İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Kremlə kapitulyasiya aktı imzalatmaq istəyir: Qərbdə isə Zelenskinin "sülh planı" əsl fəlakət ssenarisi hesab olunur

Rəsmi Kiyev ABŞ və Qərbdən Rusiyanı əvvəlcə darmadağın etməyi, bunun ardıncasa, Kremli "sülh masası"na məcburi oturtmağı tələb edir... Qərbdə isə prezident Volodimir Zelenskinin bu avantürist planının, nüvə savaşı da daxil olmaqla, necə dəhşətli nəticələrə yol aça biləcəyini anlamamış deyillər...

Ukrayna savaşı ətrafında böyük beynəlxalq xaos yaşanmağa başlayıb. Belə ki, son vaxtlara qədər Ukraynanın Rusiya üzərində hərbi qələbəsinə yönəlik planlar qurulurdu. Həmin planların reallaşdırılması ilə bağlı müzakirələr aparılırdı, müəyyən taleyüklü addımlar atılırdı. Və bu məsələdə kollektiv Qərb demək olar ki, vahid siyasi güc mərkəzi rolunda çıxış edirdi.

İndi isə Ukrayna savaşı ətrafında situasiya sürətlə dəyişməyə başlayıb. Hər halda, hazırda Ukraynanın gələcək taleyi artıq olduqca ciddi müzakirə mövzusuna çevrilmiş kimi görünür. Üstəlik, bu müzakirələrdə Ukraynanın bir dövlət olaraq, yaxın gələcəkdə öz mövcudluğunu davam etdirməsinə elə də ciddi şans tanınmır. Əksinə, Qərb siyasi dairələri Ukrayna savaşına yönəlik hədəflərdə kəskin ziddiyyətlər yaşayır. Belə ki, son vaxtlar Ukraynanın Rusiya üzərində hərbi qələbəsinə bağlı addımların davamlı olması barədə verilən vədlərə sadiq qalmağa həvəsli ölkələrin sırası sürətlə seyrəlir. Və bu, Ukraynanın gələcək taleyi baxımından, olduqca böyük təhlükə anlamı daşıyır.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşından hərbi-siyasi və maliyyə-iqtisadi cəhətdən ciddi şəkildə yorulan Qərb ölkələri kənara çəkilmək üçün hər hansı bəhanəyə sığınmağa hazır görünürlər. Ona görə də, indi Ukraynanın gələcək taleyinin ciddi müzakirə mövzusuna çevrilməsi əslində, o qədər də ciddi təəccüb doğurmur. Bu baxımdan, Qərb siyasi dairələrinə güvənərək, hərbi-siyasi qərarların verilməsinin hər hansı dövlət üçün nə qədər təhlükəli seçim olduğunu anlamaq qətiyyən çətin deyil. Və Ukraynanın düşdüyü indiki durum yəqin ki, Qərbə etimad məsələsində tarixi örnək rolunu oynaya bilər.

Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna üçün böyük fəlakətin sürətlə yaxınlaşmaqda olduğunu artıq anlamağa başlayıb. Hər halda, Zelenski hakimiyyəti mümkün qədər tələsik addımlar atmaqla, ABŞ və Qərbi Ukraynaya hərbi-siyasi dəstək vədlərinə sadiq qalmağa məcbur etməyə çalışır. Xüsusilə də, rəsmi Kiyev Rusiya ilə Qərbin planlaşdırdığı zamandan daha erkən sülh danışıqları üzərindən şantaj etmək qərarına gəlib. Və Zelenski hakimiyyəti bunu dolayısı manevrlər ilə mesaj verməklə, reallaşdırmağa cəhd göstərir.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski ABŞ və digər NATO ölkələrinə Rusiya ilə savaşı sona çatdırmaq üçün sülh planı göndərib. Ancaq son məlumatlara görə, həmin sülh planı əslində, Rusiya ilə müharibənin daha da intensiv mərhələyə keçirilməsinə yönəlik addımların atılmasını nəzərdə tutur. Yəni, belə anlaşılır ki, rəsmi Kiyev sülh planı adı altında manipulyasiyalar edərək, əsl reallıqda ABŞ və NATO-nu Rusiya ilə birbaşa hərbi toqquşmalara çəkmək niyyəti güdür. Və sülh planının əsas məzmununa diqqət etdikdə, bu, açıq-aşkar nəzərə çarpır.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg (119 KB)

Qərb mətbuatının iddialarına görə, prezident Volodimir Zelenskinin sülh planında Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verilməsi əsas maddə kimi yer alır. Rəsmi Kiyev hesab edir ki, Rusiyanın dərinliklərinə zərbələrin effektivliyini təmin etmək üçün ABŞ və digər NATO ölkələri Ukrayna ordusuna ən müasir hücum silahları göndərməlidir. Əgər, bu, baş verərsə, Rusiyanın dərinliklərinə endirilən sarsıdıcı zərbələr Kremli Ukrayna ilə sülh masası arxasına keçməyə məcbur edə bilər. Və bu halda, rəsmi Kiyev Kremlə Ukraynanın ərazi bütövlüyünün təmin olunmasına yönəlik şərtləri diqtə etmək şansı da qazanar.

Məsələyə məhz bu kontekstdən yanaşan prezident Volodimir Zelenski əmindir ki, Ukrayna Rusiya ilə sülh sazişi imzalamağa indi əvvəl olduğundan daha yaxındır. Belə təsəvvür yaranır ki, rəsmi Kiyev ABŞ və Qərbə Rusiyanın çökmədə olduğunu, Kremlin tam təslim olması üçün son, həm də daha sarsıdıcı zərbələrə ehtiyac yarandığını anlatmağa cəhd göstərir. Yəni, Ukrayna rəsmi dairələri ABŞ və Qərbin Rusiyanın darmadağın edilməsi üzərindən Rusiyanı sülh danışıqlarına məcbur etmək planı təklif edir. Və Qərbdə bəzi siyasi dairələr bunu prezident Volodimir Zelenskinin məqsədyönlü hərbi avantürası hesab edirlər.

Məsələ ondadır ki, Qərbdə bir çoxları prezident Volodimir Zelenskinin sülh planının əslində, ABŞ və NATO-nun Rusiya ilə birbaşa müharibəyə sürükləmək cəhdi olduğuna qətiyyən şübhə etmirlər. Onların qənaətinə görə, əgər, Qərb rəsmi Kiyevin bu hərbi-siyasi avantürasına pozitiv reaksiya verərsə, Avropa ölkələrini Rusiyanın nüvə zərbəsindən yayındırmaq mümkün olmayacaq. Hər halda, Kreml ABŞ və Qərbi Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi veriləcəyi təqdirdə, nüvə müharibəsinə başlayacağı ilə açıq şəkildə təhdid edir. Və Qərbdə bu təhdidin qətiyyən blef olmadığına da əminlik mövcuddur.

2fe61de9-599d-4b69-a23e-9c7965f40319.jpg (273 KB)

Göründüyü kimi, rəsmi Kiyev faktiki olaraq, ABŞ və NATO-ya Ukrayna ilə çiyin-çiyinə Rusiyaya qarşı savaşa girib, məğlub olunmuş Kremlin sülh sazişi adı altında kapitulyasiya aktı imzalamağa məcbur edilməsini təklif edir. Halbuki, rəsmi Kiyev məqsədyönlü şəkildə Rusiyanın Avropa məkanına nüvə zərbəsi endirməkdən çəkinməyəcəyi ilə bağlı reallığın üzərindən sükutla keçir. Və nə qədər qəribə də olsa, öz "sülh planı"nın reallaşması üçün Qərbin bu barədə düşünməsini belə istəmir.

Belə anlaşılır ki, rəsmi Kiyevin "sülh planı" əslində, bütün dünya üçün böyük kataklizmlər vəd edir. Çünki mövcud situasiyada həmin sənəd sülh deyil, əsl fəlakət planına da çevrilə bilər. Qərbdə bu avantüranın necə dəhşətli nəticələrə yol aça biləcəyini anlamamış deyillər. Ona görə də, ABŞ və NATO strateqlərinin prezident Volodimir Zelenskinin fəlakət planına pozitiv reaksiya verəcəklərinə inanmaq sadəlövhlük olardı. Və bu baxımdan, rəsmi Kiyevin Ukraynanın gələcək taleyini xilas etmək üçün daha realist çıxış yolları axtarmalı olduğu qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR