İnsanlara hürriyət, millətlərə istiqlal!

Konstitusiya məsələsində Ermənistanın qərarsızlığı –  beş ildir "söz güləşdirən" İrəvan 

Bir neçə aydan sonra işğalçı Ermənistanın kapitulyasiyasının beş ili tamam olacaq. Lakin bu müddət ərzində sülh sazişinin bağlanması üçün İrəvandan tələb olunan iki məsələdən heç birinə dair yekun qərar qəbul edilməyib. Azərbaycan Ermənistandan konstitusiyada, onun əsaslandığı "Müstəqillik haqqında konstitusiya aktı"nda dəyişiklik etməsini və 300 minə yaxın qərbi azərbaycanlının zorla məhrum edildiyi vətəndaş hüququnun bərpasını tələb edir.

Ermənistan konstitusiya dəyişikliyi ilə bağlı hər dəfə müxtəlif bəhanələr uydurur, səbəblərini də açıqlamır. Ölkənin ədliyyə naziri Srbui Qalyanın bu günlərdə məsələyə dair verdiyi açıqlama rəsmi İrəvanın əsas qanunun dəyişikliyinə hələ də hazır olmadığını, vaxtı uzatmaq üçün vədlər verildiyini təsdiqləyir.

Nazirin sözlərinə görə, iki həftə ərzində Konstitusiya islahatları üzrə Şuranın iclasının çağırılması, daha sonra isə ictimai müzakirələrin keçirilməsi qərara alınıb. O deyib ki, yeni əsas sənədin mətni hələ hazır deyil.

"Hələlik Şura prinsipial əsasları müzakirə edəcək. Bir çox istiqamətlər üzrə müəyyənlik var, başqa məsələlərlə bağlı razılıq hələ yoxdur", - o vurğulayıb.

S.Qalyan konstitusiya islahatları ilə bağlı jurnalistlərə ətraflı məlumat verməkdən yayınaraq deyib: “Müzakirələrin nəticəsində çox şey dəyişə bilər”.

DEYİS.jpg (170 KB)

Onun sözlərinə görə, konstitusiyanın yeni mətni 10 ay ərzində hazır ola bilər, ancaq müddətlər müzakirələrin gedişindən asılıdır. Qalyan qeyd edib ki, layihənin müzakirəsi açıq ola bilər:

“Mətn hazırlanma mərhələsindədir. Əsas konseptual müddəalar üzrə müzakirələr aparılacaq və yalnız bundan sonra sənəd ictimaiyyətə təqdim ediləcək”.

O, həmçinin əlavə edib ki, müzakirələrin nəticəsində layihədə əhəmiyyətli dəyişikliklər ola bilər. Müstəqillik Bəyannaməsinə mümkün düzəlişlər məsələsi də müzakirə olunacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan bu il mart ayının sonunda bildirmişdi ki, hakimiyyət 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyi planlaşdırır. Əvvəllər isə o iddia edirdi ki, konstitusiyanın dəyişdirilməsi sırf daxili siyasət məsələsidir. Bununla belə, Baş nazir onu da vurğulayırdı ki, Ermənistan konstitusiyasında dəyişiklik regional və beynəlxalq təsirə malik olmaya bilməz.

BİLMEZ.jpg (137 KB)

O, bu ilin aprelində parlamentdə bildirib ki, yeni əsas qanunda “Müstəqillik aktına” istinad olmamalıdır.

Hər iki informasiyadan göründüyü kimi, İrəvan yeni konstitusiya barəsində yekun razılaşmaya hələ gəlməyib. Məsələ üzrə şura, redaksiya formalaşmayıb, hökumətin nəzərdə tutulan layihə mətni yoxdur, ediləcək dəyişikliklər cəmiyyətə açıqlanmır. Habelə, “Müstəqillik haqqında akt”ın gələcəyi də hələ müəyyən deyil.

Konstitusiya ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi ilə bağlı qərar, qanun olmadığından bu məsələyə də hakimiyyət hazır görünmür.

Açıqlanan fikirlər üzrə rəsmi heç bir sənəd qəbul olunmayıb. Nikol Paşinyan başda olmaqla hökumət təmsilçiləri əsas qanunla bağlı yalnız açıqlamalar verməklə kifayətlənirlər.

Baş nazir ötən il konstitusiya günü ilə bağlı açıqlamasında bildirmişdi: “Ölkəmizə yeni konstitusiya lazımdır”.

Ona görə də İrəvanın əsas qanuna dəyişikliyə hazır olmadığına dair aşağıdakı ehtimalları irəli sürmək olar:

SURMEK.jpg (105 KB)

- Paşinyan və komandası daxili narazılıqlardan çəkinərək konstitusiyada dəyişikliklə bağlı konkret addım ata bilmir;

- Hökumət Ermənistan cəmiyyətini dəyişikliklərə hazırlaya bilməyib;

- Yeni əsas qanunla bağlı hakimiyyət daxilində ortaq mövqe yoxdur;

- Paşinyan dəyişikliyin parlament seçkilərinin nəticələrinə təsir edəcəyindən, siyasi kampaniyada uduzacağından ehtiyatlanır;

- Rəsmi İrəvan havadarlarını bu məsələdə razı sala bilmir və s.

Qeyd edək ki, Ermənistanda konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Ötən 30 il ərzində əsas qanun 2005-ci il noyabrın 27-də və 2015-ci il dekabrın 6-da - iki dəfə referendum yolu ilə dəyişikliklərə məruz qalıb. Başqa sözlə, hər 10 ildən bir sonra konstitusiya dəyişikliyə uğrayıb. Bu məntiqi ardıcıllıqla növbəti proses 2025-c ildə keçirilə bilərdi. Ancaq hələ yekun qərar qəbul olunmayıb.

Rəsmi Bakı yuxarıda bəhs etdiyimiz iki məsələ üzrə İrəvanın addım atacağını hələ də gözləyir.

Prezident İlham Əliyev əksər beynəlxalq tədbirlərdə olduğu kimi, iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında da Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulmuş hüquqlarından danışıb:

DANİSİ.jpg (56 KB)

“Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”.

Dövlət başçısı vurğulayıb ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

EMİRBEY.jpeg (44 KB)

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Mundo Internacional” jurnalına verdiyi müsahibədə Ermənistanla sülh prosesi barədə danışaraq, 30 illik münaqişədən sonra Cənubi Qafqaz regionunda dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi bir fürsətin yarandığını deyib. O, sazişin imzalanmasına mane olan amillərdən söz açıb. Bunlar arasında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu kimi sülh sazişinin məzmunu və ruhuna zidd olan məqamların, habelə Minsk Qrupu kimi öz əhəmiyyətini itirmiş təsisatların ləğv edilməsi zərurətinin olduğunu vurğulayıb.

Azərbaycan Ermənistanla sülh müqaviləsi, münasibətlərin normallaşması prosesinin təşəbbüsçüsüdür. Bunun üçün rəsmi Bakı təkliflər paketini də İrəvana ilk olaraq təqdim edib. Hadisələr Azərbaycanın sülhə, normallaşmaya hazır olduğunu, Ermənistan hakimiyyətinin isə regional və qlobal əhəmiyyətli bu böyük hadisəyə hələ də hazır olmadığını göstərir. Nikol Paşinyan komandası real addımlar atmaq əvəzinə, beş ildir "söz güləşdirir"...

Sədrəddin İsmayılov
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR