Onlayn ictimai-siyasi qəzet
İri şirkətlərin xeyrinə fərdi ailə təsərrüfatlarının, kiçik və orta fermerlərin sıradan çıxarılması prosesi tam sürətlə davam edir
Azərbaycanda inflyasiyanın artım sürəti son 3 ilin ən aşağı həddinə düşsə də, bir sıra məhsullar üzrə kəskin bahalaşma davam edir. Bunlar arasında kərə yağı, mal və qoyun əti xüsusilə seçilir. Hər üç məhsulun qiyməti rəsmi statistikada da ən çox bahalaşanlar sırasındadır. Həm kərə yağı, həm mal, həm də qoyun ətinin qiymətindəki bahalaşmanın kökündə Azərbaycanda heyvandarlığın inkişaf sürətinin tələb artımına uyğunlaşmamasıdır: heyvandarlıq məhsullarının istehsal həcmlərindəki artım tələbatı ödəyəcək qədər deyil. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqustunda heyvandarlıq sahəsində cəmi 1,3 faizlik, ət istehsalında isə 1 faizlik artım qeydə alınıb. Ötən ilin eyni dövründə artım müvafiq olaraq 3,4 faiz və 3.1 faiz təşkil etmişdi.
Rəsmi statistikadan aydın olur ki, son 10 ildə ölkədə mal-qara sayı 1 milyon, qoyun sayı isə 2 milyona yaxın azalıb. Bu azalma fonunda xaricdən diri heyvan idxalı sürətlə artır. Xüsusilə 2015-ci ildən bəri Azərbaycanda heyvandarlıq sahəsindəki artımda bu idxalın payı da çoxalır.
Ötən il Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib ki, bu da əvvəlki illə müqayisədə say baxımından 65 faiz və ya 125.9 min baş, dəyər baxımından isə 58 faiz və ya 9.2 milyon dollar artıq deməkdir. Məlumdur ki, Gürcüstan Azərbaycanın əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. Belə ki, 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun idxal edilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24 faiz və ya 42,3 min baş artıb. Ötən il Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun idxalının 68 faizinı təşkil edib.
Bu ilin əvvəllərindən Gürcüstanda mal-qara arasında yayılan xəstəliyə görə Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi bir neçə ay oradan diri mal-qoyun idxalını qadağan edib. Nəticədə ölkəyə diri mal-qoyun idxalı kəskin azalıb. Belə ki, rəsmi statistikaya görə, bu ilin 7 ayında Azərbaycana 21 milyon 799,07 min dollar dəyərində 26720 baş ətlik diri iribuynuzlu heyvan idxal olunub. Ötən ilin eyni dövründə bu idxal 17 milyon 48,95 min dollarla 36 287 baş olmuşdu.
Yeddi ayda diri qoyun idxalı 6 milyon 220,38 min dollar dəyərlə 72264 baş təşkil edib. 2023-cü ilin yanvar-iyulunda 12 milyon 909,92 min dollar dəyərində 157 420 baş diri qoyun idxalı olub. Bu idxalın 61 min başdan yuxarısı iyundan idxal bərpa olunan Gürcüstandan gətirilib.
Hökumət rəsmiləri daxildə mal-heyvan sayının azalmasını müsbət proses kimi qiymətləndirirlər. Bu zaman iki əsas məqama diqqət yetirilir. Birincisi, yerli və cins olmayan mal-qaranın cinslərlə əvəz olunması, ikincisi, heyvandarlığın torpaqlara mənfi təsirinin qarşısının alınması.
Birinci arqumentlə bağlı Azərbaycan Hesablama Palatasının araşdırması maraqlı mənzərə üzə çıxarıb. Palatanın məlumatına əsasən, 2019-2023-cü illəri əhatə edən 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 faiz artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7 faiz azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3 faiz artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkədə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Palata qeyd edir ki, heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı, yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olub, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalıb.
2018-ci ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1155-VQD nömrəli Qanunun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2018-ci il 11 iyun tarixli sərəncamının icrasını təmin etmək üçün bir qərar qəbul edib. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda qeyd edilib ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qərara əsasən bu tələb dövlət mülkiyyətindəki örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsinə də şamil olunacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli qərarı ilə təsdiqlənən “Örüş, otlaq və biçənək sahələrini istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əsasən, yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.
NK-nın 2018-ci ildəki qərarına qədər qaydalarda dövlət mülkiyyətindəki örüş, biçənək, otlaq sahələrinin icarəyə verilməsi proseduru əksini tapmamışdı. Həmin qərara əsasən ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Təəssüflər olsun ki, bu qərardan yerlərdə otlaq-örüş sahələrinin iri şirkətlər tərəfindən əkinçilik və bağçılıq məqsədilə ələ keçirilməsi üçün istifadə olunmaqdadır. Artıq rayonlarda əhali heyvan otarmağa örüş tapmadığına görə heyvanların sayı sürətlə azalır.
Qeyd edək ki, Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67 faizini, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp və alp zonalarını əhatə edərək təbii otlaqların 33 faizini təşkil edir.
Ölkədə kənd təsərrüfatı təyinatlı torpaqlar 2015-ci ildə 4 milyon 769,8 min hektar idisə, 2023-cü ildə 4 milyon 779,6 min hektara çatdırılıb. Bu zaman biçənək, otlaq-örüş torpaqları 2 milyon 595,1 min hektardan 2414,4 min hektara qədər azalıb. Çoxillik əkmələr(meyvə bağları) isə 237 min hektardan 273,5 min hektara qədər artıb.
Bir çox mütəxəssislər bildirirlər ki, Azərbaycanda torpaqların sürətli səhralaşma prosesində heyvanların otarılması da rol oynayır. Otlaq-örüş ərazilərinin azalması qalan sahələrdə yüklənməni artırır, bu da bioloji müxtənlifliyi pozulur, ekosistemi dağıdır. H.Əliyev adına Coğrafiya İnstitutunun torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyevin mətbuata verdiyi məlumata görə, bu baxımdan ən ağır vəziyyət cənub zonasında - Lənkəran və Masallıdadır. Masallı ərazisi kiçik, əhalisi çox olan rayondur. Rayonda 200 min sakin yaşayır. Masallıda kənd təsərrüfatı heyvanları ilə yüklənmə nornmadan 30-35 dəfə çoxdur. Lənkəran rayonunda da vəziyyət ürəkaçan deyil: “Göyçayda vəziyyət daha ağırdır. Ranyondakı otlaqların 1 hektarına 40-dan çox heyvan düşür. Bu rəqəm Goranboyda 16, Bərdədə 12-dir. Maraqlıdır ki, həmin ranyonlarda torpaq münbit olduğundan son dövrlərdə örüş və otlaq sahələrinin bir hissəsi əkin sahələrinə çevrilib. Nəticədə otlaq və örüş sahələri azalsa da, heyvannların sayı artıb. Deməli, yüklənmə də arntıb. Belə sahələrdə mal-qaranın həddinndən artıq toplanması nəticəsində əvvəlcə otlağın vəziyyəti tədricən pisləşir və məhnsuldarlığı aşağı düşür. Nəticədə, ildən-ilə heyvanlar üçün yem ehtiyatı azalır. Bütün bunlar isə ona gətirib çıxarır ki, bioloji müxtəliflik pozulur, ekosistem dağılır. Digər tərəfdən, otlaqlar məhv oldunğundan yağan yağışlar ot köklərində topnlanmır, birbaşa çaylara axır. Torpaqların yuyulması nəticəsində yarğanlar əmələ gəlir, sürüşmələrə zəmin yaradır. Nətıcədə, torpaqların eroziyası artır. Onu da deyim ki, eroziya Azərbaycan üçün xaraknterikdir. Torpaqlarımızın 54-58 faizi bu və ya digər dərəcədə eroziyaya məruz qalıb. Bütün bunlar isə ona gətirib çıxarır ki, bıoloji müxtəliflik pozulur, ekosistem dağınlır. Eyni vəziyyət digər rayonlar üçün də xarakterikdir. Analoji vəziyyət qoyunçuluq sahəsində də mövcuddur”. (Xalqqəzeti)
Göründüyü kimi, örüş-otlaq sahələrinin zəbt olunması heyvandarlığa həm də torpaqların keyfiyyətinin pisləşməsi baxımından zərər vurur. Təəssüf ki, hələlik bu təhlükənin real qiymətləndirilərək yaranmış problemlərin həlli üçün təsirli addımların atılmasına cəhdlər müşahidə edilmir. İri şirkətlərin xeyrinə fərdi ailə təsərrüfatlarının, kiçik və orta fermerlərin sıradan çıxarılması prosesi tam sürətlə davam edir. Bu isə ölkənin ərzaq təhlükəsizliyi üçün təhdidləri artırır...
Dünya SAKİT,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ