İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kiyev başa düşməlidir ki, bu ərköyünlüklər yaxşı nəticələnməyə bilər" - aktual şərh

“Əgər Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın ev sahibliyi etdiyi COP-29 tədbirinə gedərsə, Qərb ölkələri bu tədbirdə iştirakdan imtina etməlidir”.

Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov “Politico” nəşrinə müsahibəsində belə deyib. Səfir həmçinin etiraf edib ki, Kiyev bununla bağlı öz müttəfiqlərinə təzyiq göstərir.

“Bu təzyiqi artırmağa ehtiyacımız var. Gərək tərəfdaş ölkələr öz fikirlərini açıq şəkildə Azərbaycana bildirsin ki, əgər Putin orada olacaqsa, onlar gəlməyəcəklər", - səfir Çentsov deyib.

Ukraynalı səfirin bu çağırışından sonra Kremlin sözçüsü Dmitri Peskov "Ria Novosti" agentliyinə müsahibəsində bildirib ki, Putinin COP29-da iştirakı ilə bağlı qərar hələ verilməyib”.

Maraqlıdır ki, Ukrayna səfirinin bu çağırışından sonra Azərbaycan rəsmiləri BBC-yə açıqlamalarında Putinin COP29-da iştirak etməyəcəyini bildiriblər.

“Rusiya tədbirdə Baş nazir səviyyəsində təmsil olunacaq", - adı açıqlanmayan hökumət nümayəndəsi “BBC Azərbaycanca”ya açıqlamasında deyib.

Rəsmi Bakının bu açıqlamasının Ukrayna tərəfinin xəbərdarlığından sonra gəlməsi istər-istəməz bəzi suallar ortaya çıxarır: bu dəqiqləşdirici bəyanat Ukraynanın ölkəmizə təzyiqindən sonramı gəlib? Əgər belədirsə, Azərbaycanın xarici siyasəti niyə başqalarının təzyiqi ilə formalaşmalıdır?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Putinin Bakıya səfərinin Ukraynanın təzyiqi ilə təxirə düşməsi barədə iddialar inandırıcı görünmür: “Açığı, Ukraynanın təzyiqinin Putin və rəsmi Bakı üzərində bu qədər təsirli olacağına dünyanın ən sadəlövh adamları da inanmaz. Ona görə ki, Putinin Ukraynaya münasibəti hər kəsə bəllidir. Azərbaycan hakimiyyəti də həmçinin, nəinki Ukraynanın, hətta onun himayədarı ABŞ-ın da təzyiqlərinə boyun əyəcək qədər iradəsiz deyil. Dəfələrlə bu cür təzyiqlərə rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə cavablar verilib. Azərbaycan yeri gələndə Ukraynaya da lazımi təpkilər göstərərdi. Sadəcə, yaxın münasibətlərdə olduğumuz, dəfələrlə ərazi bütövlüyünü dəstəklədiyimiz, əlimizdən gəldiyi qədər humanitar yardım göstərdiyimiz Ukraynanın çətin vəziyyətindən doğan qeyri-adekvat hərəkətlərini başa düşməyə çalışır, ona təmkinli yanaşırıq. Amma gərək rəsmi Kiyev də bu cür könülqırıcı bəyanatlar verəndə nə dediyini dərindən düşünə. Başa düşə ki, Ukraynanın indiki çətin vəziyyətə düşməsinin məsuliyyətlisi biz deyilik. Beynəlxalq ekoloji tədbir sayılan COP29 zirvəsinin də Rusiya-Ukrayna müharibəsinə heç bir aidiyyatı yoxdur. Azərbaycan geniş miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən bütün dövlətlərin liderlərini sammitə çağırmalıdır və çağırıb. Biz bənzər dəvəti hətta öz tarixi ərazilərimizi işğal etmiş, minlərlə insanımızı qətlə yetirmiş Ermnistan üçün də göndərmişik”.

Putinin ötən il Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 tədbirlərinə də qatılmadığını xatırladan Heydər Oğuzun fikrincə, Rusiya liderinin belə tədbirlərə “qarnı toxdur”: “Məhz bu səbəbdən də Bakıda keçiriləcək tədbirə də gəlməyəcək. Bunu yəqin ki, rəsmi Kiyev də bilməmiş olmazdı. Bilmirdisə, Bakı ilə əlaqə saxlayıb həqiqəti öyrənmək imkanı vardı. O isə dəqiqləşdirilməmiş informasiyanı şərh edəcək qədər səbrsizlik göstərir. Nəticədə sanki Azərbaycanın əleyhinə olan xarici güc mərkəzlərinin yanında dayanır. Heç də yaxşı təəssürat yaratmayan bu addımlar Ukraynanın beynəlxalq nüfuzuna da mənfi təsir göstərir. Üstəlik, bu xoşagəlməz ərköyünlüyü təkcə bizə qarşı etmir. Digər tərəfdaşlarına da eyni münasibəti sərgiləyir. Kiyev başa düşməlidir ki, bu ərköyünlüklər yaxşı nəticələnməyə bilər. Bu gün Ukraynanın özünə daha çox dost qazanmaq zamanıdır. Könülbulandıran ritorikalar bu məqsədə xidmət etmir”.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR