Onlayn ictimai-siyasi qəzet
Kanada iyulun 1-dən Avropanın yenidən silahlanması planına qoşulacağını gözləyir.
Musavat.com xəbər verir ki, məlumatı CBC telekanalına ölkənin baş naziri Mark Karni açıqlayıb: "Biz bu istiqamətdə böyük irəliləyiş əldə etmişik, ona görə də 1 iyulda qeyd olunan Kanada Gününə kimi konkret bir nəticə görmək istərdik".
Dünən Böyük Britaniya kralı III Çarlz Kanadanın yeni parlamentinin iclasını açaraq, Kanadanın həm ordusunun, həm də Avropa qüvvələrinin yenidən silahlanması ilə məşğul olacağını, “Avropanı yenidən silahlandırmaq planına qoşulacağını” deyib. O, əlavə edib ki, Kanada avropalı tərəfdaşları ilə birlikdə "Şimaldakı mövcudluğunu da gücləndirəcək", çünki Arktika "yeni təhlükələrlə üz-üzədir".
Martın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Aİ liderlərinə birliyi yenidən silahlandırmaq üçün 800 milyard avroluq plan təklif etdiyini açıqlayıb. Bu, Avropa Komissiyasının icmanın hərbi sənayesinə sərmayə yatırmaq üçün 150 milyard avroluq ümumi Avropa kreditləri yerləşdirməsini nəzərdə tutur. Strategiya Aİ-yə üzv dövlətlərin hərbi ehtiyaclara investisiyalarının stimullaşdırılmasını nəzərdə tutur (2030-cu ilə qədər 650 milyard avro).
Qeyd edək ki, Karninin açıqlamasından sonra ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-ın yaratdığı “Qızıl Qübbə” raketdən müdafiə sisteminə daxil olmasının ölkəyə 61 milyard dollara başa gələcəyini, lakin ABŞ-a birləşəcəyi təqdirdə pulsuz olacağını vurğulayıb: "Mən bizim gözəl Qızıl Qübbə sistemimizin bir hissəsi olmaq istəyən Kanadaya dedim ki, əgər onlar ayrı, lakin qeyri-bərabər bir millət olaraq qalsalar, bu, 61 milyard dollara başa gələcək. Lakin bizim dəyərli 51-ci ştatımıza çevrilsələr, heç bir xərc çəkməyəcəklər", - Tramp Truth Social hesabında yazıb.
Daha sonra Tramp "Onlar buna baxırlar!" qeydini yazıb.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ