İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml nüvə savaşını sınaqdan çıxartdı: Rusiya tezliklə bir AES-ə, ardınca isə Şərqi Avropa ölkəsinə zərbə endirəcək

Dünya nüvə müharibəsinə çox yaxınlaşıb və yaxın vaxtlarda belə bir savaş baş verə bilər... Kreml sahibi Rusiyanın dağılma prosesinin artıq qarşısıalınmaz mərhələyə keçmək üzrə olduğunu nəzərə almaq məcburiyyətində qalıb...

Ukrayna savaşı yeni dünya düzənində "daşlar"ın yerini dəyişməyə başlayıb. İkinci dünya müharibəsindən sonra mövcud olan beynəlxalq qaydaların dövrü artıq sona çatmaq üzrədir. İndi yeni dünya nizamına uyğun olaraq, fərqli beynəlxalq qaydaların yaranmaqda olduğu müşahidə edilir. Və bu prosesin hələ bir müddət davam edəcəyi şübhə doğurmur.

Kreml Ukraynaya qarşı savaşa başlayarkən, Rusiyanın mövcud dünya düzənindəki superdövlət iddialarını qorumaq məqsədi güdürdü. Rus siyasi dairələri anlayırdılar ki, müasir dünyada Kremlin Çar Rusiyasına aid imperialist ideoloji hədəfləri real təhlükə hesab olunur. Ona görə də, Rusiyanın beynəlxalq məkanda supergüc statusundan xilas olmaq olduqca vacib idi. Və Ukrayna savaşı da məhz "Rusiyasız dünya" planını reallaşdırmaq üçün düşünülərək, icad olunmuşdu.

Hazırda yaranmış vəziyyətə istinadən bu ssenarinin baş tutmaq üzrə olduğunu da düşünmək olar. Halbuki, yeni dünya düzənində Rusiya faktoru üzərindən qalın xətt çəkmək üçün hələ uzun müddət Kremlin "savaş bataqlığı"nda saxlanması lazım gələcək. Kremldə də ABŞ və Qərbin əslində, bu strateji hədəfə indeksləndiyini anlayırlar. Və Rusiyanın nə vaxtsa parçalanaraq, geopolitik xəritədən silinmə ehtimalına artıq əvvəlkindən daha ciddi yanaşırlar.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB) 

Ancaq Kreml son vaxtlar Ukraynaya qarşı hərbi müdaxiləsini nisbətən fərqli "tezislər" ilə maskalamağa çalışır. Rusiya siyasi dairələri iddia edirlər ki, Ukrayna savaşı məhz dünyanın çoxqütlü olması vacibdir. Kreml vurğulayır ki, əgər, Rusiya Ukrayna savaşında məğlub olarsa, dünya mütləq təkqütblü olacaq və ABŞ-ın şəriksiz hegemoniyası altına düşəcək. Və bəşəriyyət okeanın o tayındakıların istismarı altında qalacaq.

Əslində, Kremlin bu iddialarını ABŞ və Qərbin daha uzaqgedən strateji hədəfləri əlaqələndirmək mümkündür. Çünki ABŞ həqiqətən də dünya hegemonluğunu qarşıya əsas hədəf kimi qoymuş superdövlətdir. Ancaq Rusiyanın da anoloji strateji hədəflərinin olmadığı qətiyyən şübhə doğurmur. Kremlin onilliklər boyu yürütdüyü xarici siyasət, ABŞ-la dünya hegemoniyası uğrunda apardığı amansız rəqabət bunu təsdiqləyir. Və indi Kremlin bu mövzunu ABŞ-ın əleyhinə istifadə etmək cəhdləri sadəcə, dünya dövlətləri arasında Ağ Evdən narazı olanlarını öz tərəfinə çəkmək istəyindən qaynaqlanır.

Məsələ ondadır ki, Kremldə Rusiyaya ciddi xarici dəstək verilməyəcəyi təqdirdə, Rusiyanın Ukrayna savaşında ağır məğlubiyyətə uğrayacağını artıq anlayırlar. Onu da bilirlər ki, Ukrayna savaşı Rusiyanın yeni dünya düzənindəki yerini deyil, ümumiyyətlə, gələcək mövcudluq şansını müəyyən edəcək. Yəni, Kremlin divarları arasında savaş məğlubiyyətinin Rusiyanı geopolitik xəritədən silə biləcəyi ilə bağlı ehtimallar ciddi şəkildə müzakirə olunur.

Bütün bunlara baxmayaraq, Rusiyanın gələcək taleyinin xilas edilməsində həlledici rol oynaya biləcək yeganə dövlətin - Çinin dəstəyinə nail olmaq cəhdlərinin iflasa uğraması Kremli ümidsizliyə sürükləyir. Çünki rəsmi Pekin Kremlin düşdüyü "savaş bataqlığı"nda boğulmağı deyil, məhz gələcəkdə Rusiyanın bölüşdürülməsi prosesində iştirak etmək variantını seçmiş kimi görünür. Və Rusiyanın şimal-şərq ərazilərinə göz dikən Çinin davranışları Kremli indi daha çox narahat edir.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB) 

Beləliklə, Kreml ABŞ və Qərbin indiki Rusiyanı xəritə silmək planları qarşısında təkbaşına qalıb. ABŞ və NATO isə Ukrayna ordusu gücləndirmək prosesini inkişaf etdirir. Hər halda, bu prosesin Ukrayna ordusuna ən müasir silahların verilməsi ilə məhdudlaşmadığı inkaredilməz reallıqdır. Çünki Ukrayna ordusuna hərbi təlimlər də keçilir.

Son məlumatlara görə, Qərb dövlətləri Ukrayna ordusunun əks-hücum əməliyyatından əvvəl planlı şəkildə 60 min ukraynalı hərbçiyə təlim keçib. Üstəlik, yalnız ABŞ-da hazırda Ukrayna quru qoşunlarının 3 batalyonu, "Teroboron"un 2 batalyonu və bir də tank batalyonu təlimləri davam etdirir. Ümumilikdə isə ukraynalı hərbçilərə 33 Qərb ölkəsində təlimlər keçirilib. Və bu, Rusiya üçün olduqca real təhlükənin olduğunu təsdiqləyir.

Məsələ ondadır ki, Ukraynadan fərqli olaraq, Rusiya ordusu döyüş təlimlərindən çox-çox uzaqdır. Kreml hazırda Rusiya ordusunu nəinki hərbi texnika, hətta geyimlərlə təmin etməkdə belə, çətinlik çəkir. Hər halda, Rusiya sosial media seqmentində məktəb çantalarının belə, rus əsgərlərin ehtiyacları üçün yığıldığı barədə iddialar vəziyyətin çıxılmaz mərhələyə yaxınlaşdığını göstərir.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlamaları da Kremlin panik durumda olduğunu sezdirir. Belə ki, Kreml sahibi əvvəlcə Rusiyanın nüvə silahından istifadə etmək barədə düşünmədiyini bildirib. Ardınca isə nüvə silahından yalnız Rusiyanın mövcudluğuna real təhlükəyə əminlik yaranacağı təqdirdə, istifadə olunacağını da əlavə edib. Və bu, o deməkdir ki, əslində, Kremldə yaxın vaxtlarda "nüvə düyməsi"nə basmaq məcburiyyətinin yaranacağını düşünürlər.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB) 

Hər halda, Kreml sahibinin nüvə silahını xatırlatması, Rusiyanın NATO ölkələrindən daha çox sayda bu dağıdıcı silah növünə malik olduğunu vurğulaması və ondan hansı halda, istifadə olunacağını rəsmən elan etməsi qətiyyən təsadüfi deyil. Əksinə bu, ABŞ və NATO-ya birbaşa təhdid anlamı daşıyır. Kreml sahibi Rusiyanın dağılma prosesinin qarşısıalınmaz mərhələyə keçə biləcəyini artıq nəzərə almaq məcburiyyətində qalıb. Ona görə də, nüvə silahından istifadə etmək niyyətininə dolayısı yolla eyham vurur.

Digər tərəfdən, Kreml nüvə savaşına hazırlıq prosesinə də başlamış kimi görünür. Belə ki, Rusiya öz nüvə potensialının bir hissəsini Belarus ərazinə yerləşdirmək planını artıq reallaşdırmağa başlayıb. Belarus ərazisindən Avropa ölkələrinə nüvə zərbəsi endirmək indiki situasiyada Rusiyanın dərinliklərindən daha asan başa gələ bilər. Və bu baxımdan, Avropa məkanın real nüvə zərbəsi hədəfinə çevrildiyi qətiyyən şübhə doğurmur.

Nəhayət, Kreml gələcək nüvə savaşının taktiki sınaqlarını da artıq reallaşdırmış kimi görünür. Belə ki, Ukraynada SES-nın vurulması bu baxımdan, ilk ciddi addım idi və Qərbə açıq xəbərdarlıq mesajı xarakteri daşıyırdı. Kreml böyük ehtimalla bundan sonra Ukraynada AES-lərdən birini vurmağa üstünlük verəcək. Əgər, bu da Rusiyanın istədiyi hərbi-siyasi nəticələri verməzsə, əvvəlcə Şərqi Avropa, daha sonra Mərkəzi Avropa ölkələrinə nüvə zərbəsi endirilə bilər. Bu isə o deməkdir ki, dünya nüvə müharibəsinə çox yaxınlaşıb və belə bir savaş tezliklə baş verə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR