İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaktuslu ağlaşma

“Zərərli otlar və pis adamlar yoxdur, yalnız pis aqronomlar var”

(Viktor Hüqo)

Folklorumuzda belə bir əhvalat var, açığı, Molla Nəsrəddinə aiddir, ya Bəhlul Danəndəyə - xatırlamıram. Adam girir dükana, görür tacir qoz-fındıq, ləpə, kişmiş satır. Tacirə deyir niyə bunları yemirsən, tacir deyir mayama ziyan eləyər. Adam ovuclayır, başlayır yeməyə: “Qoy mənim mayama ziyan eləsin”.

Bu ziyan söhbəti bulvarda kaktusa yazı yazan zəhmətkeşimizin videosunu görəndə yadıma düşdü. Bildiyimiz kimi, hələ Hacıbala müəllim Bakı şəhərinin müdiri olan zamanlarda dənizkənarı bulvar ərazisinə cürbəcür matah (aztapılan, nadir) ağaclar əkmişdir. Onlardan qeyd edə bilərik İtaliyadan gətirilən 300 yaşlı zeytun ağacını, Argentinadan gətirilən 500 yaşlı baobab ağacını, Meksikadan tekila çəkmək üçün gətirilən 45 faizli aqava otunu, Avstraliyadan gəlmiş evkalipti və sairəni. Rəhbərlik imkan vermədi, Hacıbala müəllim görəvinin başında qalsaydı milli bulvarımıza cəhənnəmdən zəqqum ağacı da nəql edəcəkdi.

Əlbəttə, o ağacların həqiqi yaşını biz bilmirik, məcburuq Hacıbala müəllimin sözünə inanaq. Yoxsa ağacın yaşını bilmək üçün gərək kəsib içindəki halqaları sayasan. Bəzi insan da belədir, ömrünün uzunluğu daxili aləmindəki halqaların sayı ilə ölçülür. Lakin bu fəlsəfi temadır, qalsın başqa zamana.

Həmin bitkilərin əhalimiz üçün praktik funksiyası da vardır. Məsələn, Əhmədli və Yeni Günəşli sakinləri baobab ağacından susuz qalmağı, daha doğrusu, suyu saxlamağı öyrənirlər. Baobab quraqlıq dövrdə yaşaya bilmək üçün yağış sezonunda suyu içinə toplayır. O üzdən bunun görkəmi bir növ cürdəyə və ya butulkaya oxşayır. Elə görüntüsünə görə baobaba bəzən butulka-ağac deyirlər. Rəhmətlik Ekzüperi baobabı “Balaca şahzadə” əsərində haqsız yerə qaralamışdır. Bəlkə Hacıbala müəllim bulvara baobabı o məqsədlə əkmişdi ki, yekəlib bütün şəhəri tutsun, şəhər olsun Hacıbala müəllimlə onun şəxsi baobabının. Oxumuş adam idi. Sözgəlişi, Bakıda Butulka piri də var, orda divara butulka vurub sındıran arvadların oğlan uşağı olur. Məsləhətli yerdi, istəyən olsa konum atım.

Ziyandan danışırdıq. Həqiqətən uca millətimiz bulvardakı kaktusların yarpağına öz adını yazmağı sevir. Orda kaktus üzərində "Fatoş+Yuska=aşk", "İbrahım 99", "Vor oğlanlar, zor oğlanlar" kimi tariximizi, gəlib-keçənlərimiz əks etdirən yazılara rast gəlirik. Qismət olsa bəlkə 40 min il sonra Azərbaycan tarixini o yazılar vasitəsilə öyrənəcəklər. Lakin bitkilərə ziyan vurmaq olmaz.

Hərçənd hələ bilmək olmaz kaktusa yazan ziyan eləyir, kaktus, yoxsa bulvar idarəsi. Məsələn, hər il bizim bir Turizm Kompleksinin ziyanla işlədiyi haqda məlumatlar açıqlanırdı. Nəhayət, bu yaxında mərkəzin direktoru dözmədi, belə böhtanlar yazanları tənqid etdi, söylədi ki, zərərin hamısı nağd zərər deyil, içində vergilər də var. Həmçinin 100 milyon manatlıq ziyan 7 ildə toplanan ziyandır, 1 ilə yığılmamışdır.

Ürəyimiz yerinə gəldi. Lap o əski müşavirə yadıma düşdü: “Cənab prezident, biz gömrükdə təkcə rüşvət almırıq, içində rüsum da var”. Tahir müəllim də xalq yolunda vaxtilə çox əziyyət çəkib ziyan gördü.

Digər tərəfdən, əgər dövlət büdcəsindən kompleksin ziyanları hər il artıqlaması ilə örtülürsə, bu işə niyə “zərər görüb” adı qoyulur? Zərəri görən bizik. Ziyana düşən dövlət büdcəsidir. Ac qalan millətdir.

Elə bunları yazırdım, gördüm Mərkəzi Bankın zərərləri açıqlanır. Deyir keçən il 200 milyon manat zərərlə çalışmışıq.

Görünür, təzə trenddir, hərə bir yanda ağlaşma qurur. Ağlamayana məmə vermirlər yəqin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR