İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin sədrliyi ilə Türkiyə və Suriyaya yardım üzrə konfrans təşkil edilir

Avropa Komissiyası İsveçin sədrliyi ilə Türkiyə və Suriyada dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım məqsədilə donorların konfransını təşkil edir.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson Türkiyə hökuməti ilə koordinasiya şəraitində donorların konfransının təşkili barədə niyyətlərini açıqlayıblar. Tədbir mart ayında Brüsseldə keçiriləcək.

Donorların konfransı beynəlxalq ictimaiyyəti bu həftə Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına səfərbər etməyə kömək edəcək. İsveç hökuməti bildirib ki, yüksək səviyyədə keçiriləcək konfransın məqsədi donorların cavablarını koordinasiya etmək, həmçinin zəlzələdən zərər çəkmiş regionlarda bərpa işlərinin sürətlə aparılması və zərərçəkənlərə yardım göstərilməsi üçün resurslar toplamaqdır. Tədbir Avropa İttifaqına üzv ölkələr, qonşu dövlətlər, BMT-nin üzvləri, beynəlxalq maliyyə təşkilatları və digər maraqlı tərəflər üçün açıq olacaq.

Konfrans Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi və İsveçin beynəlxalq inkişaf, əməkdaşlıq və xarici ticarət naziri Yohan Forsellin həmsədrliyi ilə keçiriləcək.

İsveçin baş naziri Ulf Kristersson qeyd edib: “Türkiyədə və Suriyanın şimalında baş vermiş zəlzələ görünməmiş bir fəlakətdir. İnsan tələfatının və dağıntıların miqyası hər gün daha çox bəlli olur. Həqiqətən, zəlzələnin fəsadları qorxuncdur. Avropa İttifaqına sədrlik edən İsveç istəyir ki, Türkiyə və Suriya xalqlarının bu çətin günündə Aİ-nin yardımı onların tələbatını ödəmək üçün adekvat olsun”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR