İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hökumətində 3 yeni nazir – Bir neçə xarici dil bilirlər, “Şərəf” ordeni var

Gürcüstanın yeni hökumətində 3 yeni nazir olacaq.

Musavat.com xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Maka Boçorişvili Xarici İşlər Nazirliyinə, Anri Oxanaşvili Ədliyyə Nazirliyinə, David Sonqulaşvili isə Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edəcək.

Baş nazir qeyd edib ki, M. Boçorişvilinin diplomatik xidmətdə 20 ildən artıq təcrübəsi var. İrakli Kobaxidze yeni nazirin bir neçə xarici dil bildiyini və “Şərəf” ordeninin sahibi olduğunu vurğulayıb. Boçorişvili 2020-ci ildən parlamentin üzvüdür.

Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyə gəlincə, baş nazirin sözlərinə görə, Anri Oxanaşvili Gürcüstanın ən yaxşı hüquqşünaslarından biridir.

O, əvvəlcə Tbilisi Dövlət Universitetində, sonra isə Almaniyanın Yena Fridrix Şiller Universitetində təhsil alıb. Almaniyada doktorluq müdafiə edib.

Oxanaşvili bir sıra elmi əsərlərin müəllifi və Tbilisi Dövlət Universitetinin dosentidir. O, iki çağırış parlamentin deputatıdır. Oxanaşvili ilk dəfə 2017-ci ildə Manana Kobaxidzeni əvəz edərək qanunverici orqanın üzvü olub.

İki çağırış parlamentin üzvü David Sonqulaşvili ətraf mühit və kənd təsərrüfatı naziri postuna namizəddir. O, parlamentin müxtəlif komitələrinə, o cümlədən Avropa ilə inteqrasiya və sektoral iqtisadiyyat və iqtisadi siyasət komitələrinə rəhbərlik edib.

Sonqulaşvili Qafqaz Biznes Məktəbinin və Qrenobl Ali Biznes Məktəbinin məzunudur.

“David Sonqulaşvili peşəkardır və biz əminik ki, o, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahəsində görkəmli nazir olacaq”, - Kobaxidze bildirib.

Nazirlər Kabinetinin yenilənmiş tərkibi yeni seçilmiş qanunverici orqan tam səlahiyyətlərə yiyələndikdən sonra təsdiq olunmaq üçün 11-ci çağırış parlamentə təqdim olunacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR