İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasıblığın daşını atmağın Çin modeli – Pekin yol göstərir

30 il öncə dünyanın kasıb ölkələrindən biri olan, 1 milyard 400 milyondan artıq əhalisini dolandırmaq üçün çabalayan, özünü oda-közə vuran Çin dövləti bu gün yoxsulluğun aradan qaldırılması üzrə təcrübələrini Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə bölüşməyə hazır olduğunu bəyan edir.
Çin lideri Si Cinpin bunu dünən ŞƏT-in növbəti forumunda bildirib, deyib ki, Çin tərəflərin hər biri ilə strateji əlaqələri gücləndirməyə, yoxsulluqla mübarizə sahəsində təcrübə mübadiləsinə və praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır".

Lideri Çin olan ŞƏT-ə aşağıdakı dövlətlər daxildir: Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, İran və Belarus.

Bundan başqa, ŞƏT-də iki müşahidəçi dövlət var: Əfqanıstan və Monqolustan.

ŞƏT-in dialoq üzrə tərəfdaşları isə bunlardır: Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka.

Göründüyü kimi, bu təşkilatda ilk baxışdan Çinin “yoxsulluğun azaldılması üzrə tövsiyə”lərinə ehtiyacı olmayan varlı dövlətlər var. Bəhreyn, Qətər Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında əhalinin rifahı Çindəkindən də yüksəkdir.

arabb.jpg (103 KB)

Ancaq hər kəsə əyandır ki, bu firavanlıq karbohidrogen ehtiyatlarının zənginliyi və onun son 20 ildə dünya bazarında qiymətinin17-20 dollardan 100 dollar civarına qalxmasıyla başa gəlib. Ərəb ölkələrinin təbii resursları olmasaydı, bu gün onlar yaşayəş səviyyəsinə görə ŞƏT-in dialoq tərəfdaşları olan Myanma, Nepal, Şri-Lankadan fərqlənməzdilər.

Yəni bu ölkələrdə yoxsulluğun azaldılmasını dövləti idarə edənlərin iti zəkası, strateji planları, iqtisadi inkişaf proqramları təmin etməyib, yerin təkindən fəvvarə vuran neft və qaz resursları edib. Sadəcə, bir iş var ki, ərəb dövlətlərinin rəhbərləri son illərdə neft milyardlarını investisiya şəklində iqtisadiyyatın başqa sahələrinə yatırır, azad iqtisadi zonalar yaradaraq, özlərini beynəlxalq ticarətin xabına çevirməyə çalışırlar. Bir sözlə, ərəb dövlətləri haqqın, inkişafın yolunu tapıblar.

ŞƏT ölkələrinin içində Rusiya təbii sərvətləri etibarilə yoxsul ölkə deyil. Rusiyada əhalinin mühüm bir hissəsi zəngindir, ölkə müharibə şəraitində olsa da, əhali o qədər də acınacaqlı durumda yaşamır. Hətta Rusiya iqtisadi inkişafa Çin meyarları ilə yanaşsaydı, zənginlikdə dünyanın bir nömrəli dövləti olardı. Ancaq bu dövlət Çinin məsləhətlərinə qulaq asası, onun təcrübələrini özündə tətbiq edəsi deyil, bunu etmək istəsə də, mümkün olmayacaq. Çünki yoxsulluğun azaldılması yolunda uğur qazanmaq üçün çinlilər kimi işləmək, tənbəllik etməmək, çinlilər kimi qanunpərəst, intizamlı, dürüst olmaq lazımdır. Bu isə nəinki Rusiya əhalisinə, eləcə də bir çox başqa ölkələrin vətəndaşlarına xas olan xüsusiyyətlər deyil. İş yerində yeyib-içib yatmaqla yoxsulluq azalmaz.

alkoqoq.JPG (127 KB)

Elə ölkələr də var ki, onların məmuriyyəti yoxsulluğun azaldılmasına aparan islahatlar proqramını beşiyindəcə sabotaj edəcək. Çin iqtisadçıları onlara ölkə dolandırmağın optimal yolunu göstərəcəklər, A-dan Z-yə tədbirlər planının proqramını təqdim edəcəklər, ancaq məmrlar ordusu görəndə ki, bu işdə onların şəxsi mənfəəti yoxdur, proqramın uğursuz alınması üçün əllərindən gələni əsirgəməyəcəklər.
ŞƏT-in daxilində Çin yolu ilə getmək istəyən ölkələrin başında Qazaxstan gəlir. Özbəkistan və Qırğızıstan da “Çin yolu”na çıxmaq üçün cığır açmaqdadırlar. Qırğızıstanın təbii resurslarının kasadlığı qırğızlara mane olur, amma qazaxlar və özbəklər Çinlə əməkdaşlığın, Çin biznesmenləri kimi işləməyin bəhrəsini görürlər.
Çinin iqtisadi möcüzəsinin mayasında çalışqanlıq, intizam və anti-korrupsiya tədbirləri durur. Hələ ötən əsrin 70-ci illərində ölkənin lideri Den Syaopin məmurlara başa salıb ki, inkişafın yeganə yolu şəxsi təşəbbüsləri boğmamaq, kiçik biznesin inkişafına dövlət yardımı təşkil etməkdir.

Korrupsiyanın tüğyan etdiyi, inhisarçıların at oynatdığı, özəl biznesdən aylıq xərac tələb edənlərin saysız-hesabsız olduğu, əliəyriliyin, möhtəkirliyin norma sayıldığı ölkələrdə nə iqtisadiyyatı inkişaf etdirmək mümkündür, nə də əhalinin güzəranını yaxşılaşdırmaq, yoxsulluğu azaltmaq.

Bu, 2+2=4 düsturu qədər sadə məsələdir. Çin öz firavanlığını və inkişafını bu sadə məsələni həll etməklə təmin edib və indi onu yoxsul ölkələrə anlatmaq istəyir.

indiy.jpg (276 KB)

Bəs görək 1 milyard 500 milyona yaxın əhalisinin tam 900 milyonu kasıblıq həddindən aşağıda yaşayan Hindistan necə edir? Ən qəribəsi odur ki, Hindistanı idarə edənlər də çabalayırlar, müxtəlif iqtisadi proqramlar, yoxsulluğun azaldılmasına dair layihələr həyata keçirirlər. Hökumət 4-5 il öncə şəhər parklarında gecələyən yüzminlərlə evsizi mənzillərlə təmin edərək şəhərkənarı qəsəbələrə köçürüb, işlə təmin edib. Ancaq onlar qısa müddətdən sonra həmin evləri dəyər-dəyməzinə sataraq, yenidən şəhər parklarındakı köhnə yerlərinə qayıdıblar. Çünki bu adamlara belə xoşdur, işləməsinlər, sədəqə dilənə-dilənə yaşasınlar, kimlərinsə bağışladığı və ya zibilxanaya atdığı pal-paltarla keçinsinlər.

Ona görə də Pekin nə qədər çalışsa da, “yoxsulluqdan azad, ümumbəşəri firavanlıqla gözəl dünya qurmaq üçün səyləri birləşdirmək” bu tezlikdə mümkün olmayacaq. Səylər birləşəməyəcək, rifaha aparan yolu seçməyəcəklər.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR