Onlayn ictimai-siyasi qəzet
Prezident dəhlizin nə zaman açılacağını anons etdi, lakin daha tez olması da mümkündür; İrəvan prosesi uzatmaq yolu seçib?
“Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında məlumat verib.
Dövlət başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Erməni politoloq Alen Qevondyan isə deyib ki, Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq. Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” ifadəsinə İrəvanın etirazına baxmayaraq, hər şey Bakı və Ankaranın dediyi kimi olacaq: “Vaşinqtonda sənədlərin imzalanmasından sonra bir sıra hadisələr baş verdi, bəlli oldu ki, bu sənədlər hələ heç nə demək deyil, hər şey Bakı və Ankaranın verdiyi qərarlara uyğun olacaq. Bundan sonra Tramp bu məsələyə öz yanaşmasını açıqladı, Əliyev bəyanatlar verdi. Əliyev BMT, türk ölkələrinin sammiti və digər platformalarda Zəngəzur dəhlizindən danışdı. Paşinyan bundan narahatdır. Bu, Zəngəzur dəhlizini vermək və ya verməmək məsələsi ilə bağlı deyil, onlar çoxdan razılaşıblar, Zəngəzur dəhlizi reallığa çevriləcək. Paşinyan üçün vacibi odur ki, seçkilərə qədər bu mövzu ictimai dövriyyədə olmasın. Seçkilərdən sonra isə o, şəxsən qırmızı lenti kəsərək Zəngəzur dəhlizinı açacaq və onu hədiyyə edəcək” (Teleqraf).
A.Qevondyan 2026-cı ildə Ermənistan Konstitusiyasının referendum yolu ilə dəyişdiriləcəyini da söyləyib. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının Ermənistanın əsas qanunundan çıxarılmasından gedir. Bu, sülh müqaviləsinin imzalanması üçün Bakının tələbidir.
Belə bir fikir də var ki, erməni tərəfi Zəngəzurla bağlı prosesin uzadılması yolunu seçib. Ona görə də son vaxtlar İrəvandan ziddiyyətli bəyanatlar eşidilir.
Bəs dəhliz daha tez, məsələn, 2027-də işə düşə bilərmi?
Professor Qabil Hüseynli qeyd edib ki, dəhlizin 3 il sonra açılacağı anonsu bəzi səbəblərdən irəli gəlir: “İlk növbədə bu çox böyük prosesdir. Ermənistan isə indiyə qədər heç bir iş görməyib. Azərbaycan bəyan edib ki, yolun ona aid hissəsi gələn il tamamlanıb təhvil veriləcək. Ermənistan isə özünə aid yolu görünür ki, daha gec istifadəyə verəcək. Burada ABŞ-nin iştirak məsələsi də var. Hazırda hansı şirkətin dəhlizə yerləşəcəyi, mexanizmi və s. texniki amillər dəqiqləşməyib. Belə görünür ki, Zəngəzur dəhlizi Tramp hakimiyyətinin sonuna yaxın reallaşacaq. Mən burada da müəyyən riskləri görürəm və yaxud tərəddüd edirəm. Çünki Rusiyanın 3 il sonra müdaxilə edəcəyi təhlükəsi var”.
Qabil Hüseynli
Q.Hüseynli bu dəhlizdən region ölkələrinin də faydalanacağını xatırladıb. Onun dediyinə görə, Rusiya və İran “Tramp yolu”na qısqanclıqla yanaşır, lakin hər iki ölkə ambisiyalarını kənara qoyaraq bu logistikadan yararlana bilər: “Ermənistan da oyunlarına son qoymalıdır. Azərbaycandan daha çox elə bu ölkə Zəngəzur dəhlizinin iqtisadi dividentlərindən istifadə edəcək. Ancaq indiyə qədər bir qarış ərazidə iş görməyiblər. Məncə, Birləşmiş Ştatlar Ermənistanı tələsdirməli və təzyiqləri artırmalıdır. 2028-ci il çox gecdir və ona qədər regionda müxtəlif proseslər baş verə bilər. Zənnimcə, daha tez reallaşması mümkündür və gələn ilin parlament seçkilərindən sonra Paşinyan hakimiyyəti dəhlizlə bağlı addımlarını sürətləndirəcək. Prezident isə bu layihənin işə düşməsi ilə bağlı digər ölkələrin də addımlar atacağını vurğulayıb. Yəni Zəngəzur Orta dəhlizin bir hissəsi olduğu üçün iştirakçı ölkələr də addımlarını sürətləndirməlidir. Bu mənada yekun gözlənti 2028-ci ildir”.
Azər Canıyev
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin katibi Azər Canıyev hesab edir ki, dəhlizin açılmasında həm siyasi, həm texniki faktorlar var. Onun fikrincə, koridorun 2028-ci ildə açılacağı gözləntisi daha çox geopolitik amillərlə əlaqədardır: “Ermənistan ABŞ-Rusiya dialoqunu izləyir. İrəvan ehtiyat edir ki, Moskva Tramp marşrutu ilə bağlı əks addımlar ata bilər. Digər səbəb daxili proseslərdir. Paşinyan seçkilərdə qələbəni təmin etməmiş Zəngəzurla bağlı praktiki iş görmək istəmir. Lakin 2028-dən daha tez də layihə işə düşə bilər. Görünür ki, cənab prezident bütün layihənin reallaşmasını nəzərdə tutub. Yəni dəmiryol xəttinin işə düşməsi, yük daşımaları, Ermənistanın 42 kilometr yolu tikib hazırlaması zaman tələb edəcək. Fikrimcə, yenə də çox şey hadisələrin inkişafından asılıdır”.
A.Canıyev Ermənistanın layihəni yubatmaq cəhdlərini əbəs sayır, Naxçıvana quru keçidin təmin olunacağını qaçılmaz hesab edir: “Paşinyan bu yolun iqtisadi faydalarını təbliğ edir. Ermənilərə göstərir ki, Tramp marşrutu onlara gəlir gətirəcək. İllərlə yolların bağlı qalması iqtisadiyyata təsir edib. Bu gün Paşinyan hökuməti öz xalqına demək istəyir ki, dəhlizin açılması onların sosial rifahına necə xeyir verəcək”.
Mübariz Qurbanlı
Deputat Mübariz Qurbanlı isə Teleqraf.az-a bildirib ki, Zəngəzur dəhlizi (Tramp marşrutu) məsələsi əldə edilmiş razılaşmaya uyğun vaxtında və mütləq şəkildə həllini tapacaq: “Bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı sənədlərə uyğun olaraq dəhliz hansı marşrutla müəyyənləşibsə, elə də yekunlaşacaq. Kiminsə onu dəyişməsi, müdaxilə etməsi mümkün deyil. Çünki Vaşinqton sənədləri imzalandıqda açıq şəkildə qeyd edildi ki, bundan geri dönüş yoxdur”.
YAP təmsilçisinə görə, sərhədlərin dəqiqləşməsi ilə bağlı prosesin hazırda Zəngəzur istiqamətində aparılması dəhlizin daha tez işə düşməsinə hesablanıb: “Bu dəhliz nə qədər tez fəaliyyətə başlayacaqsa, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin və bu istiqamətdəki kommunikasiyanın da istifadəsinə imkan yaranacaq. Zaman bunu tələb edir. Dünya ticarəti, əlaqələr artmaqdadır. Məhz bu reallıq tələb edir ki, iqtisadi-ticari əlaqələrin daha intensiv getməsi üçün Zəngəzur dəhlizi kimi marşrutlar işə düşsün”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ