İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsiyanın olmadığı, xoşbəxt hiss etdirəcək UNİKAL ŞƏHƏR - Bu şəxslər orada yaşayacaq!

Müsavat Partiyasının bərpaçı başqanı, Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər sosial mediada maraqlı təkliflə çıxış edib. Onun bu təklifindən ilham alan bir qrup ictimai fəal - "Milli İnkişaf" İctimai Birliyinin üzvləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, Araz çayı boyunca Füzuli Beynəlxalq Hava Limanı ətrafında çoxmilyonluq (Bir milyon əhalisi olacaq şəhər) şəhər salınmasına razılıq və tikilməsinə sərəncam verməyiniz xahiş olunur.

Sitat: "İstərdik ki, şəhərin adı Ulu Öndərin şərəfinə "Heydərabad" qoyulsun. Dahi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq. "Heydərabad" şəhəri Ümummilli Liderin yubileyinə layiqli töhfə olar. Belə bir addım xalqımızın sevincini ikiqat artıracaq". 

14898c60-b70c-4bd5-a966-00e277b2e333.jpg (180 KB)

Belə bir təşəbbüslə çıxış etməsini zəruri edən səbəblər və bu müraciətə hansısa reaksiyanın verilib-verilməməsi barədə məlumat almaq üçün Dünya Azərbaycanlıları Məclisinin sədri, əslən Füzuli rayonundan olan Rövşən Qəmbərə müraciət etdik.

rovsen-qember.jpg (22 KB)

Rövşən Qəmbər Musavat.com-a bildirdi ki, bütün qaçqınların Qarabağa qaytarılması zamanı gəlib çatıb:

"Şəhid ailələrinə, qazilərə, hərbçilərə minnətdarlığımızı bildiririk. Qarabağı bizə qaytaranlara orada böyük bir şəhər tikmək lazımdır. "Heydərabad" şəhərinin salınması ideyası Füzuli Beynəlxalq Hava Limanının 7 ay ərzində tikilib istifadəyə verilməsi zamanı yarandı.

e59c1e62-fde4-3202-b835-d1e82730d7f8.jpg (104 KB)

Dostlarla danışdım ki, hava limanının yanında 50-100 minlik Füzuli şəhərini bərpa etmək kifayət etməz. Ərazilərin minalardan təmizlənməsi prosesinin 5-10 il davam edəcəyi proqnozlaşdırılır. Mən də söylədim ki, Ağdamın da, Füzulinin də yarısı azaddır. Yəni orada minalar yoxdur. Həmin o hissələrdə - Füzuli Beynəlxalq Hava Limanı ilə Araz çayı arasında, Beyləqan və Ağcabədi rayonlarının həddində kifayət qədər potensial var ki, orada 1-2 milyon əhalidən ibarət şəhər yaransın. İdeya meqapolis kimi meydana çıxıb. Şəhərin adı ilə bağlı dostlar müxtəlif isimlər səsləndirdilər. Mənim təklifim isə o oldu ki, Heydər Əliyevin 100 illiyi yaxınlaşır. Bu şəhər onun adını daşıya bilər. Əgər Heydər Əliyev və İlham Əliyev siyasətinin nəticəsini Şuşanın geri alınması, ermənilərin yalvarışları ilə ölçsək, bu, çox böyük bir uğurdur. Almaniyanı, Yaponiyanı, İsrail kimi texnologiyası yüksək inkişaf etmiş ölkələri cəlb etməklə Azərbaycanda böyük bir meqapolis yaratmaq mümkündür. Bu da Azərbaycanın inkişafına hədsiz dərəcədə kömək edə bilər. Çünki böyük şəhərlər inkişafa səbəb olur.

98824a67-61fa-46b0-aa75-e25a3e868ef8.jpg (58 KB)

Dostlarla danışdıqca ideyanın tərəfdarları artdı. Yeni Azərbaycan Partiyasından da bu ideyaya böyük maraq göstərilməsi mənə xoş təsir etdi. Bu proses artıq həndəsi silsilə ilə inkişaf edir. Arzu edərdim ki, 1 milyonluq şəhərin heç olmasa yarısı, dörddə biri, yaxud xüsusi bir kompleks Heydər Əliyevin yubileyinə qədər hazır olsun. Prezidentə ünvanladığımız məktubda qeyd etmişik ki, Füzuli hava limanına yaxınlaşanda yuxarıdan görünən, diametri təxminən 3 km olan bir mikrorayon, onun içərisində isə hündürlüyü təxminən 100 metr olan 35 mərtəbəli "Qarabağ Azərbaycandır" (20 hərfdən ibarətdir və 3 nida işarəsi) hərfləri düzülmüş 23 bina tikilsin. Səmadan baxanda "Qarabağ Azərbaycandır" oxuna bilsin. Bunun ingiliscə variantı dairənin ikinci hissəsində yazılsın. Biz ən gözəl düşüncələrimizi toplayıb bu şəhərin tikilməsinə təsir etmək arzusundayıq.

Bu ideyanın yaranmasının səbəbi İlham Əliyev, Mehriban xanım Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi idi. Bu, Azərbaycan xalqının qüdrətini göstərən bir hadisə idi.

cef9f7b7-b570-39ec-a161-428670155d97.jpg (80 KB)

Hava Limanının yanında möhtəşəm - ən azından bir milyonluq şəhər olmalıdır. Amma əvvəlcə Türkiyə və Pakistanın dəstəyi ilə hərbi bazalar qurularaq meqapolisin təhlükəsizliyi təmin olunmalıdır. Heydərabadda mütləq Qoşulmama Hərəkatının təcrübəsindən istifadə edərək Dünya Parlamenti yaradılmalıdır ki, Rusiya-Ukrayna müharibəsi kimi qlobal faciələrin qarşısı alınsın.

Böyük şəhərin yaranması nəinki Qarabağ kökənli insanların ora qayıtmasına kömək edir, hətta Qarabağdan kənarda yaşayanlar da orada yaşamaq istəyir. "Heydərabad"da korrupsiya qətiyyən olmamalıdır, xalq tərəfindən bələdiyyələr seçilməlidir, şəhərin meri seçilməlidir. O, 2 dəfədən artıq seçilə bilməz və 4 illik seçilsə, daha yaxşıdır. "Heydərabad" şəhəri hər cəhətdən nümunə olmalıdır, hər kəsin can atacağı, özünü orada xoşbəxt hesab edəcəyi şəhər olmalıdır.

Dəmir yolu meqapolis üçün çox vacib faktordur. Füzuli rayonunun ərazisindən ən azı 30 km dəmir yolu Araz çayının sahili ilə gedir. Orada da dayanacaqlar çoxdur. Füzuli rayonunun coğrafiyası meqapolis üçün uyğundur. "Heydərabad" şəhəri bütün Araz boyunca - Qubadlı və Zəngilana qədər inkişaf edə bilər. Ora magistral yol da çəkilib.

6929d744-775c-39ef-8b22-f986d1bd0471_850.jpg (159 KB)

Xüsusilə gənclər böyük şəhərə həvəslə qayıdacaqlar. Orada universitetlər, idman kompleksləri olacaq. Mən Tofiq Bəhramov adına Respublika Stadionunun, eləcə də Bakı Olimpiya Stadionunun surətini "Heydərabad"da görmək istərdim. 

Kim ideyamı eşidirsə, dəstək göstərir. Azərbaycanı sevənlərin hamısı "Heydərabad"ı arzulayır. Hazırda ən böyük dəstəyi Yeni Azərbaycan Partiyasından alırıq. Müxalifətdən isə dəstək azdır. Bu günlərdə Prezidentə fərdi şəkildə də məktub yazmaq istəyirəm".

İqtisad elmləri üzrə fəlsəfə doktoru, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı isə qeyd etdi ki, "Heydərabad" şəhərinin salınması ideyasının Prezidentə çatdırılması "Milli İnkişaf" İctimai Birliyinin təşəbbüsüdür:

68bf62a8-0149-4a7f-a8ff-231906b1a49f.jpg (63 KB)

"Mən 2 dəfə azad olunan ərazilərdə olmuşam. Qarabağda böyük quruculuq işləri gedir. Ancaq orada dünyaya səs salacaq bir şəhərin salınması bizim tarixi qələbəmizi bir az da möhkəmləndirər. Biz "Heydərabad"da 10 milyon əhalinin yaşamasını nəzərdə tutan layihəni təklif etmişik. Lakin bu proses ilkin mərhələdə 200-300 min nəfərin məskunlaşması ilə başlaya bilər. Füzulidə "Heydərabad"ın salınması üçün kifayət qədər münbit torpaqlar var. Şəhər salınsa, ermənilərin, onların havadarlarının səsi birdəfəlik kəsiləcək. Tam məskunlaşmadan sonra şəhərin trilyon dollarlıq qiyməti olacaq. Doğrudur, başlanğıcda 40-50 milyard dollar investisiya yatırmaq lazımdır ki, 200-300 min nəfər ora köçsün. Bununla Azərbaycan bütün dünyaya səs salacaq ki, bu tarixi ərazilər bizimdir. İkinci məsələ isə bunun siyasi əhəmiyyətidir. Azərbaycanda 1 milyona yaxın qaçqınlar, şəhid ailələri, qazilər, həmin torpaqlarda xidmət edən hərbçilərimiz var. Onları orada daha tez məskunlaşdırmaq olar. Düşünürəm ki, kəndlərin əvəzinə iri şəhərin tikintisinə önəm verilməlidir.

Bakı şəhəri 3-4 milyon əhalini daşımaq gücündə deyil. Çünki Bakı milyonların şəhəri olmaq üçün qurulmayıb. Azərbaycanın da ikinci böyük şəhərinin olması vacibdir. İnsanlar böyük şəhərlərə üstünlük verirlər. Şəhərin "Heydərabad" adlandırılması ilə Azərbaycan öz böyük oğluna verdiyi dəyəri göstərmiş olar. Şəhərsalmada relyef əsas məsələlərdən biridir. Füzulidə daha az vəsait xərcləməklə daha gözəl şəhər salmaq olar. Orada düzən sahələr çoxdur. Ora həm də Qarabağın mərkəzi olacaq. "Heydərabad"dan ətraf rayonlarla səmərəli əlaqə yaratmaq olar. Turizm və müasir şəhərsalma üçün də çox maraqlı bir yerdir. "Heydərabad"la bağlı təklif cəmiyyətdə rezonans doğurub. Layihəyə cənab Prezident tərəfindən müsbət rəy aldıqdan sonra həm yerli, həm də xarici mütəxəssislər onun üzərində işləməlidir. Bu isə uzun müddət alacaq. Həmin şəhər azad iqtisadi zona olmalıdır, xarici investisiyaya açıq olmalıdır. Bu yolla nəinki şəhər günü-gündən inkişaf edəcək, eyni zamanda Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək. Şəhər müasir standartlara cavab versə, iş adamları ora üz tutacaq".

Millət vəkillərinin də Rövşən Qəmbərin "Heydərabad"la bağlı təklifinə yanaşmalarını öyrəndik.

Füzuli rayon deputatı Vüqar Bayramov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi:

1634551736279225118_1200x630.jpg (244 KB)

"Qarabağı, Füzulini, Şuşanı azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin idarəçiliyinin yetirmələridir. 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı füzulililərin taleyində həlledici rol oynadı, o zaman rayon tamamilə işğal olunmaq təhlükəsi altında idi. Lakin dahi rəhbərin qətiyyəti və inamı ilə Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işağal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli olan Horadiz qəsəbəsi işğaldan azad edildi. Müharibənin o ağır günlərində füzulililər Ulu Öndərin diqqət və qayğısını daim hiss edir və görürdülər. Bu baxımdan Azərbaycan Prezidenti tərəfindən qəbul edilən istənilən qərar Füzuli sakinləri tərəfindən hər zaman birmənalı şəkildə dəstəklənir və gələcəkdə də dəstəklənəcək".

Millət vəkili Məlahət İbrahimqızı isə hesab edir ki, "Heydərabad"la bağlı təklif çox nəcib bir niyyətdir:

3.jpg (449 KB)

"Azərbaycan xalqı Heydər Əliyevin misilsiz xidmətlərini heç vaxt unutmayacaq. Nəinki bu gün, gələcək nəsillər də Azərbaycan xalqının taleyində, eləcə də Azərbaycanın dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin xidmətlərini hər zaman minnətdarlıqla yad edəcək və ona ehtiram bildirəcək. Ulu Öndərin adını çəkəndə Azərbaycan yada düşür. Azərbaycan sözünü işlədəndə isə Heydər Əliyev xatırlanır. Çünki Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Heydər Əliyev Azərbaycan xalqını fəlakətdən xilas edib. Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas edib. Ölkəmizi dünya xəritəsindən silinmə təhlükəsindən qoruyub. Ulu öndərin həyata keçirdiyi daxili və xarici siyasət, onun Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətin nəticəsi 44 günlük müharibədə qazandığımız möhtəşəm zəfər oldu. Ulu Öndərin siyasi varisi müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu mənada Heydər Əliyevin adı nə qədər əbədiləşdirilsə, o qədər də azdır.

Biz Şuşada möhtərəm Prezidentimizin iştirakı ilə keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin necə həyəcanla, ürək çırpıntıları ilə Qarabağın işğaldan azad olunacağını, uzaqgörənliklə səsləndirdiyi fikirləri videoçarxlarla izlədik. Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib. İstər ilk hakimiyyəti, istərsə də ikinci hakimiyyəti dövründə. O siyasət Azərbaycanı tərəqqiyə, Azərbaycan xalqının ən böyük zirvələri fəth etməsinə gətirib çıxardı. Ona görə də Azərbaycanın ən dilbər guşəsi olan Qarabağda "Heydərabad" şəhərinin salınması çox nəcib təklifdir. Mən bu təklifi dəstəkləyirəm, alqışlayıram. Amma təklifin reallaşdırılması üçün müvafiq qurumlar var".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR