Onlayn ictimai-siyasi qəzet
Yazıçı Mövlud Süleymanlını ölüm xəbəri ilə tapdıq. İtirmişdik. Facebook qaragüruhunun, tik-tok bambılılığının, instaqran surətbazlığının içində itirdiyimiz Mövlud Süleymanlını əslində şükürlər olsun ki, ölüm xəbəri ilə tapdıq.
Əlbəttə keçicidir, üç-beş gün sonra yenə unudacağıq. Sözün tamını itirmiş bir cəmiyyətdə o tamı dadızdıran Mövludu niyə də xatırlasınlar ki?.. Ağır xəstələnəndə itmiş Məmməd İsmayılı, itmiş Cavanşir Quliyevi də tapmaq mümkün oldu. Dəyərli tarixçi Aydın Balayevi isə ölümündən sonra da tapa bilmədik. Həsən Məmmədovu, Hamlet Xanızadəni, Səməndər Rzayevi, Həsən Turabovu də eləcə tapa bilmirik. Ona görə də ölümündən öncə itirdiklərimizə, "dəyərli yazarımızı, sənət adamımızı... itirdik" deyə başlıq qoymaqla özünüzü gülünc duruma gətirməyi unudun. Bu itkilər, elə unudulanların tapılması deməkdir.
Mövlud bizim nəslin ədəbi zövqünün mövludu idi. Peyğəmbərlərin mövludu olduğu kimi, ədəbi zövqün də mövludu olur. Bizim zövqümüzü öz DƏYİRMANda uyudüb ŞEYTANın şəri ilə zarafatlaşa-zarafatlaşa tarixi yolçuluqdan yeni zamana KÖÇürə bildi.
Mövlud daşan-coşan dağ çayı deyildi, heç sakit axan aran çayına da uyğun gəlmirdi. Səssiz bir BULAQ idi, öz səssizliyi ilə hamıdan daha aydın səsini duyururdu.
İlk, həm də son görüşümüz Şuşada oldu, iki il öncə Vaqif Poeziya günlərində bir neçə saatlıq yol yoldaşlığımızda gözəl ədəbiyyat söhbətləşməmiz oldu. Vaqif Əlixanlı ilə birlikdə peşəkar söhbət üçlüyü yarada bildik. Bu zaman dostlardan kimsənin zəngi Əhməd Oğuzun ölüm xəbərini çatdırdı. Əhməd Oğuzun ölümü onu sarsıtdı. Elə söhbətimiz burada tamamlandı.
Mövlud ötən əsrin 70-ci illərinin böyük ədəbiyyat hadisəsi idi. Sonrakı dövrlərdə gözdən-qulaqdan uzaqda özünü xatırlatmadan yaşadı. Ancaq o sözün tamını bilənlər üçün ədəbiyyatımızın başına gələn ən yaddaqalan hadisə olaraq xatırlanacaq. Ruhu şad olsun. Sonda diqqət yetirdim ki, bu yazıda Mövludun sevmədiyi "və" bağlayıcısından istifadə etməmişəm.
Fazil Mustafa, Millət vəkili
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ