Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda Azərbaycanın geopolitik iradəsi regional şərtləri müəyyən edən yeganə faktordur. Hazırda rəsmi Bakı bu regionda geopolitik şərtləri diqtə edir, regional proseslərə tam nəzarətini qoruyub, saxlayır. Ona görə də, Cənubi Qafqaza səfər edən Qərb siyasi dairələrinin yüksək rütbəli təmsilçiləri məhz bu önəmli faktorla hesablaşmaq məcburiyyətində qalıb. Və bu baxımdan, rəsmi Bakının regional supergüc mərkəzinə çevrildiyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq da Azərbaycanın regional liderliyini nəzərə aldığını açıq-aşkar biruzə verib. Belə ki, Qərb qurumlarının regiona, xüsusilə də, İrəvana səfər edən təmsilçiləri adətən, ermənipərəst məzmunlu açıqlamalar verirdilər. Ancaq ATƏT sədri bu dəfə ehtiyatlı davranmağa üstünlük verib.
Məsələ ondadır ki, ATƏT sədri Yan Borq Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı prosesə münasibət bildirməkdən qəti şəkildə imtina edib. ATƏT sədri İrəvanda bildirib ki, onun təmsil etdiyi qurum iki ölkə arasında delimitasiya prosesində iştirak etmir: “Əgər, mən bu prosesə münasibət bildirsəm, bu, faydalı olmayacaq. Çünki ATƏT bu prosesdə iştirak etmir. Bu, ikitərəfli proses olduğundan, mənim münasibət bildirməyim, qətiyyən doğru olmaz”.
Əslində, ATƏT sədrinin mövqeyi tamamilə başadüşüləndir və təqdirə layiqdir. Eyni zamanda, Yan Borq İrəvandan sonra Bakıya səfər edəcəyindən, onun hər hansı yanlış açıqlaması Azərbaycanın siyasi dairələrində qıcıq yarada bilərdi. Nəticədə ATƏT və Azərbaycan arasında əməkdaşlıq prosesinə zərbə vurulmuş olardı. Və rəsmi Bakının prinsipial davranmağa üstünlük verdiyi nəzərə alındıqda, bu, tamamilə inandırıcı görünür.
Maraqlıdır ki, son vaxtlar Qərb siyasi dairələrində Azərbaycanın geopolitik iradəsi qarşısında geri çəkilmə meylləri kifayət qədər qabarıq şəkildə müşahidə olunur. Hər halda, ABŞ və Avropa Birliyi başda olmaqla, əksər Qərb dövlətləri Azərbaycan-Ermənistan sərhəd delimitasiya prosesini dəstəklədiklərini rəsmən bəyan ediblər. Bundan yalnız Fransa kənarda qalmışdı. Rəsmi Paris Cənubi Qafqazda münaqişə faktorlarının və mexanizmlərinin akruallığını qorumaqda maraqlıdır. Ona görə də, sərhəd delimitasiya prosesi ilə bağlı dəstəkləyici mövqedən yayınmağa üstünlük verirdi.
Ancaq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən sonra Fransa da öz mövqeyini bəyan etmək məxburiyyətində qaldı. Çünki Ermənistanın xarici işləri Ararat Mirzoyan Azərbaycanlı həmkarı ilə görüşün konstruktiv məcrada keçdiyini vurğulayıb. O, sülh danışıqlarının indiyə qədər elan edilmiş prinsiplər üzrə davam etdirilməsi ilə bağlı anlaşmanın olduğunu bildirib. Və bu, o deməkdir ki, Fransanın Cənubi Qafqazda münaqişə faktorlarının aktuallığının qorunmasına yönəlik ümidləri boşa çıxmaq üzrədir.
Təbii ki, belə situasiyada “ağ qarğa” statusunda qalmaq idtəməyən rəsmi Paris könülsüz də olsa, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya prosesini dəstəklədiyini bəyan edib. Rəsmi Paris onu da vurğulayıb ki, Fransa öz tərəfdaşları ilə birlikdə bu prosesi bundan sonra da dəstəkləməkdə davam edəcək. Halbuki rəsmi Bakı ermənipərəst Fransanın dəstəyinin səmimiliyinə inanacaq qədər sadəlövh deyil. Və rəsmi Bakının prinsipial mövqeyini nəzərə aldıqda, Fransanın Cənubi Qafqazda hır hansı prosesdə iştirak şansı qazana biləcəyi qətiyyən inandırıcı görünmür.
Böyük ehtimalla rəsmi Parisin “dəstək bəyanatı”nda Ermənistanda baş verən son hadisələrin də müəyyən təsiri mövcuddur. Çünki Fransa delimitasiya prosesinə susqun qalmaqla, əslində, müəyyən mənada, “kilsə qiyamı”nın yanında yer almış kimi görünürdü. Bu baxımdan, Fransanı Ermənistanda baş verən daxili qarşıdurmaya münasibətdə Rusiya ilə eyni “səngər”də yer almaqda suçlamaq da olardı. Və bu baxımdan, rəsmi Paris həm də bu geopolitik görüntüdən yayınmaq məqsədi güdmüş də ola bilər.
Belə anlaşılır ki, Cənubi Qafqaz üzərində qurulmuş məkrli planlar artıq tədricən pozulmağa başlayıb. Ermənistanda ABŞ və Qərblə Rusiyanın həlledici qarşıdurması artıq taleyüklü mərhələyə keçmək üzrədir. Fransanın bu prosesdə ikibaşlı və riyakar mövqe tutması Paşinyan hakimiyyəti tərəfindən də nəzərə alınmaqdaydı. Hər halda, Ermənistanı dəstəklədiyini hər imkanda qabartmağa çalışan rəsmi Parisin “kilsə qiyamı”na münasibətdə Kremllə ortaq şəkildə susması Paşinyan hakimiyyəti daxilində həm çaşqınlıq, həm də ciddi suallar doğurmaqdaydı.
Bütün bunlar o deməkdir ki, ABŞ, Avropa Birliyi və o cümlədən də, Fransa regional hədəflərindən uzaqlaşmaq təhlükəsi ilə üzləşiblər. Əgər, “kilsə qiyamı” Paşinyan hakimiyyətinin devrilməsi ilə nəticələnərsə, Ermənistanın yenidən Rusiyanın orbitinə qaytarılacağı qətiyyən şübhə doğurmur. ABŞ, Avropa Birliyi və Fransa son vaxtlar Azərbaycana qarşı da riyakar, qərəzli mövqe tutduğundan bu region Qərbin üzünə tamamilə qapana bilər. Və bu səbəbdən də, Qərbin rəsmi Bakı ilə pozulmaqda olan münasibətləri yenidən bərpa etməyə çalışacağı şübhə doğurmur.
Belə anlaşılır ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya prosesinə verilən dəstək ən yaxşı halda, Qərbin rəsmi Bakı ilə anlaşma zəmini axtarmasında başlanğıc “geopolitik yatırım” rolunu da oynaya bilər. Yəni, Ermənistan Rusiyanın təsir dairəsinə qaytarılacağı təqdirdə, ABŞ və Qərbin Azərbaycana minnətçi düşməkdən başqa yolu qalmayacaq. Hətta “keşiş qiyamı” yatırılsa belə, bundan sonra Qərbin rəsmi Bakıya daha çox ehtiyacı olacaq.
Çünki Qərbdə artıq anlayırlar ki, Ermənistan daxili və xarici faktorlar, eləcə də, hərbi-siyasi potensial baxımından, geopolitik situsiya yaratmaq və onu idarə etmək şansına malik deyil. Buna yalnız Azərbaycan qadirdir və artıq geopolitik situasiya birmənalı şəkildə rəsmi Bakı tərəfindən idarə olunur. Ona görə də, Ermənistandakı “kilsə qiyamı”nın nəticəsindən asılı olmayaraq, Qərb siyasi dairələri üçün ümumi qərar faktoru da hesab etmək olar. Və istənilən qərar Qərbi əvvəl-axır rəsmi Bakının önünə çıxaracaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ