litvanın ən böyük 5 bankından biri olan Ukio Bankın lisenziyası geri alınıb, bankın sahibi Vladimir Romanov isə dələduzluqda və Rusiyadan göndərilən çirkli pulların yuyulmasında ittiham olunub. Romanov dostlarının vasitəsilə Litvadan qaçmağa və 2017-ci ildə Rusiyada “siyası sığınacaq” almağa nail olub. Ayrı-ayrı banklarla bağlı aparılan araşdırmalarda əldə olunan məlumatlara görə, “Troyka” təkcə Litvada bir-biri ilə bağlı olan 76 offşor firması yaradıb. Onların bir hissəsi, yuxarıda qeyd etdiyim kimi, təxminən 30 firma Ukio Bankda Ermənistandan mövsümi iş üçün gələn şəxslərin adına hesablar açıb. Jurnalistlər həmin şəxsləri tapıblar və onlarla söhbətdən aydın olub ki, “hesablarından” on milyonlarla dollar keçən bu şəxslər olduqca acınacaqlı vəziyyətdə yaşayırlar və ümumiyyətlə, heç nədən xəbərləri yoxdur. Yəni özünü az qala “ermənilərin xilaskarı”, “yardımsevər”, “messenat” kimi təqdim edən Vardanyan əslində postsovet ölkələrinə çörək pulu arxasınca gələn həmvətənlərini də aldadıb və onları öz dələduz əməllərinin girovuna çevirib.

Təxminən 20 il ərzində “Troyka”nın az qala bütün dünyaya yayılmış offşor şəbəkəsinə Rusiyanın müxtəlif strukturlarından və şirkətlərindən milyardlarla vəsait daxil olub və “yuyularaq” çıxarılıb. Bu struktur və şirkətlərin bir hissəsinin adı isə Rusiyada və digər ölkələrdə açılan cinayət işlərində keçir. Məsələn, məşhur “Maqnitski işi”nin istintaqı zamanı bəlli olub ki, adı cinayət materiallarında keçən şirkətlərin bir qismi “Troyka”nın offşor hesablarına 130 milyon dollar vəsait köçürüblər. Bununla yanaşı, “Şeremetovo” hava limanı ilə bağlı işin araşdırmaları zamanı da dövlətdən oğurlanan 27 milyon ABŞ dollarının Vardanyanın “camaşırxana”larına köçürüldüyü aşkarlanıb.Vəsaitlər müxtəlif xarici şirkələr vasitəsilə köçürülüb. Onlardan birinin, Avstriyada yerləşən Schulhof Investigation GMBH şirkətinin sahibi Erix Rebasso 2008-ci ildə, Vyanadakı polis bölməsində verdiyi izahatda Rusiyadan olan cinayətkar qrupla işbirliyində olduğunu etiraf edib. 2012-ci ildə Rebbasso ofisindən oğulanaraq qətlə yetirilib və onun qətlində Rusiyanın Kirov şəhərindən olan iki sabiq polis əməkdaşı günahkar bilinib.

2008-2009-cu illərdə Vardanyanın offşor hesablarına, sonradan adları Moskva baş polis idarəsində sığorta şirkələri ilə bağlı aparılan istintaqda adı keçən firmalar tərəfindən 17,5 milyon dollar vəsait köçürülüb. Sığorta şirkətləri “Troyka”ya bağlı olan offşor firmalarla saxta müqavilələr bağlayaraq, vergidən yayındırdıqları vəsaitləri Vardanyanın “camaşırxana”larında “yuyublar”.

Əlavə edək ki, az öncə nüfuzlu Qərb mediasında R.Vardanyanın Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsinə əngəl yaratdığı və maliyyə maxinasiyalarına görə həbs edilməli olması haqda məqalə dərc ounmuşdu...

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR