Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Ağ evin hasarını aşan bir nəfəri tutublar. Deyir özü də həmin vaxt prezident Bayden şəxsən hardasa həyət-bacada fırlanırmış.
Mən bu amerikalıların belə qəribə işlərini heç cür anlamıram. A kişi, o nə dövlət idarəsidir ki, zəhmətkeşlər istədiyi zaman hasardan tullanıb içəri girir? (Bəlkə buna görə bəzən prezidentliyə namizədlər Van Qoq kimi qulağı sarıqlı dolaşmağa məcbur olur). Hələ o boyda Ağ evin hasarı... Sanki 50 dənə ştatın birində Qaradağ kubiki çıxmır. O yoxdur, çay daşından tik. Nə bilim, kərpic bişir. Yoxsa planetar dövlətin başçısı oturan binanın hasarı sanarsan İmişlinin Göbəktala kənd məktəbinin stadionunu qoruyan qamış çəpərdir. Kənd adı ona görə çəkirəm ki, bu saat Bakıda da hasarının başı buluddan, ətəyi yerdən su çəkməyən məktəb qalmayıbdır. Bütün məktəblərimiz, maşallah, Çin səddi ilə əhatə edilmişdir, ikiqat qoruma su xəndəkləri qazılıb, qüllələrdə pulemyotçular əyləşir, hasarın üstünə hər ehtimala qarşı butulka qırıqları, maşın yağı, mazut, Moment yapışqanı, siçan dərmanı, zarin qazı və sairə məhsullar sürtülmüşdür.
Vallah, şişirtmə eləmirəm. Yəqin gedənlər canlı, getməyənlər də şəkildə, videoda o hasarı görübdür. Ağ evin hasarı adi dəmir barmaqlıqlardır. Arasından, yalan olmasın, dana keçər, adam cəhənnəm... Biz elə barmaqlığı heç pəncərəmizə vurmuruq. Bizdə bələdiyyə sədrinin villasının hasarı Ağ evin hasarından daha hündür, daha qalın, daha bazburutludur.
Sonra deyirlər niyə ABŞ Ukraynaya lazımi dəstək vermir. Keçəl bir dərman bilsə öz başına yaxar.
İşin başqa gülünc tərəfi odur ki, bəzi vaxtlarda həmin hasarı taxta-tuxta, DSP-filanla guya bərkidirlər. Məsələn, bu payız prezident seçkisi vaxtı xəbər vardı, deyir əgər Tramp uduzsa, tərəfdarları binaya hücum çəkə bilər, o üzdən hasarı gücləndirəcəyik. Sanki marketin qabağıdır, pəncərəni sındırmasınlar deyə fanerka vururlar.
Nə isə, əslində bu gün başqa temada yazacaqdım, hardansa gəldi araya belə komediya söhbətlər girdi. Tema isə keçmişdən qopmaqdır.
Bizim nağıllarda var, qəhrəman görürsən hansısa tilsimli yerə çatır, orda buna deyirlər ki, gedərkən geriyə baxma, yoxsa daşa dönərsən. Geriyə baxma, ifritələr səni udar. Geriyə boylanma, divlər ardınca çatar və sairə. Qısası, salamat qalmaq üçün yalnız irəli baxmalısan. Hətta gözünü yumub getsən də olar, bircə geri baxma.
Məncə bu, çox uğurlu tapıntı, möhtəşəm rəmz, simvoldur. Keçmişdən qopmayan, geridəki “ifritələrindən” uzaqlaşmayan millətlər, toplumlar inkişaf edə bilməz. Atatürkün ötən əsrdə Türkiyə üçün apardığı modern dinc inqilabi dəyişikliklərin, yeniliklərin mənası əslində bundadır.
Hazırda Suriya belə yolayrıcındadır. Əgər orda əski, radikal, ayrımçı ideologiya üstün gəlsə, fəlakətlər bitməyəcək. İran olmasın, Viran olsun – fərqi nədir ki? Əsədi yıxmaq, qovmaq işin giriş hissəsidir, ardınca islahatlar olmalıdır və bunun başında keçmişin dəfni, qədim zehniyyətin süpürülüb atılması gəlməlidir. Yoxsa heç nə alınmayacaq.
Suriyada lüstrasiya olmalıdır. BƏƏS partiyasının, Əsəd əlaltılarının yeni hökumətə buraxılması süqutun başlanğıcı ola bilər. Onlar oğurlayacaq, sabotaj edəcək, yeni quruluşa heç imkan verməyəcək. (Əlbəttə, mənim hazırkı Suriyadan modernizm ummağım da başqa anekdotdur, lakin xəyal etmək hələlik qadağan deyil).
Yeri gəlmişkən, keçmişin insan üzərində hökmü, nostaljinin “dözülməz ağırlığı” haqda möhtəşəm filmlərdən biri var: “Qud bay, Lenin” adlı bu film 2003-cü ildə Almaniyada çəkilib. Həmin filmdə Berlin divarı yıxılandan sonra Almaniyanın birləşməsi, keçmiş Almaniya Demokratik Respublikasının “xiffəti”ylə yaşayan qadından bəhs olunur. Xiffəti ona görə dırnaqda yazdım ki, əslində qadın yataq xəstəsidir və ADR-in artıq yox olduğunu bilmir, oğlu müəyyən hiylə-kələklə xəstə qadının sarsılmaması üçün onu aldadır. Məsələn, köhnə kommunist rejimdəki xəbərlərə oxşayan “proqramlar” çəkib kassetə yazır, onu televizorda həqiqi veriliş kimi göstərir. Keçmişdə qalmış “Qlobus” noxudlarının qabını tapıb gətirir və sairə. (Əminəm ki, hər bir sovet vətəndaşı həmin konservləşmiş noxudları xatırladılar. Xüsusilə Yeni il qabağı olduğu üçün).
12 dekabrda, üç gün öncə həmin filmin rejissoru Volfqanq Bekker öldü. Bu yazının sonunda onun əziz xatirəsini də yad etmiş olduq.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ