İnsanlara hürriyət, millətlərə istiqlal!

Kennedini təəccübləndirən sovet jurnalisti –baş redaktor Xruşşovun güdazına gedib...

 

Bütün dövrlərdə və bütün dövlətlərdə hakimiyyət dəyişikliyindən sonra birinci kürsüyə sahib olanlar kadr islahatları apararaq yeni komanda formalaşdırıblar. Bu “ənənə” 70 il ərzində SSRİ-də də özünü qabarıq şəkildə büruzə verib. Xüsusilə İosif Stalin, Nikita Xruşşov və Leonid Brejnevin hakimiyyət dəyişikliyi dövründə kadrların əvəzlənməsi daha kütləvi şəkildə aparılıb...

1964-cü ildə Xruşşovu devirərək hakimiyyətə gələn Brejnev elə ilk günlərdən “arzuolunmaz” şəxsləri ətrafından uzaqlaşdırmağa başlayıb. “Qara siyahı”ya düşənlərdən biri isə “İzvestiya” qəzetinin baş redaktoru Aleksey Adjubey olub.

Qeyd edək ki, ayrı-ayrı dövrlərdə SSRİ-nin ali hakimiyyət orqanlarının rəsmi orqanı olan “İzvestiya” qəzetinin baş redaktoru vəzifəsi sovet dövründə ən yüksək vəzifələrdən biri sayılıb. Elə Adjubey də baş redaktor olmaqla yanaşı Mərkəzi Komitənin üzvü, SSRİ Ali Sovetinin deputatı olub. Baş redaktorun vəzifədə qalıb-qalmaması məsələsini Brejnevlə Mərkəzi Komitənin ideologiya üzrə katibi Suslov birlikdə müzakirə ediblər. Baş katib Aleksey Adjubeyin baş redaktor vəzifədən azad edilməsini zəruri sayıb.

IMG_390 copy.jpg (82 KB)

Bəli, Adjubeyin vəzifə karyerası bir-neçə dəqiqə ərzində həll olunub. Araşdırmaçıların qənaətinə görə Brejnev bu qərarında jurnalistə qarşı böyük haqsızlıq edib. Belə ki, Aleksey Adjubey öz dövrünün ən tanınmış qələm sahiblərinin biri olub. Sovet mətbuatında bir çox ilklərə imza atan Adjubey 1959-cu ildə “İzvesyiya”ya baş redaktor təyin olunanda qəzetin tirajı 1.6 milyon olduğu halda, bir-iki ildən sonra bu rəqəm 6 milyona qalxıb. 1961-ci ildə, SSRİ-ABŞ münasibətlərinin ən gərgin dövründə sovet mətbuatında, “İzvestiya” qəzetində ilk dəfə olaraq Adjubeyin Amerika prezidenti Kennedi ilə müsahibəsi dərc olunub. Müsahibə zamanı Amerika prezidenti sovet jurnalistinin intellektinə, dünyagörüşünə, demokratik düşüncələrinə yaxşı mənada təəccübləndiyini bildirib. Məhz Adjubeyin baş redaktor olduğu dövrdə “İzvestiya” yeni layihələri ilə fərqlənib, ölkənin bir nömrəli qəzeti sayılan “Pravda”nı üstələyib.

Əslində Adjubeyin fəaliyyətindən Brejnev də tam mlumatlı olub, onun imzasını yaxşı tanıyıb. Amma buna baxmayaraq jurnalisti mərkəzi mətbuatda görmək istəməyib. Səbəb isə Adjubeyin Nikita Xruşşovun kürəkəni olması olub.

1924-cü ildə Səmərqənddə anadan olan Adjubey yoxsul bir ailədə anadan olub. Atası müharibədən qayıtmayıb, dərzi işləyən anası ailəni çətinliklə dolandırıb. Orta təhsilini başa vurduqdan sonra Adjubey hərbi xidmətə yollnıb. Ordudan tərxis olunduqdan sonra isə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Hələ tələbəlik illərindən Adjubey mətbuatda dərc olunan yazıları ilə digərlərindən fərqlənib. Dövrün tanınmış qəzet redaktorları onun gələcəkdə böyük jurnalist olacağına şübhə etməyiblər.

Moskva Dövlət Universiteti Adjubeyin həyatında böyük rol oynayıb, bu təhsil ocağında o, tanınmış şair və yazıçılarla, mədəniyyət və incəsənət xadimləri ilə tanış olub, bu tanışlıqlar onun dünyagörüşünə müsbət təsir göstərib.

Tələbəlik illəri jurnalistin şəxsi həyatına da yaşıl işıq yandırıb. Adjubey eyni qrupda oxuduğu Radanı sevib və onlar ailə həyatı qurmağa qərar veriblər. Moskvada rəsmi nikaha girdikdən sonra cütlük Kiyevə yollanıb. Onlar nikah şəhadətnaməsini həmin dövrdə  Ukraynanın 1-ci katibi vəzifəsində işləyən Radanın atası Nikita Xruşşova təqdim ediblər. Nə Xruşşov, nə də həyat yoldaşı Nina Petrovna bu izdivacla bağlı heç bir fikir bildirməyiblər. Valideynlər belə qəbul ediblər ki, əgər qızları bu izdivaca razı olubsa, demək, belə də olmalıdır. Rada nikah zamanı öz həyat yoldaşının soyadını götürüb. Bununla da o, öz ailəsində Xruşşov soyadının himayəsini, kölgəsini, mütləq böyüklüyünü hiss etmək və etdirmək istəməyib. 

Adjubey heç vaxt zənginlik arxasınca qaçmayıb, kiminsə hesabına yaşamağı özünə rəva bilməyib. Xruşşovdan əvvəlki və sonrakı sovet liderlərinin kürəkənlərindən fərqli olaraq o, öz zəhməti və istedadı ilə karyera qurmağa çalışıb. Amma sözsüz ki, onun vəzifə karyerasında Xruşşovun dəstəyi az olmayıb. Məhz 1950-ci ildə Xruşşovun dəstəyi ilə o,  “Komsomolskaya pravda” qəzetində idman müxbiri vəzifəsinə işə düzəlib.  Qısa müddətdən sonra isə qəzetin baş redaktoru vəzifəsinə irəli çəkilib.

1464991529ad6.jpg (105 KB)

Çox keçməmiş, 14 may 1959-cu ildə Adjybey həmin dövrdə ölkənin ən nüfuzlu mətbu orqanı sayılan “İzvestiya” qəzetinə baş redaktor təyin olunub. Onun bu qəzetə rəhbərliyi dövrü “İzvestiya”nın “qızıl dövrü” kimi qiymətləndirilib. O, öz yaradıcılıq potensialı ilə qayınatasının etimadını tam doğrulda bilib.

Baş redaktor olmaqla yanaşı, Adjubey ölkənin ictimai həyatında fəallığı ilə də fərqlənib. O, SSRİ Jurnalistlər İttifaqının yaradılmasının ilk təşəbbüskarlarından biri olub.

Qayınatasının dəstəyini Adjubey cavabsız qoymayıb. O, Xruşşovun məruzələrini hazırlayıb, xarici səfərlərdə onu müşayiət edən rəsmilərdən biri olub. Baş katibin Amerika Birləşmiş Ştatlarına səfərinə həsr olunmuş “Amerika ilə üz-üzə” kitabının həmmüəlliflərindən biri olaraq Adjubey Lenin mükafatına layiq görülüb.

Zaman-zaman Adjubey yüksək dövlət mükafatları ilə təltif edilib. Partiyanın 22-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilib, Ali Sovetin deputat mandatını əldə edib.

Bütün bu yaradıcılığı dövründə və siyasi fəaliyyətində Xruşşovun kürəkəni olaraq Adjubeyin adı digər “kürəkənlər” kimi heç bir qalmaqalda, korrupsiyada hallanmayıb. O, nə zəngin həyat tərzi sürüb, nə də çoxsaylı bağ evlərinə, mənzillərə, avtomobillərə sahib olub.

Baş redaktor olduğu illərdə Adjubey yüksək ranqlı dövlət məmurları ilə münasibətlərini çox böyük həssasılıqla qoruyub, heç vaxt birinci şəxsin kürəkəni kimi sərhədini aşmayıb. Onun qayınatasına təsiri də az olmayıb. Ailə daxilində söhbətlərində Adjubey Xruşşovun fəaliyyətini də ərkyana müzakirəyə çıxarıb, bəzi hallarda Xruşşov onun tənqidlərini qəbul edib.

Ümumiyyətlə, həmin dövrün siyasi elitası Adjubeyin fəaliyyətini Xruşşova görə yox, onun istedad və bacarığına görə yüksək qiymətləndiriblər. Hətta Adjubeyin yaxın vaxtlarda xarici işlər naziri təyin olunacağı da məmurlar tərəfindən müsbət qarşılanıb. Elə Xruşşovun özü də bu təyinata qeyri-rəsmi xeyir-dua verib.

Adjubey copy.jpg (71 KB)

1964-cü ildə hadisələrin gedişi, Kremldə saray çevrilişi Xruşşovun siyasi karyerasına son qoyduğu kimi Adjubeyin də gələcəiyinə son qoyub. Daha dəqiq ifadə etsək, Adjubey Xruşşovun güdazına gedib. Yuxarıda qeyd etdiyimiz kimi Brejnev hakimiyyətə gələndən sonra Adjubeyi baş redaktor vəzifəsindən uzaqlaşdırıb. Adjubeyə “Sovetskiy soyuz” jurnalında publisistika şöbəsinin müdiri vəzifəsini veriblər. Həmin şöbənin isə yalnız bir işçisi olub – tanınmış jurnalist Akeksey Adjubey.

Qara buludlar Adjubeyin başının üstündən çəkilməyib. Hər addımda qadağalarla üzləşən, Xruşşov damğası ilə yaşamağa məhkum olan jurnalisti şəhər həyatı sıxıb. O, evinin bütün əşyalarını sataraq şəhər kənarında kiçik bir bağ evi tikməyi planlaşdırıb. Tikintinin sona çatmasına bir-neçə gün qalmış bağda güclü yanğın baş verib. Adjubey yenidən bütün imkanlarını səfərbər edərək bağ evində yaşayış üçün minimum şərait yaradıb. Amma Adjubeyə bağ evinə köçmək nəsib olmayıb. Növbəti yanğın nəticəsində jurnalistin evi küllüyə çevrilib. Bəzi versiyalara görə yanğınlar qəsdən törədilib.

SSRİ-nin süqutundan sonra, 1992-ci ildə Adjubey Moskvada özəl nəşrlərin birinə rəhbərlik edib. Həyat yoldaşı Rada isə düz əlli il eyni redaksiyada, “Elm və həyat” jurnalında işləyib.

Aleksey Adjubey 1993-cü ildə, 69 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR