Onlayn ictimai-siyasi qəzet
İsveçin paytaxtı Stokholmda Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci illiyinə həsr olunmuş seminar keçirilib.
“Report” xəbər verir ki, tədbiri İsveçdə çıxan “Tribun” dərgisi Redaksiya Heyətinin təşəbbüsü və Tədarük Komitəsi təşkil edib.
Seminarda “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili, Süheyla Əzizi iştirakçıları seminarın gündəliyi ilə tanış edib. Doktor Yunis Leysi Dərilu Azərbaycan Milli Hökumətinin qurulması, fəaliyyəti və süqutundan sonrakı dövrlərdə Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyəti barədə yeni faktlar əsasında aparmış olduğu araşdırmaların nəticələri barədə məruzə edib.
Seminarda qonaq kimi iştirak edən Milli Məclisin deputatı, professor, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov Güney Azərbaycan Milli Hökumətinin tarixi, onun əhəmiyyəti, Yaxın və Orta Şərq xalqlarının milli azadlıq hərəkatlarına təsirindən danışıb.
Türkiyəli professor, Ankara Qazi Universitetinin tarix müəllimi Tufan Gündüz türklərin İran cəmiyyətindəki böyük rolu barədə çıxış edib.
Azərbaycan Demokratiya və inkişaf Ocağının aparıcı üzvlərindən Duman Radmehr Güney Azərbaycanın milli hərəkatının imkanlar və problemləri haqqında danışıb.
Tədbirdə “Tribun” dərgisində bu il çap olunmuş məqalələr barədə də məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Milli Hökuməti 1945-ci il dekabrın 12-də (İran təqvimi ilə azər ayının 21-də-red.) elan olunub, 1946-cı il dekabrın 11-də isə Məhəmmədrza şah Pəhləvi rejiminin başçılığı ilə xarici qüvvələr tərəfindən dağıdılıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ