İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədri müəllimlərin imtahana çəkilməsinə etiraz etdi


Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müəllimləri maraqlandıran mühüm məsələ barədə danışdı.

Musavat.com xəbər verir ki, deputat bildirdi ki, dövlət ali təhsil müəssisəsini bitirən müəllimlərin işlə təmin olunması üçün yenidən imtahana çəkilməsini düzgün saymır: “Elələri var ki, məsələn, Pedaqoji Universitetin müəllim ixtisasını qımızı diplomla bitirir, amma həmin şəxs müəllim işləmək üçün yenidən imtahan verməli olur. Dövlət buna diplom verib, bunun biliyini qiymətləndirib. Bunun 4 il-6 il oxuduğu təhsili qoyurlar qırağa, Təhsil Nazirliyində yaranmış bir komissiya var ki, müəllimliyi bitirənlər o komissiyadan keçəndən sonra müəllim işləyə bilir. Bizdə çox sayda müəllim var, təqribən 200 min nəfər. Onların hamısının attestasiyadan keçməsi nə dərəcədə düzgündür?”

Komitə rəhbəri bildirdi ki, ixtisasartırmanın olmasının əleyhinə deyil: “Ola bilər ki, ixtisasartırma tətbiq olunsun. Yeni sistemə doğru biz gediriksə, müəllimlərin, həkimlərin təkmilləşdirilməsi institutu var. Bu institutlarda yenilikləri onlar öyrənə bilər. Amma ali məktəbi bitirən müəllim işləmək üçün niyə yenidən testdən keçməlidir? Artıq başqa sahələrdə bu, tətbiq edilməyə başlanıb. Xaricdə belə şey olsa, Harvard Universitetini oxuyan imtahandan keçməsə, o gedib Harvard Universitetini məhkəməyə verər.

Burada oturub ya Lerikdə, ya Qazaxda, ya Naxçıvanda müəllim təyin etmək doğru sistem deyil. Bu sistem haradan gəlib bizə çıxıb, mən bilmirəm. Aidiyyəti strukturlar bu sistemi təkmilləşdirsə, daha yaxşı olar”.

S.Novruzov əlavə etdi ki, müəllimlərin imtahana çəkilməsinin ardınca digər qurumlar da işə götürməzdən əvvəl kadrları imtahana çəkirlər.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR