İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan-Rusiya ticarət dövriyyəsini artıran gizli səbəblər - Aİ sanksiyalarının nəticəsi, yoxsa...

“Qərb bu əməllərinə görə İrəvanı cəzalandırmaq və ona sanksiyalar tətbiq etmək əvəzinə...”

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilərkən Rusiya prezidenti çıxışında iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd. dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib.

“Əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd. dollar olacaq. Bu, rekord göstəricidir”, - deyə Putin bildirib.

Paşinyan isə çıxışında son aylarda İrəvanla Moskva arasında aktiv siyasi dialoqun getdiyini söyləyib. Bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində hökumət sədri Mixail Mişustinin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlıq və Ermənistan-Rusiya gündəliyi məsələləri kifayət qədər məzmunlu müzakirə olunub:

“Bu gün bu müzakirələri yekunlaşdırmaq üçün yaxşı fürsətdir”.

Putin Paşinyanı Kazanda keçiriləcək BRİCS sammitində növbəti ikitərəfli görüş keçirməyə dəvət edib.

Ermənistan iqtisadiyyatında real artım baş vermir, hansısa böyük istehsalları mövcud deyil. Belə olan halda Rusiya ilə ticarət dövriyyəsinin sürətlə artımı maraq doğurmaya bilmir. Bu, Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınması üçün Ermənistanın göstərdiyi xidmətlər hesabınadırsa, Qərb niyə buna göz yumur? Ermənistan niyə cəzalandırılmır?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov oxucuların marağına səbəb olan statistika açıqladı: “Ermənistan hər yerdə və hər işdə olduğu kimi bu məsələdə də riyakarlıq, ikiüzlülük nümayiş etdirməklə məşğuldur. Baxın, bunlar bir tərəfdən Qərbin istəyi ilə Rusiyadan uzaqlaşır və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün çaba göstərirlər, digər tərəfdən Rusiya ilə ticarət əlaqələrini "bənzəri olmayan bir sürətlə inkişaf" etdirirlər. Bu necə ola bilər axı? Məntiq harada qaldı? Mənim bugünlərdə Ermənistan Dövlət Statistika Komitəsinin saytının məlumatları əsasında bu məsələ ilə bağlı apardığım araşdırmanın nəticəsini təqdim edirəm.

Bütün dünya bilir ki, bu gün Ermənistan Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbin Rusiyaya tətbiq etdiyi minlərlə sanksiyanı sadəcə ayaqları altına alıb. Ermənistan bu sanksiyalarla idxalı Rusiyaya qadağan olunmuş malları və ilk növbədə Rusiyanın hərbi sənayesi üçün bu gün hava-su kimi lazım olan məhsulları elə həmin sanksiyaları tətbiq edən ölkələrdən alıb öz ərazisinə gətirir və sonradan onları başqa mal-məhsul adları ilə Rusiyaya ixrac edir. Bununla da Ermənistan Ukrayna müharibəsində Rusiyaya bənzəri olmayan bir “qardaş” xidməti göstərir. Rusiya öz hərbi sənayesi üçün zəruri olan bu məhsulların köməyi ilə istehsal etdiyi silahlarla Qərbin milyardlarla dollar həcmində maliyyə və hərbi yardımlar göstərdiyi Ukraynanın başına od yağdırır. Qərb isə bu əməllərinə görə Ermənistanı cəzalandırmaq və ona sanksiyalar tətbiq etmək əvəzinə, ona indiyə qədər göstərdiyi yardımların həcmini bir neçə dəfə artırır. Bu nə deməkdir? Bu qədər məntiqsizlik, bu qədər yaramazlığı etməkdə Qərbin məqsədi nədir? Ukraynaya Rusiyaya qalib gəlmək üçün yüz milyardlarla dollar həcmində yardım edən Qərb onun sanksiyalarını çeynəyib üzünə tüpürən Ermənistanın bu əməllərini nədən görməzdən gəlir və hələ Ermənistana göstərilən yardımların həcmini də artırır. Biz bütün bunlardan sonra Qərbin ədalətinə, demokratiyasına necə inana bilərik?

Gəlin dediklərimizin xəritəsini Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytından götürdüyümüz rəqəmlərlə çəkək. Baxın, əgər Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən öncəki 2021-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 8 milyard 362 milyon ABŞ dolları olmuşdusa, 2023-cü ildə bu rəqəm 254% artaraq 21 milyard 310 milyon dollara çatmış, cari ilin sonunda isə onun 4,2 dəfə (420%) artaraq 35 milyard dollara çatması gözlənilir.  Xatırladaq ki, nefti, qazı və digər enerji resursları olmayan, 2020-ci ildə böyük hərbi və digər resurslarının itirilməsi ilə nəticələnən 44 günlük müharibədəki ağır məğlubiyyətə düçar olmuş bu ölkənin xarici ticarət dövriyyəsi 2013-cü ildə cəmisi 5 milyard 865 milyon ABŞ dolları səviyyəsində olub. Təsəvvür edirsinizmi, belə bir ölkənin xarici ticarət dövriyyəsi 2024-cü ildə 35 milyard dollara çatacaq, yəni 10 ildən bir qədər artıq zaman kəsiyində 6 dəfəyə qədər artacaq!!! Bu, təbii ki, Ermənistan kimi bir ölkə üçün real ola bilməyən fantastik bir göstəricidir. Bunu mümkün edən isə dediyimiz kimi, Rusiya-Ukrayna müharibəsində Rusiyaya xaricdən idxalı qadağan olunmuş mal və məhsulları öz ərazisi üzərindən daşımaqla göstərilən “ayı xidmətidir”.

Gəlin indi baxaq - öz idxal və ixracını Rusiya-Ukrayna müharibəsi başlayandan sürətlə böyüdən Ermənistanın Rusiyaya ixracının həcmi bu illər ərzində necə dəyişib? Baxın, 2021-ci ildə, yəni müharibə başlamazdan bir il öncə, Ermənistandan Rusiyaya cəmisi 840 milyon dollar məhsul ixrac edilib. İki il sonra, yəni 2023-cü ildə bu rəqəm 4,2 dəfə böyüyərək 3 milyard 540 milyon dollardan çox olub? Ermənistandan Rusiyaya ixracın həcmi bu il də sürətlə artmaqdadır və biz cari ilin yekunlarına görə daha böyük göstəricilərin şahidi olacağıq.

Bir anlıq təsəvvür etmək belə mümkün deyil ki, əgər Rusiyaya bu “dəstəyi” Azərbaycan vermiş olsaydı nə baş verərdi. Heç şübhəsiz Qərb Azərbaycana qarşı amansız sanksiyalar tətbiq edərdi. Bəs Qərbin gözləri nədən kor olub Ermənistanın bu əməllərini görmür?".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

Deputat Azər Badamovun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri heç də siyasi meydanda görünən kimi deyil: “Siyasi meydanda Ermənistan bütün uğursuzluqlarına görə Rusiyanı ittiham etsə də, bu iki ölkə bir-biri ilə çox bağlıdır. Yəni iki ölkə arasındakı münasibətlərin səviyyəsi iqtisadi əməkdaşlıqla ölçülür. Əgər Rusiya Ermənistana təzyiq etmək istəsəydi iqtisadi sanksiyaların altına salardı və Paşinyan dovşan kimi oturardı. Belə çıxır ki, Ermənistanın qərbyönümlü siyasəti də Rusiyanın maraqlarına cavab verir. Çünki elə olmasaydı, iki ölkə arasında ticarət dövriyyəsi həndəsi silsilə ilə artmazdı. Belə ki, 2022-ci ildən Qərb Rusiyaya sanksiyaları tətbiq etməyə başladı. Elə həmin il də Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi birdən-birə iki dəfə artaraq 5,6 milyard dollara  çatır. 2023-cü ildə isə bu rəqəm 7,4, 2024-cü ilin 7 ayında isə 8,3 milyard dollar olur və ilin sonuna qədər isə 14-16 milyard dollar olacağı gözlənilir. Paşinyanın Moskvaya səfəri çərçivəsində Rusiya dövlət başçısı ilə ikitərəfli görüş keçirilir və dövlət başçıları iki ölkə arasındakı əməkdaşlıq dinamikasını müsbət dəyərləndirir. Həm də Rusiya dövlət başçısı Paşinyanı Kazana BRİKS sammitinə dəvət edir və orada da ikitərəfli görüşün keçirilməsini indidən razılaşdırır. Bütün bunlar Rusiya-Ermənistan arasında münasibətlərin heç də siyasi səhnədə görünən kimi olmadığını sübut edir. Burada bir neçə sual meydana gəlir.  Ermənistan-Rusiya ticarət dövriyyəsinin birdən-birə dəfələrlə artmasının səbəbi nədədir? Yəni Ermənistanın real sektoru müvafiq dövriyyələr üçün çox aşağı səviyyədədir. Təbii ki, bu sualın bir cavabı var. Ermənistan Rusiyanı müəyyən qədər Qərbin sanksiyalarından yayındırır. Belə ki, Ermənistan şirkətləri Rusiya üçün vacib idxal-ixrac əməliyyatları reallaşdırır. Bu həm də Rusiya üçün vacibdir. Amma ortada qazanan Ermənistan olur. Məhz həmin idxal-ixrac əməliyyatları ilə Ermənistan olmayan yerdən milyardlar qazanır. Başqa bir sual meydana çıxır. Qərb Rusiyanı sanksiyalardan yayındıranlara düşmən gözü ilə baxır. Bəs Ermənistana heç bir sözün deyilməməsinin kökündə nə dayanır? Təbii ki, Qərbin də siyasəti görünən kimi deyil. Qərblə Rusiyanın Ermənistanla bağlı maraqları üst-üstə düşür. Qərb səsini çıxarmayaraq regiona yerləşməyə çalışır. Ona görə də Ermənistanı silahlandırır və Rusiyanı sanksiyalardan yayındırdığına görə ona söz demir. Təbii ki, bu Qərbin riyakarlığının iç üzüdür. Qərb Azərbaycana gələndə isə ölkəmizi ədalətsizcəsinə təzyiq altına salmağa çalışır. Ermənistana gələndə isə hamı ona dəstək göstərir. Məhz torpaqlarımızın 30 ildə işğal altında qalmasına  səbəb Qərbin riyakar siyasəti idi. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyadır. Məhz həmin ölkələrin triadası Azərbaycanı işğalla barışdırmağa çalışırdı və onlar Ermənistanın yanında idilər. İndi də Ermənistanın yanındadırlar və Ermənistanın yenidən gücləndirilməsinə çalışırlar. Belə bir ədalətsiz münasibətin bizə qarşı sərgilənməsi bizim azərbaycanlı və müsəlman olmağımızdır. Bəli, azərbaycanafobiya və islamofobiya mövqeyi sərgilənəndə düşmənlər də bir-biri ilə birləşirlər və səslərini çıxartmırlar”.

“Zaman-zaman yaxın-uzaq beynəlxalq güclərin maşası rolunda çıxış edən Ermənistan bu gün də eyni mövqedən çıxış edir. Amma maraqlıdır ki, bir-birinə qarşı zidd mövqedən çıxış edən həmin beynəlxalq güclər Ermənistanın səhər birinin, axşam digərinin "adaxlısı olması"nı da həzm edirlər".

Vüqar İskəndərov: BQXK humanizm prinsipləri ilə pərdələnərək səlibçilik  missiyası həyata keçirir

Vüqar İskəndərov

Bu fikirləri isə “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib: “Məlum olduğu kimi, oktyabrın 8-də Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilərkən Rusiya prezidenti çıxışında iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini dedi. Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 milyard dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 milyard dolları ötdüyünü söylədi və əlavə etdi ki, əgər bu templə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 milyard dollar olacaq. Mən elə məhz bu məsələnin üzərində dayanmaq istəyirəm. Yəni real duruma baxanda bu iqtisadi artımın baş verməsi ciddi suallar doğurur. Ermənistan iqtisadiyyatında real artım baş vermir, hansısa böyük istehsalları mövcud deyil. Belə olan halda Rusiya ilə ticarət dövriyyəsinin sürətlə artımı maraq və sual doğurmaya bilmir. Eyni zamanda bu, bizdə əsaslı şübhələr də yaradır. O mənada ki, bu artımın Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalardan yayınması üçün Ermənistanın göstərdiyi xidmətlər hesabına ola biləcəyi ehtimalı böyükdür. Əgər elədirsə, o zaman Qərb niyə buna göz yumur? Ermənistan niyə cəzalandırılmır? Yoxsa yuxarıda qeyd etdiyimiz kimi, Ermənsitanın səhər Qərbin, axşam isə Rusiyanın adaxlısı olması, bəli, xarici güclərin də işinə yarayır?”

Elxan Şahinoğlu: “Rusiya ən ağır dövrünü yaşayır”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Paşinyan iqtisadi amili nəzərə alaraq Rusiya və Avrasiya İqtisadi Birliyindən ikiəlli yapışmalıdır: “Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanla əmtəə dövriyyəsinin 4,3 milyard dollar olduğunu deyərkən, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə iki ölkə arasındakı ticarət mübadiləsindən ağız dolusu danışıb.

Beləliklə, Rusiya Ermənistanla ticarət mübadiləsinin həcmini Azərbaycanla ticarət mübadiləsinin həcminin 4 qatına qaldırmağı planlaşdırır. Belə olan halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bəyənməyən Paşinyan iqtisadi amili nəzərə alaraq Rusiya və Avrasiya İqtisadi Birliyindən ikiəlli yapışmalıdır. Siyasi əlaqələri Bakı ilə gücləndirən Kreml iqtisadi əlaqələrdə İrəvana üstünlük verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR