İnsanlara hürriyət, millətlərə istiqlal!

İstər-istəməz köşə

Əmək və əhalinin sosial müdafiəsi nazirinin maliyyə naziri qoyulması hökumətin iqtisadi-sosail siyasətinə uyğundur. Nəyə görə? Çünki nazir əslində özünü yaxşı maliyyəçi kimi göstərmişdi – xeyli sayda saxta əlillik dərəcəsi alanlar məhz onun nazir olduğu dönəmdə büdcə himayəsindən çıxarıldı. O cümlədən, saxta pensiyaçıların, saxta ünvanlı yardım alanların da sayı-hesabı itmişdi, bunları ləğv etdi. Bu cinayətlərə görə “sobes” müdirlərinin həbsi də saysız-hesabsız oldu.

Yəni, burda bizim bəyənib-bəyənməməyimiz heç nəyi həll etmir, əsas odur məmur onun qarşısına qoyulan vəzifənin öhdəsindən gəlib və rəhbərlik etdiyi sahədə böyük narazılıqlar müşahidə olunmayıb. Artıq nazirlik önündə qazilərin təkəmseyrək aksiyalarına da rast gəlinmirdi. Hamı istər-istəməz razıdır. Deməli dövlət büdcəsi vəsaitlərinə yüksək səviyyədə qənaət etməyi bacaran adamın yeri məhz maliyyə olmalıydı.

Hərçənd, indiki dünyada bəzən radikal addımlar da lazım gəlir. Bugünlərdə futbol idarəmizdə aparılan kadr dəyişikliyi bunun nümunəsidir. Orda rəhbərliyə gətirilən bir yoldaşın tərcümeyi-halını vermişdilər və son 14 ildə 10 iş yeri dəyişdiyini yazmışdılar. İlk baxışdan “bütün idarələri batırıb, çıxıb” qənaəti yaranır, lakin “sürətli islahatlara görə hamı onu öz komandasında görmək istəyib” demək də olmazmı?

Hardan baxmağın nəticəyə, görüntüyə təsiri çoxdur. Buna həyatda illüziya deyirlər. Elə olur səhrada gedirsən, gözünə su dolu çaylar dəyir. Yaxud, baxırsan bağ-bağatlı, uca minarəli bir şəhər var, yaxına gedirsən, yoxa çıxır. İndi bu qənaətə gəlmək olarmı çay və şəhər yoxdur? Var. Sadəcə, sən baxdığın yerdə deyil. Atmosferdə istilik, su buxarı və sairənin təsirindən yaranan bu görüntünün ən primitiv formasını hamımız yay aylarında müşahidə eləmişik: asfalt yolda maşınla gedərkən sənə elə gəlir qabaqda yolu su basıb.

Halbuki, su yolu niyə bassın? Yiyəsizlikdir bəyəm? Su əhaliyə verilir, yolda da maşınlar gedir. Bunlar hamısı riyazi, dəqiq formullarla baş verir.

Bəs bu ilğım hardan ağlıma gəldi? Bugünlərdə Fransa Ukraynaya “Miraj” hərbi təyyarələri verdi. Miraj – elə həmin ilğım sözünün fransızcasıdır. Sovet vaxtı bu adda yaxşı triller, kriminal film vardı. Hansısa kapitalist ölkəsində bankı soyurdular, lakin pulları ələ keçirə bilmir, hamısı ölürdü. Son səhnədə quldurların birini öskürək tutur, bu yolla ələ keçirdilər. Bir də kimisə ilan çalırdı. Gərək təzədən baxım, nəsə maraqlı film idi. SSRİ-də belə maraqlı kinolar çox az olurdu. Əsasən əmək qəhrəmanları haqda gopçu filmlərə baxırdıq. Kimsə min litr süd sağdı, nə bilim, min ton pambıq yığdı... İnkişafın qədrini bilin. O vaxt heç Tik-tok da yox idi.

Sözgəlişi, təzəlikcə belə xəbər oxudum, sayın mədəniyyət nazirimiz keçən il çəkilən 26 filmə dövlət dəstəyi verildiyini söyləmişdi. Böyük rəqəmdir. Heç Oskar yarışına o qədər kino çıxmır, yalan olmasın. Bəs həmin filmlərimiz hansılardır, qalır onu tapmaq. Statistika var, lakin kino yoxdur.

Bəzən də kino xalqa ziyan vurur. Misal çəkim. Keçən ilin axırları İTV-də “Vətəndaş A” serialı çıxmışdı. Orda bələdiyyə sədri elə yaramaz, bandit, axmaq adam kimi təsvir edilmişdi ki, nəticədə yanvarda bələdiyyə seçkisində vətəndaş aktivliyi güc-bəla 30 faizə çatdı. Xalq istər-istəməz düşünmüşdü: “Belə bələdiyyəni niyə seçməliyik?”. Yəni, sənət işlərində diqqətli olmalıyıq. İstər-istəməz.

İstər-istəməz bu yazının da sonu çatdı.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR