İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirus 19 can aldı - nəyə hazırlaşaq...

Hazırda ölkəmizdə COVİD-19 xəstəliyinin yeni ştamına yoluxma yoxdur, amma...

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına son 1 həftədə (18-24 sentyabr) 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, 10 321 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir. Bir həftə üçün bu qədər ölüm faktı nəyi göstərir? Birdən-birə bu qədər artım yeni ştamların ölkəmizdə qeydə alınmadığı halda niyə olsun?  Maska rejimi qayıdacaqmı?

Yeri gəlmişkən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Qərarda bildirilir ki, “koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə” Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılır. Bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.

Onu da qeyd edək ki, mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 pandemiyasının sona çatdığını elan etmişdi.

TƏBİB-ə təyinat alan Zamirə Adilova: “Bütün təklif və iradlara açığam”

Zamirə Adilova

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiyalar departamentinin rəhbəri Zamirə Adilova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, payız-qış mövsümü ilə əlaqədar mövsümi olaraq COVİD-19 virusuna yoluxmaların sayının artması gözləniləndir: “Qeyd edək ki, hazırda Azərbaycanda COVİD-in yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Əlavə olaraq qeyd etmək lazımdır ki, virus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşmaqdadır. Bu səbəbdən də variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır. Artıq bir neçə aydır ki, COVİD-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də "Eris" kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. Xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub. Bu hal ilk dəfə deyil, daha öncə də COVİD-19-un digər ştamlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştamdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştamlarların yoluxuculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur".

TƏBİB rəsmisi onu da əlavə edib ki, yoluxma riskindən qorunmaq üçün hospitalizasiya riski yüksək olan şəxslər hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər: “Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir. Kütləvi məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, xəstələrlə təmasdan çəkinmək tövsiyə olunan tədbirlərdəndir. Bir daha qeyd etməliyik ki, hazırda ölkəmizdə COVİD-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinməyib. İnsanların böyük əksəriyyəti COVİD-19 xəstəliyini artıq keçirib və sağalıb. Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir”.

Yada salaq ki, 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyona yaxın insanın  vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 300-dən çox şəxsin vəfat etdiyi bildirilir. Amma son aylar bu virusa yoluxmanın kəskin şəkildə azaldığı bildirilir.

Bununla belə, sentyabrın əvvəllində Ümumdünya Səhiyyə Təşkilatının  eksperti Mariya van Kerxove bildirib ki, bir sıra ölkələrdə, o cümlədən Avropada virusa yoluxanların xəstəxanaya yerləşdirilməsi halları artır. ÜST-nin eksperti bildirib: “Virus sakitləşməyib, onun Şimal və Cənub yarımkürələrinin mülayim bölgələrində yayılmasında mövsümilik yoxdur, ona görə də proqnozlaşdırıla bilməz. Biz adətən Şimal və Cənub yarımkürələrində müəyyən dövrlərdə qrip formasında artım müşahidə edirik. COVİD-lə bağlı isə bu, belə deyil. COVİD istənilən vəziyyətdə münbit şəraitdən istifadə edir. Hazırda Şimal yarımkürəsindəki bir sıra ölkələrdə təkcə xəstəliyə yoluxma hallarında deyil, həm də xəstəxanaya yerləşdirilənlərin sayında artım var. Axı Şimal yarımkürəsində yaydır. Adətən tənəffüs yolları patogenləri ilə bağlı belə olmur”.

Mariya van Kerxove yekunda deyib: “Bir sıra ölkələrdə, ilk növbədə, Avropada xəstəxanaya yerləşdirilənlərin sayında narahatlıq doğuran artım tendensiyası görürük”.

ÜST-nin informasiya bülleteninə əsasən, iyulun 24-dən avqustun 20-dək dünyada 1,47 milyondan çox insan koronavirusa yoluxub və 2 mindən çox pasiyent dünyasını dəyişib. Yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 63 faiz artıb. Yunanıstan, İrlandiya, Malta və Hollandiya da daxil olmaqla, on altı Avropa ölkəsi koronavirusla bağlı xəstəxanaya yerləşdirmələrin artdığını bildirib. Bütövlükdə, Avropa regionunda 28 gün ərzində xəstələnmə halları 12 faiz artıb. Bu artım Şərqi Aralıq dənizi (plüş 112 faiz) və Qərbi Sakit okean regionunda (plüş 88 faiz) da qeydə alınıb. Şərqi Aralıq dənizində ölüm hallarının 70 faiz artması qeydə alınıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR