İnsanlara hürriyət, millətlərə istiqlal!

Klassik şeirimizin xalq ruhunun heyranı - Qənirə Paşayeva yazır ...

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.

O, Azərbaycan poeziyasını zərif ruhlu, dərin fəlsəfi məzmunlu şeirləri ilə zənginləşdirən, sənətindən, sənətkar cəsarətindən qadın şairlərimizin qərinələr boyu ilham aldığı söz ustadıdır. Füzuli ədəbi məktəbinin layiqli davamçısı, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Heyran xanımın (1790-1848) qəzəlləri dillər əzbəri olmuşdur. Yanğılı ürəklə yazılmış, nəcib duyğuları tərənnüm edən, dərin mətləbləri çatdıran bu şeirlərin hər biri öz müəllifinin zəngin mənəvi aləmindən və geniş dünyagörüşündən xəbər verir.

Azərbaycan oxucusu onun adını ilk dəfə, Məhəmmədəli Tərbiyətin (26.05.1877, Təbriz – 17.01.1940, Tehran; araşdırmaçı jurnalist, “Tərbiyət kitabxanası”nın yaradıcısı, Məşrutə inqilabının iştirakçısı) nəşr etdiyi “Danişməndani-Azərbaycan” adlı əsərindən geniş surətdə tanıdı. Şair bütöv bir “Divan” müəllifi olsa da, Məhəmmmədəli Tərbiyətin əsərinə qədər adı Azərbaycan ədəbiyyatından bəhs edilən təzkirələrə düşməmiş, ədəbi-elmi qaynaqlarda haqqında bilgi verilməmişdi. Əsərləri ilk dəfə İkinci Dünya Müharibəsi illərində gün üzü görən Heyran xanımın şeirləri dərhal oxucuların qəlbinə yol tapmış, sevilmiş, müəllifinə dərin rəğbət və sevgi qazandırmışdır. Heyran xanımın şəxsiyyəti, həyatı və özkeçmişi haqqında ciddi bir yazılı sənəd omadığından onun həyatının önəmli məqamlarını əsərlərinin verdiyi bilgilərdən öyrənmək mümkün olnmuşdur.

Heyran xanım XVIII yüzilin ikinci yarısında, 1790-cı ildə Dünbuli (Dümbüllü) Kəngərli xanları ailəsində - Naxçıvanda doğulub. O, burada təhsil almış, ərəb və fars dillərini öyrənmiş, klassik Azərbaycan və fars ədəbiyyatını mütaliə etmişdir. Məhəmmədəli Tərbiyət Heyran xanımın Təbrizdə doğulduğunu yazsa da, şairin öz əsərləri bunun əksini deyir:

Soruşursan nasəbini bu yazıq Heyranın,

Bir Əli xadimidir, cümlə cahanə bildir!

Naxçıvan şohrinin əşrafına çatsa nəsəbi,

Əslinə varsan əgər taifəsi Dünbüldür.

XIX yüzilin əvvəllərində Rusiya-Qacarlar toqquşmaları dövründə məğlubiyyətə uğrayan Fətəli şahın qoşunları geri çəkiləndə Quzey Azərbaycanın müqavimət göstərən əhalisindən onlarla ailəni də Arazın o tayına köçməyə məcbur etmişdi. Çoxlu naxçıvanlı ilə birgə Heyran xanımın ailəsi də Naxçıvandan zorla o taya köçürülmüşdü. 1828-ci ildə Təbrizin gündoğar səmtində - Türkmənçay kəndində bağlanmış amansız müqavilə Azərbaycanı iki hissəyə böləndə Heyran xanımın da yurd həsrəti başlamış, elindən, obasından birdəfəlik ayrılmışdır... Üstəlik, orada da öz qohum-əqrəbasından, tanışlarından uzaq düşmüş, ayrılığın soyuqluğunu bütün varlığı ilə hiss etmişdi. Buna görə də şairin şeirlərində yurd, el-oba həsrəti aparıcı mövzu olaraq diqqəti cəlb etmişdir. Şeirlərindən birində doğma yerlərin vüsalına ümidini, ona qovuşmaq diləyini belə dilə gətirirdi:

Nə növ nəzmə çəkim aşinalərin qəmini.

Necə deyim ki, uzaq düşmüşəm mən onlardan?

Yadında vannı sənin lütfün ilə bir müddət.

Vəfalı dostlar ilə mehriban idik candan.

Necə ki, lö’löi mərcan birləşər teldə.

Bizim də birliyimiz möhkəm idi xeyli zaman.

Həzar heyf, qırıldı o tel, bu gün əhbab

Cəfayi-dəhrdon olmuş cahanda sərgərdan.

Biri Morağədədır, digəri Urumiyədə.

Birinə məskən olub burda guşeyi-zindan.

Heyran xanım bu şeirdə Urmiya, Marağa və Təbrizdə qürbət həyatı yaşamasından gileylənir. O, dövrünün bir çox hadisələrinin şahidi olmuş, xalqın müsibət və fəlakətlərinə yaradıcılığında həssas sənətkar münasibəti bildirmişdir. 1827-ci ildə Təbrizdə yayılan vəba xəstəliyi kütləvi ölümlərə səbəb olanda Heyran xanım bu el dərdini şeirlərində acı bir kədərlə əks etdirirdi:

Oldu, yarəb, həlak insanlar.

Suvarıb torpağı qızıl qanlar.

...Baxasan һөг tərəf cəsədlə dolu.

Bağlanıb xalq üçün nicat yolu.

Yaxud Təbriz zəlzələsinə həsr etdiyi qəzəlində yaşadığı şəhərdə baş verən təbii fəlakətin törətdiyi faciədən, uçulan evlərin, darmadağın olan cənnət bağçaların acınacaqlı mənzərəsindən, gözüyaşlı anaların kədərindən, insanların göyə yüksələn ahından-fəğanından bəhs edirdi. Şair həcmcə kiçik bir şeirdə böyük bir müsibətin dolğun, kədərli bədii lövhəsini yaratmışdır.

Görkəmli tədqiqatçı Qulam Məmmədli Heyran xanımın həyat və fəaliyyətindən bəhs edən tədqiqatında şairin şəxsi taleyi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmişdir. O, Heyran xanımın hansı vasitə iləsə Fətəli şahın oğlu Abbas Mirzənin ailəsinə bağlı olduğunu, bir sıra mənzum məktublarında buna işarələr etdiyini, şairin saray adamlarından kiməsə ərə getmiş olduğunu vurğulayır.

Heyran xanımın şəxsi həyatının və bütövlükdə özkeçmişinin açarı olan “Divan”ı şairin ömür yolunun bir çox məqamlarına işıq salır. Şeirlərində onun ilk ailə həyatı qurduğu şəxslə çox xoşbəxt olduğu lakin bu xoşbəxtliyin uzun sürmədiyi, ömür-gün yoldaşının onu tərk etdiyi bəlli olur. Yenidən ailə quran Heyran xanımın ilk sevginin yaşatdığı səadət dolu günlərdən sonra ikinci ərinin evi onun üçün həbsxanaya çevrilir... Heyran xanım bu evdə özünü dustaq kimi hiss edir və qadın bədbəxtliyini şeirlərində əks etdirir:

Məni zəncirdə saxladın, bu yetər.

Doğrusu sən mənə deyilsən ər.

Daima ac, susuz və qəlyansız.

Oturum bu xərabədə nə qədər?

Bilmirəm, ruzigara neyləmişəm

Ki, salıbdır kəməndinə bu təhər...

Şeirlərində qocalıqdan şikayət motivləri göstərir ki, Heyran xanım bütün çəkdiyi acılara baxmayaraq uzun ömür sürmüşdür. Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində şairin qohumlarından Hacı Qulamhüseyn xan adlı şəxsin fikirlərinə əsaslanaraq Heyran xanımın 80 il yaşadığını qeyd edir. “Belim büküldü, qara saçlarım ağardı mənim, Qocalmışam bu cəfakar çərx əlindən, aman” yaxud, “Haray, gəldi-gedər bu fani cahan, Etmişdir qəlbimi qanlı bir ümman” deyə qocalıqdan və dünyanın faniliyindən gileylənən şairin ömrünün sonları da gəncliyi kimi kədərli keçib. Bir tərəfdən yurd həsrəti, itirdiyi könül həmdəminin nisgili, digər tərəfdən ailə ixtilafları və narazılıqları onun iztirablarını daha da artırıb, həyatını dözülməz hala gətirib. Bu dərdlər getdikcə onun sağlamlığına da öz təsirini göstərib və şairi xəstə yatağına salıb.

Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat edib, burada da dəfn edilib.

*

Naxçıvan, Xoy, Urmiya və Təbrizdə yaşayıb-yaratmış şairin fitri istedadı onu hələ öz dövründə yetərincə məşhurlaşdırmışdı. Güney Azərbaycanın dini mövzuda yazan şairlər mühiti sənətkarları dövrün daha çox yayılan klassik şeir janrlarına – növhə, mərsiyə, münacat, nət və s. cəlb etsə də, Heyran xanımın yaradıcılığı o dönəmki şeirimizdə yeni bir cığır açmışdı. Heyran xanım həmin janrlara müraciət etməmiş, lirik aşiqanə qəzəllər yazmış, dövrünün, zəmanəsinin və şəxsi həyatının önəmli hadisələrini bədii lövhələrlə əks etdirən sənət örnəkləri yaratmışdı. O, Füzuli və Qövsi kimi ustad şairlərə nəzirələr yazsa da, Füzuli məktəbinin ənənələri əsasında öz sənətkar üslubunu yarada bilmiş, ömrünün sonunadək əsərlərində özünəxas dəst-xəttini qoruyub saxlamışdır.

Heyran xanım həm də yaxşı bir musiqiçi idi və bır çox musiqi alətlərində ifa edirdi. Fars dillinə də dərindən yiyələnən zərif ruhlu şair, doğma dillə yanaşı farsca da klassik ədəbiyyatın incəliklərinə bələd olmuşdur.

Tədqiqatçılar onun qəzəllərini Hafiz, Saib Təbrizi və Füzulinin qəzəlləri ilə müqayisə edir, bu qadın şairin yazdıqlarının öz dövrünün ruhunu son dərəcə mükəmməl surətdə əks etdirdiyini vurğulayır. Əsərlərini Nəsimi, Füzuli, Qövsi kimi klassik Azərbaycan şairlərinin ədəbi təsiri ilə yazan Heyran xanım həmin şairlərin şeirlərinə nəzirələr yazmışdır. Şairin həmçinin Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, Əlişir Nəvai şeirlərinə də nəzirələri vardır ki, bunların içərisində Füzulinin qəzəllərinə yazılan nəzirələr özəlliklə çoxluq təşkil edir. Füzulinin ünlü “Tutuşdu qəm oduna şad gördüyün könlüm, Müqəyyəd oldu ol azad gördüyün könlüm” mətləli qəzəlinə yazdığı nəzirədə Heyran xanım sanki böyük şairin ustad dərslərindən öyrəndiklərini əks etdirir:

Olubdu qəm yatağı şad gördüyün könlüm,

Dağıldı qüssədən abad gördüyün könlüm...

Heyran xanımın bədii sənətdə Azərbaycan dilinin saflığını qoruyan klassik sənətkarlar içərisində özəl yeri vardır. Fars və ərəb sözlərinin ədəbi dilə hakim olduğu bir zamanda onun şeirlərində ana dilimizin bütün imkanlarından məharətlə istifadə etməsi son dərəcə təqdirəlayiqdir. Bu dil təəssübkeşliyini şairin “Divan”ına daxil olan bütün şeirlərdə izləmək mümkündür. Ana dilində ifadələrin ustalıqla seçilməsi bu şeirlərin ahəngdarlığını, axıcılığını və cazibəsini daha da artırır:

Vəslivə şad, vəli fırqətüvə naşadam,

Bilmirəm sənsiz işim naləmidir, xəndəmidir?

Əqlimi şərdən alıb, xəlq əгa rüsva eylədin,

Bu günah, dilbəri-mən, səndəmidir, məndəmıdir?

Yaxud:

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,

Qoy yarə özün bu dili-avarə yetirsin.

Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,

Heyrani o şəhbazə digər-barə yetirsin.

Heyran xanımın musiqi kimi həzin şeirləri neçə-neçə qadın şairi onun açdığı çığırla addımlamağa, sözün sehrli aləminə daxil olmağa səsləyib. Bu gün onun “Divan”ının əlyazmalarının Şərq və Avropa dövlətlərinin kitabxanalarında qorunub saxlanması, əsərlərinin dəfələrlə müxtəlif ölkələrdə, o cümlədən İranda çap olunması, türkcə və farsca “Divan”ından gözəl, orijinal bir nüsxənin M.Naxçıvani adına Təbriz Milli Kitabxanasında saxlanması, bır neçə dəfə Təbrizdə nəşri, əsərlərinin 3 əlyazmasının – Bakı, Tehran və Tiflis nüsxələrinin (bunlardan ən mükəmməli şairin sifarişi ilə yazılan, hazırda Azərbaycan Respublikası Əlyazmalar İnstitutunda saxlanılan Bakı nüsxəsidir) milli sərvətimiz kimi qorunması Heyran xanımın ədəbi irsinə qarşı böyük xalq sevgisi və ehtiramının ifadəsidir.

Şeirlərində həssas, xiffətli, vəfalı, ayrılıq çəkmiş bir şairin ürək çırpıntılarını hiss etdiyimiz Heyran xanımın ömrünü bürüyən dərd və ağrılar söz-söz, misra-misra naxışlanır, bu yaşantıları gələcək nəsillərə çatdırır. Qürbətdə tək-tənha qalmasından, insanların etibarsızlığından, zəmanənin vəfasızlığından gileylənən şair Təbriz şəhərini “guşeyi-zindan” adlandırıb. Bu “zindan”da ömrü iztirablar içində keçsə də sabaha olan ümidini itirməyib, yazıb-yaradıb.

Heyran xanım Azərbaycan və fars dillərində əsasən aşiqanə şeirlər yazıb. Yaradıcılığında klassik poeziya üslubunu davam etdirsə, də çağdaşlarından fərqli olaraq sadə dildə, xalq ifadə tərzində yazıb. Onun şeirləri içərisində əruzun heca vəzninə yaxın bəhrləri daha çox üstünlük təşkil edir. Təmiz məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran... və vüsal arzusu Heyran xanımın şeirlərinin əsas mövzusunu təşkil edir. Sələflərinin yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi böyük şövqlə tərənnüm edir, çağdaşlarını mənəvi-əxlaqi təmizliyə səsləyir. Şairin fikrincə, həqiqi gözəllik ağılla ölçülür. Gözəlliyin birinci meyarı ağıldır. Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır. Şair məsnəvilərinin birində yazır:

Neçə şərt ilə ölçülərsə camal,

Şərt-əvvəldir hüsnə əqlü kamal.

Hər cavanda ki, var camal yəqin,

Olmalı onda həm kamal yəqin.

Heyran xanımın klassik ədəbiyyatımızın nümayəndələri içərisində özəlliklə seçilməsinin səbəbi onun dilinin sadəliyi, fikirlərinin aydınlığı, hisslərinin səmimiliyi ilə sıx bağlıdır. Onun ictimai motivli şeirlərində zəmanədən şikayət, cəmiyyətdəki sosial bərabərsizliyə, qadın hüquqsuzluğuna qarşı etiraz nidaları da güclüdür. Bu şeirlərin böyük əksəriyyətinin dili şifahi xalq ədəbiyyatı örnəklərinə yaxındır. Şairin əsərləri janr, üslub, bədii sənətkarlıq keyfiyyətləri baxımından rəngarəng olub, klassik poeziyyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında, habelə məsnəvi formasında yazılıb. Lirik qəhrəmanının daxili aləmini, sevinc və kədərini dərindən açmaq üçün zəngin təşbeh, istiarə, təzad, təkrir, mübaliğə kimi bədii təsvir və ifadə vasitələrindən yararlanan Heyran xanım Azərbaycan ədəbiyyatını yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirib. Şairin söz xəzinəmizə bəxş etdiyi qiymətli incilər bu gün də oxucular tərəfindən layiqincə dəyər görməkdədir.

Ruhu şad olsun !

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR