Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan tərəfinin əvvəldən mövqeyi belə olub ki, kommunikasiyaların açılması iki ölkə arasında aparılan sülh prosesinin vacib istiqamətlərindən biridir. Kommunikasiyaların açılması iki ölkə arasında davamlı sülhün əldə olunmasına böyük töhfə verə bilər”.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. Ekspert xatırladıb ki, Ermənistan kommunikasiyaların açılması ilə bağlı öhdəlik götürüb: “Görünən odur ki, Ermənistan son illərdə kommunikasiyaların açılması ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir, öhdəliyini yerinə yetirmir. Müxtəlif bəhanələrlə bu məsələdən yayınmağa çalışır. Paşinyanın son açıqlaması da məsələnin yubadılmasına xidmət edir. Ermənistan hakimiyyətinin mövqeyində hələ ki, dəyişiklik yoxdur. Onlar əsasən kommunikasiyaların açılmasını təhrif edərək təqdim edirlər”.
M.Məmmədlinin fikrincə, Ermənistanda baş verən etiraz aksiyaları fonunda Paşinyan həssas dönəmdən keçir: “Etiraz aksiyaları bir aydan çoxdur davam edir. Düşünürəm ki, Ermənistan daxilində yaranmış bu vəziyyət Ermənistan-Azərbaycan arasında danışıqlar prosesinə birbaşa təsir göstərir. Müəyyən məsələlər var ki, erməni cəmiyyəti konstruktiv mövqe nümayiş etdirməyə meyllidir. Bəzən biz görürük ki, o məsələlərdə Ermənistan hakimiyyəti daha ehtiyatlı davranır. Paşinyanın son açıqlamasına bu kontekstdən də yanaşmaq olar ki, o Azərbaycanla danışıqlar prosesində əvvəlki mövqeyini dəyişməyib. Hər bir halda Ermənistan daxilində baş verənlər iki ölkə arasındakı danışıqlar prosesinə mənfi təsir göstərir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ