Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində Rusiyada, eləcə də, radikal-revanşist erməni siyasi dairələrində panik durum hökm sürürdü. Kreml Cənubi Qafqazdakı sülh prosesinin Rusiyanın nəzarətindən çıxmaq üzrə olduğunu anlayırdı. Və bunun ardınca yekun sülh sazişi imzalanacağı təqdirdə, Rusiyanın regiondan çıxarılmasının qarşısıalınmaz prosesə çevriləcəyinə də əmindir.
Erməni radikal-revanşist siyasi dairələr isə yekun sülh sazişinin onların "qələmini qıran" hökm sənədi olacağının fərqindədirlər. Çünki hadisələrin belə inkişafı onları onilliklər boyu faydalandıqları qazanc mənbəyindən məhrum buraxa bilər. Üstəlik, tezliklə onlar heç kimə, hətta erməni toplumuna belə, lazım olmayacaqlarından ciddi şəkildə narahatdırlar.
Ona görə də, Rusiya və Kremlə bağlı radikal-revanşist erməni siyasi dairələri yekun sülh sazişinin imzalanmasına əngəl törətmək üçün ortaq şəkildə bütün imkanları sınaqdan çıxartmağa çalışırlar. Halbuki, əvvəlki dövrlərdən fərqli olaraq, hazırda Kremlin də, erməni radikalların da əlində elə də çox sayda və önəmli imkanlar qalmayıb. Yalnız Azərbaycan və Ermənistan sərhədlərində, eləcə də rus sülhməramlıların müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə silahlı təxribatlar törədə bilərlər. Belə təxribatlar isə Azərbaycan ordusu tərəfindən qətiyyətli və sərt cavab zərbələri ilə qarşılanır.
Vaşinqton görüşünün davam etdiyi günlərdə erməni separatçı-terrorçular Kremlin sifarişi ilə bu variantı yenə də ön plana çıxartdılar. Ancaq Azərbaycan ordusunun sərt reaksiyasından sonra daha da çıxılmaz vəziyyətə düşdülər. Üstəlik, indi Azərbaycanın Xankəndi və ətraf bölgəsində Ermənistan ordusunun tör-töküntülərinin hələ də qaldığını faktlarla etiraf etmiş oldular. Və indi buna görə beynəlxalq hüquq normaları qarşısında mütləq cavab vermək lazım gələcək.
Vaşinqton görüşü isə pozulmadı. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu görüşdə sülh sazişinin maddələri üzərində yenə də proqres əldə etdilər. Düzdür, rəsmi İrəvan görüşün nəticələri barədə əvvəlcədə Ermənistan cəmiyyətini aldatmağa yönəlik yalan məlumat yaydı. Ardınca isə həmin məlumatı dərhal təkzib etmək məcburiyyətində qaldı. Baş nazir Nikol Paşinyan isə Kremlin və erməni separatçı-terrorçuların silahlı təxribatına baxmayaraq, sülh sazişinə alternativin olmadığını bəyan etməli oldu.
Əsas səbəblər isə artıq ortaya çıxmağa başlayıb. Ermənistan KİV-ləri iddia edirlər ki, ABŞ rəsmi İrəvana həm Rusiyanın sanksiyalardan yayındırılmasına, həm də "Qarabağ mövzusu"na görə ciddi təzyiqlər göstərir. Rəsmi İrəvan bu təzyiqlərə müqavimət göstərmək, tab gətirmək şansına sahib deyil. Və ümumiyyətlə, buna göstəriləcək ən xırda cəhd Ermənistan üçün çox baha başa gələ bilər.
Təbii ki, belə vəziyyət Kremli, Ermənistandakı radikal-revanşist siyasi dairələri və erməni separatçı-terrorçuları çıxılmaz vəziyyətə salıb. Bu vəziyyətdən yeganə çıxış yolu isə Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasının, idarəçilik qanunlarının tətbiqi ilə bağlıdır. Başqa çıxış yolu axtarmaq cəhdləri isə erməni separatçı-terrorçular üçün olduqca təhlükəlidir. Çünki belə cəhdlərin yeganə qarşılığı Azərbaycan ordusunun sürətli antiterror əməliyyatları olacaq.
Onu da qeyd edək ki, bu reallığı rəsmi İrəvan da artıq tədricən qəbul etməyə başlayıb. Belə ki, son vaxtlar Ermənistan rəsmilərinin artıq Qarabağdakı separatçı-terrorçuların zənglərinə cavab verməkdən yayındıqları barədə məlumatlar mövcuddur. Bu barədə “Hetq” qəzetinin baş redaktoru Edik Baqdasaryan “Facebook” səhifəsində yazıb.
Erməni baş redaktor Qarabağdakı separatçı-terrorlarından iki nəfərlə telefon əlaqəsi saxlayıb, danışdığını bildirib: “Onlar son dərəcə ümidsizlik içində idilər. Buna səbəb ərzaqlarının, dərmanların tükənməsi deyildi. Onlar Ermənistan rəsmilərinin artıq onların zənglərinə cavab vermədiyi üçün ümidsizliyə qapılıblar”.
Son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan, rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan da tez-tez yaxın ətrafı ilə toplantılar təşkil edib, müzakirələr aparır. Baş erməni terrorçu yaxın ətrafına bildirib ki, rəsmi Bakı yalnız reinteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır.
Maraqlıdır ki, Araik Arutyunyan digər erməni separatçı-terrorçuları danışıqların başqa mövzular və ya formatda aparılmasının mümkünsüz olduğu barədə də açıq şəkildə xəbərdar edib: "İki il cəhd etdim, amma rəsmi Bakı yalnız inteqrasiya proseslərini müzakirə edir. Bunu yalnız bizə deyil, BMT-də, beynəlxalq qurumlarda da deyirlər. Elə Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ "müdafiə ordusunun" (Xankəndidəki qanunsuz silahlı terror dəstələri) buraxılmasıdır. Sonra "dövlət idarəetmə sistemi" ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir".
Göründüyü kimi, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiyası prosesi artıq son mərhələyə keçmək üzrədir. İndi eyni nəticə ilə yekunlaşacaq iki variant mövcuddur. Onlardan birincisi erməni separatçı-terrorçuların rəsmi Bakının tələblərini könüllü şəkildə icra etməsi ilə bağlıdır. İkinci variant isə müqavimət göstəriləcəyi təqdirdə, Azərbaycan ordusu rəsmi Bakının tələblərinin icrasını məcburi şəkildə təmin etməli olacaq.
Onu da qeyd etmək lazımdır ki, Kremlin, rəsmi İrəvanın və erməni separatçı-terrorçuların üçtərəfli anlaşmalara ümid bəsləməsi də artıq tamamilə absurddur. Çünki üçtərəfli anlaşmaların tələbləri məhz Rusiya və Ermənistan tərəfindən kobud şəkildə pozulub. Yəni, 2020-ci ildən ötən müddət ərzində Kreml və rəsmi İrəvan tərəfindən Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması təmin edilməyib. Əksinə, rəsmi İrəvan və rus bölgəyə davamlı olaraq, silah-sursat daşımaqla, məşğul olub. Və Azərbaycana qarşı silahlı terror təxribatları törədilib.
Bütün bunlar birmənalı şəkildə üçtərəfli anlaşmaların hüquqi qüvvəsini artıq itirdiyini təsdiqləyir. Xankəndi və ətraf bölgədə olan Ermənistan ordusunun tör-töküntüləri, eləcə də, silahlı erməni separatçı-terrorçular Azərbaycanın təhlükəsizliyini təhdid edir. Ona görə də, rəsmi Bakı hər an heç kimə xəbərdarlıq belə, etmədən antiterror əməliyyatlarına başlamaq hüququna malikdir. Rusiya və Ermənistan tərəfindən üçtərəfli anlaşmaların qüvvədən salınması ilə Azərbaycanın qarşısında elə bir ciddi əngəl də qalmayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ