Onlayn ictimai-siyasi qəzet
Aprelin 8-də “Azərbaycana təzyiqin klassik forması “işə düşür”, "5-ci kalon" fəallaşdırılır” adlı yazıda (https://musavat.com/news/deputat-azerbaycana-tezyiqin-klassik-formasi-ise-dusur-v-kolon-feallasdirilir_1059420.html) qeyd etmişdim ki, Fransanın başını çəkdiyi anti-Azərbaycan şəbəkəsi bu ildən etibarən ölkəmizə qarşı hazırladıqları plana “daxili elementi” də əlavə etmək istəyir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi faktını həzm edə bilməyən bu şəbəkə Şvabeni qabağa verərək yanvarın 25-də Nümayəndə heyətimizin etimadnaməsinin AŞPA-da qəbul edilməməsinə nail oldu, aprelin 5-də Brüsseldə ölkəmizin əleyhinə konfrans təşkil etdi, heç kimə satmadığı silahları Ermənistana verməklə öyündü və indi də ölkə daxilindəki “resurslarını” səfərbər etməyə başlayıb.
Bu niyyətlə aprelin 21-də “milli şura” deyilən marginal qrupa Bakıda “mitinq əməliyyatı”ı sifariş edilib. Sual olunur, 4 ildir mitinq keçirməyə cürət etməyən Əli Kərimli niyə, məhz, hazırkı həsas məqamda, sülh danışıqlarında Ermənistanın xeyrinə milli maraqlarımızdan imtina edilməsi üçün Azərbaycana təzyiqlərin artdığı və regionda geosiyasi savaşın yenə mərhələyə keçdiyi zamanda mitinq keçirmək, seçki islahatları tələb etmək qərarına gəldi?
Axı, indi, məntiqlə hər bir azərbaycanlı siyasi baxışından asılı olmayaraq bütün gücü və bacarığı ilə dövlətinin və xalqının yanında olmalıdır. Necə ki, uzun müddət hakimiyyətə qarşı ən qatı müxalifətdə olan və ABŞ-da mühacirət həyatı yaşayan Ramiz Yunus bu reallığı dərk etdi və Vətən müharibəsi başlayandan bəri bütün narazılıqları və incikliyi bir kənara qoyaraq dövlətinin və xalqının yanında durmağı bacardı və indi də dövləti ilə bir səngərdə vuruşur. Ona görə ki, bu cür fədakarlığı yalnız müstəqil və heç kimin əlində oyuncaq olmayan Ramiz Yunus kimi vətənpərvər adamlar edə bilər.
Lakin anlaşılan odur ki, “Qarabağ kartından” məhrum olan anti-Azərbaycan şəbəkəsi “seçki islahatları” ilə “silahlanaraq” mitinq keçirmək, paytaxtda qarşıdurma və təxribat törətməkdə israrlıdır. Çünki, “mitinq əməliyyatı”nın sifarişçiləri (Şvabelər) və icraçıları (Əli Kərimlilər) yaxşı bilir ki, Bakının mərkəzində, insanların kütləvi şəkildə hərəkət etdiyi 28 may metrosunun qarşısında mitinq keçirməyə razılıq verilməyəcək (baxmayaraq ki, mitinqlər üçün Bakıda müvafiq yerlər ayrılıbdır) və onlar da bundan istifadə edərək qarşıdurma yaratmaq üçün fürsət əldə edəcəklər.
Sonrası isə aydındı...
Nəzarət etdikləri beynəlxalq və xarici media kanalları vasitəsilə bu görüntüləri manşet edərək dövlətimizin nüfuzuna xələl gətirməyə, bu “pozuntular”dan yeni təzyiq vasitəsi kimi istifadə etməyə, sülh danışıqlarında mövqeyimizi zəiflətməyə, dünyada və regionda baş verən təlatümlü və taleyüklü hadisələrin fonunda Azərbaycana qarşı daxildən yeni “cəbhə” açmağa çalışacaqlar. Bir sözlə, hədəf Azərbaycan dövləti və milli maraqlarımızdır.
Müxtəsəri, Qarabağda separatizmə son qoyan və dövlətimizin konstitusyon quruluşunu tam olaraq bərpa edən Azərbaycan hakimiyyətini hələ də “bağışlamayan” Əli Kərimli və Şvabenin 21 aprel “mitinq əməliyyatı”nın və planladığı oyunun iç üzü və əsl mahiyyəti budur.
Ancaq görəsən, bu dəfə şvabelər kimi, hansı gənci bu məkrli oyunun qurbanı edəcək?
Yəqin, bu da son olmayacaq, Bakıda noyabrda keçiriləcək dünyanın ən nüfuzlu beynəlxalq tədbiri olan “COP 29”-a kimi, yəni, qarşıdakı 7 ay ərzində anti-Azərbaycan şəbəkəsinin daha fərqli təxribatlara əl atacağının da şahidi olacağıq.
Azay Quliyev, millət vəkili
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ