Onlayn ictimai-siyasi qəzet
Bu il iyulun 20-də Aleksandr Qriqoryeviç Lukaşenkonun ilk dəfə Belarus prezidenti seçilməsinin 30 ili tamam olacaq.
Əcəl aman versə, bu iş mütləq olacaq, çünki belarusca desək, Rıqoraviç srağagün yeddinci dəfə prezident seçilib və nəinki bu ilin yayında, hətta 2030-cu ilin bu günlərində də prezident kürsüsündə oturmaq hüququ qazanıb.
Göründüyü kimi, Belarus liderinin yeddinci dəfə hökmdar taxtına əyləşməsindən bəhs olunarkən “seçilib” sözü dırnaq işarəsi arasına alınmayıb. Belarusun Mərkəzi Seçki Komissiyası onun 86,82% səs topladığını elan edib, məsələ bitib.
Düzdür, bu, o demək deyil ki, Lukaşenko tam qanuni, dürüst, Avropa standartlarına uyğun keçirilən seçkilərdə qalib gəlib, bu, o deməkdir ki, Belarus müxalifətinin onu hakimiyyətdən uzaqlaşdırmağa gücü çatmır və xalqın həlledici hissəsi artıq onunla əlləşmək istəmir. Belaruslar onu Allaha tapşırıblar.
2020-ci ildə Lukaşenkoya münasibət daha kəskin idi. Minskdə onun əleyhinə izdihamlı etiraz aksiyaları keçirirdilər, amma o, ciddi müqavimət göstərdi, etirazçıları yumşaltdı, həbs edə bildiyini həbs etdi, bir xeylisini ölkədən qaçaq saldı, avtoritar hakimiyyətini qorudu.
Bu il isə Rıqoraviçin yeddinci dəfə seçilməsinə elə də ciddi etiraz olmadı. Onun opponentləri anlayırlar ki, RF prezidenti Vladimir Putin hakimiyyətdə qaldıqca, Lukaşenko da Belarusa rəhbərlik edəcək və ona qədər bu şəxsə heç kəsin gücü çatmayacaq. Belarus müxaliflər əmindirlər ki, bu şəxs hakimiyyəti əldən verməmək üçün istənilən addımı ata bilər – kütləvi repressiyadan tutmuş parlaq rəqiblərinin yoxa çıxarılmasına qədər.
Bəlkə də Lukaşenko məhz ona görə hakimiyyətdən getmir ki, postunu itirdiyi günün ertəsi siyasi qətllərdə, rəqiblərinin fiziki məhvində ittiham ediləcək. Ona qarşı belə ittihamlar çoxdan var. Lukaşnko və Belarus iqtidarı Qonçar, Zaxarenko, Krasovski, Zavadski, Korban soyadlı müxaliflərin qətlində və itkin düşməsində ittiham olunur. Onların arasında keçmiş MSK sədri və DİN rəhbəri də var. 23 noyabr 2000-ci ildə az qala bu qətllərin üstü açılaqcaqmış. DİN-in daxili qoşunlarının xüsusi təyinatlı briqadasının komandiri Dmitri Pavliçenko həbs olunub və onun müxalifətçilərin qətlində əli olduğu barədə məlumat yayılıb. Ancaq 1 gündən sonra Pavliçenko Lukaşenkonun şəxsi göstərişi ilə sərbəst buraxılıb. Ertəsi gün isə Lukaşenko baş prokuroru və DTK sədrini vəzifəsindən azad edib.
BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlar, eləcə də qüdrətli dövlətər Lukaşenkodan Belarusda itkin düşən, daha dəqiqi, hansı vəziyyətdə qətlə yetirildikləri və harada basdırıldıqları məlum olmayan siyasətçilərin taleyinə aydınlıq gətirməsini, araşdırma aparmasını tələb etsələr də, o, onların sözünə məhəl qoymayıb.
Buna görə də Lukaşenkonu tanıyanlar əmindirlər ki, o, 2030-cu ildə 8-ci, 2035-ci ildə isə 9-cu dəfə Belarus prezidenti seçiləcək. 2035-ci ildə o, 81 yaşın içində olacaq.
“Qoca qitə”də onu “Avropanın sonuncu diktatoru” adlandırırlar. Avropalılarda belə bir inam var ki, Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsilə Belarusda demokratik seçkilər keçiriləcək və xalqın səsini qazanmış kimsə hakimiyyətə gəlib legitim iqtidar olacaq.
Ancaq deyəsən, onlar Rusiya amilini unudurlar. Rusiyaya kompartiya və təhlükəsizlik məktəbinin müdavimləri rəhbərlik etdikcə elə şey olmayacaq. Onların kitabında bir xalqın özünə rəhbər seçməsi paraqrafı yoxdur, qonşuluqdakı bütün respublikaların rəhbərlərini ya Moskva təyin etməlidir, ya da ən azı Moskva razılıq verməlidir. Hansısa lider Moskvanın göstərişlərinə riayət etmirsə, Kremldə onu əvəzləmək üçün kadr axtarışına başlayırlar.
2020-ci ildə Putin nəyə görəsə Lukaşenkonun qələmini qırmışdı və ciddi şəkildə onu başqa bir Moskvapərəst liderlə əvəz etmək istəyirdi. Ancaq yeni sözəbaxan və güclü lider axtarışı səmərə vermədi, ara yerdə zəiflədilmiş Lukaşenkonun Svetlana Tixanovskayaya uduzmaq təhlükəsi yarandı. Son anda Kreml Belarusun Qərbin qucağına düşəcəyindən qorxaraq, çar-naçar Lukaşenkonun yenidən prezident seçilməsinə rüsxət verdi.
Görünür, bu dəfə də onu daha “uğurlu” biriylə dəyişmək olmayıb. Necə olsun? Ortaya iddialı biri çıxan kimi itkin düşür.
Avropa ölkələri, eləcə də ABŞ, Kanada, Böyük Britaniya. Yeni Zelandiya Aleksandr Lukaşenkoya və komandasının üzvlərinə qarşı sanksiya tətbiq edib. Onun gedə biləcəyi yer Moskva və MDB sammitinin keçirildiyi ölkələrdir. Ancaq bu durum Rıqoraviçin vecinə də deyil. Ona Minskdəki sarayında hökmdarlıq etmək kifayətdir.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ