İnsanlara hürriyət, millətlərə istiqlal!

Kissincerdən yeni üç ssenari: “Ukrayna bu halda qalib gələcək...”  

 

 

Təcrübəli dipomatın  fikrincə, Ukrayna ərazi güzəştlərindən sonra danışıqlara başlaya bilərdisə, indi bu baş verməyəcək

Sabiq dövlət katibi Henri Kissincer Britaniyanın mühafizəkar “The Spectator” jurnalına müsahibə verib və Ukraynadakı vəziyyətin  mümkün üç ssenarisini açıqlayıb. Kissincerin mayın sonunda Davos forumundakı bəyanatları ilə müqayisədə indiki açıqlamaları müharibə edən tərəflərin heç biri üçün nikbinlik yaratmır.

Xatırladıq ki, Kissincerin Davosdakı çıxışı Ukraynada hiddət doğurmuşdu. O, hətta Ukrayna üçün “düşmən və arzuolunmaz fiqur” hesab olunmuşdu. Çünki o, bəyan etmişdi  ki, yaxın iki ay ərzində danışıqlar başlanmalı, ən əsası isə Ukrayna danışıqlara başlamaq üçün ərazi güzəştlərinə getməlidir.

İndi isə Kissincer danışıqlara başlamaq üçün ərazi güzəştlərinin zəruriliyindən danışmır. Onun fikrincə, Ukrayna ərazi güzəştlərindən sonra danışıqlara başlaya bilərdisə, indi bu baş verməyəcək. Bu o deməkdir ki, tərəflərdən biri  öz hərbi imkanlarını tükənənə qədər döyüşlər davam edəcək.

Kissincer mümkün üç ssenarini belə sıralayır.

Birinci: Rusiyanın qələbəsi. Rusiya Ukraynanın 20%-i və Donbasın böyük hissəsini (əsas sənaye və kənd təsərrüfatı regionunu), eləcə də Qara dəniz boyunca torpaqları nəzarətinə keçirir. Kissincerə görə, Rusiya o ərazilərdə qalarsa, bu, qələbə olacaq. NATO-nun rolu əvvəllər düşünüldüyü kimi həlledici olmayacaq. Yəni faktiki olaraq Rusiyanın bəhs etdiyi Şimali Atlantika alyansından gələn təhlükə aradan qalxacaq.

İkinci variant. Kissincer hesab edir ki, Rusiyanı Donbass ərazisindən 2014-cü il sərhədlərinə və Krım ərazisindən sıxışdırıb çıxarmaq mümkündür. Bu, isə təkcə Ukraynanın deyil, Qərbin də Rusiyanın ilə müharibəsində mümkündür.  Əslində  isə bu qlobal münaqişə deməkdir.

Üçüncü variant. Kissincer hesab edir ki, əgər ukraynalılar Rusiyanı fevral müharibəsindən əvvəlki sərhədlərinə sıxışdıra bilsələr,  bu “Ukraynanın bərpası hesab olunacaq”. Ukrayna NATO-nun bir hissəsi olmasa da, onunla sıx əlaqədə olacaq. Məhz bu zaman qalan məsələləri danışıqlar masası ətrafında həll etmək olar” deyə, təcrübəli dövlət adamı bildirib. Kissincerə görə, Rusiya əvvəlki mövqelərinə qaytarıla bilsə, “münaqişə dondurulacaq və belə vəziyyət "müttəfiqlər üçün əhəmiyyətli nailiyyət" olacaq.

O deyib ki, Finlandiya və İsveçin də NATO-ya qoşulması bu hərbi alyansı  gücləndirəcək ki, bu da Baltikyanı ölkələrin müdafiəsi üçün imkan yaradacaq. Ukrayna NATO ilə əlaqəli və ya NATO üzvü kimi Avropada ən böyük quru qüvvələrinə sahib olacaq. "Rusiyaya göstəriləcək ki, Avropada yaranmış qorxunun qarşısını NATO-nun gücü ilə  almaq olar". Onun fikrincə, bu, həm də ümumilikdə qüvvələr balansının dəyişməsinə gətirib çıxaracaq – Amerikanın nüvə arsenalı Avropanın müdafiəsində əsas element olmaqdan çıxacaq. Avropa isə o qədər birləşəcək ki, Rusiya bütövlükdə Avropa ilə birgə yaşamaq məcburiyyətini və zərurətini anlamalı olacaq.

Orxan ƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR