İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml çaşqınlıq içində: Trampdan sərt tənqid gəldi

"Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Donald Trampı hövsələdən çıxarıb və o, Putini sərt sözlərlə tənqid edib. Hazırda Putin Trampın sərt sözlərinə necə cavab verəcəyi üzərində düşünür".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin komanda üzvlərinə tapşırmışdı ki, ABŞ lideri Donald Trampın ünvanına tənqidi fikirlər səsləndirilməsin:

"Halbuki, Rusiya rəsmilərinin Cozef Bayden və onun administrasiya üzvlərinin ünvanlarına demədikləri qalmamışdı. Tramp prezident seçildikdən, Ağ Evin yeni sahibi Putinin və Rusiyanın ünvanına xoş sözlər söylədikdən sonra Kreml sahibi və onun komanda üzvləri də ABŞ-ın ünvanına xoş sözlər deməyə başladılar. Ancaq Putinin Ukraynaya qarşı müharibəni dayandırmaq istəməməsi və Kiyevin bombalanması Trampı hövsələdən çıxarıb və o, Putini sərt sözlərlə tənqid edib.

Məsələ burasındadır ki, Putin Trampı tərifdən sərt tənqidə keçmək istəmir və ona görə də həmişəki kimi dostu, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi qabağa verib.

ELXAN.jpg (68 KB)

Medvedyev Trampın tənqidlərinə onun adını çəkmədən "üçüncü dünya müharibəsi mümkünlüyü" hədəsi ilə cavab verib. Bu hədəyə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq cavab verib. O, Dmitri Medvedevin üçüncü dünya müharibəsi təhlükəsinə dair səsləndirdiyi fikirləri yumşaq şəkildə "uğursuz" və "məsuliyyətsiz" adlandırıb.

"Bu, dünya səviyyəli bir dövlətə yaraşmaz" deyən Ağ Ev rəsmisi Donald Trampın müharibəni dayandırmaq və insan qırğınlarına son qoymaq üçün çalışdığını xatırladıb. Yəni Ağ Ev rəsmisi demək istəyib ki, Tramp Rusiya üçün şansdır və Kreml bu şansı dəyərləndirmək əvəzinə işğalçı müharibəni davam etdirməklə iki böyük ölkə arasında münasibətləri yenidən gərginləşdirəcək.

Vladimir Putin həm işğalçı müharibəni davam etdirmək, həm də Trampla dostluq etmək istəyir. İkisi bir arada mümkün deyil, Putin bunlardan birini seçməlidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

BÜTÜN XƏBƏRLƏR