İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusla bağlı HƏYƏCAN TƏBİLİ! Qapanma olacaqmı?

Son günlər COVID-19-un yeni ştamı ilə bağlı dünyada həyəcan təbili çalınır.

Dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxanların sayı artıb. Belə ki, son məlumatlara görə, qardaş ölkədə 9 nəfərdə omikronun mutasiyaya uğramış “EG.5.1.” “Eris” virusu aşkarlanıb.

Bundan əlavə, İtaliyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 44 % artıb. Sentyabrın 7-dən 13-dək ölkədə 31 minə yaxın yoluxma halı qeydə alınıb. Rusiyada isə COVID-19-a yoluxma halları əvvəlki həftə ilə müqayisədə təxminən 50% artıb. Sentyabrın 4-dən 9-dək 1636 nəfər COVID-19 infeksiyası ilə xəstəxanalara yerləşdirilib, 7688 yoluxma aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda da oxşar tendensiya davam edir. Belə ki, ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son 1 həftə ərzində (4-10 sentyabr) 126 yeni yoluxma faktı qeydə alınıb. İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması karantin tədbirlərini qaçılmaz edir.

Xatırladaq ki, ötən həftə Cenevrədə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus yeni “EG.5 D-19” ştamı ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, qış mövsümü ərəfəsində şimal yarımkürəsində həyəcanverici tendensiyalar müşahidə olunur, Yaxın Şərq və Asiyada ölüm hallarının sayı artır. ÜST rəhbəri bildirib ki, Avropada koronavirusun bu variantı ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı artıb. Qebreyesusun sözlərinə görə, ən böyük narahatlıqlardan biri COVID-19 peyvəndinin son dozasını almamış risk altında olan insanlarda immunizasiya səviyyəsinin aşağı olmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR