İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstedadlar ocağı” kitabının təqdimat mərasimi keçirilib - FOTO, VİDEO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim Ziyadxan Əliyevin Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırladığı “İstedadlar ocağı” kitabının mayın 20-də Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edib.

Bu barədə Musavat.com-a Milli Məclisin Mədəniyyət Komitəsindən məlumat verilib.

Q.Paşayeva vurğulayıb ki, kitab müəllifin özünün də məzunu olduğu, zəngin ənənələrə malik Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin) 100 illiyinə həsr olunması etibarı ilə bir vəfa və qədirşünaslıq örnəyidir: “Nəfis şəkildə tərtib olunmuş bu sanballı kitabda təhsil müəssisəsinin 1920-ci ildən 2020-ci ilə qədərki tarixi, bütün tələbələrin adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub və bu, müəllifin yalnız məhəbətini deyil, gərgin əməyini ifadə edir.

Biz bu kitab haqqında Milli Məclisin Mədəniyyət Komitəsində məlumat aldıqda, dedik ki, kitabın adınalayiq təqdimatı keçirilməli, ictimaiyyətimiz bu əsər barədə məlumat əldə etməlidir”.

Əsərin ensiklopedik siqlətinə vurğu edən Q.Paşayeva, alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib:

“Hörmətli Ziyadxan müəllim, sizi ürəkdən təbrik edirəm. Eyni zamanda, haqqında tədqiqat aparılan qocaman təhsil ocağının rəhbərliyini, kollektivini, məzunlarını təbrik edir, hər birinə yeni uğurlar diləyirəm! Əzim Əzmizadənin, məktəbin haqq dünyasında olan məzunlarının ruhu şad olsun.

Bu əsər həm adı keçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə oldu. “Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib.

Kitab “Əzimzadə məktəbi”nin 100 illik yubileyi münasibətilə hazırlansa da, nəşrinin 2023-cü ilə - “Heydər Əliyev İli”nə düşməsini də təsadüf yox, təvafüqlük hesab edirəm. Bu kitab Ümummilli liderimizin şərəfinə adlandırılmış 2023-cü ilə ən gözəl sənət töhfələrindən biridir.

Rəssamların, rəssamlığın, ümumən mədəniyyətin-sənətin böyük dostu, himayəçisi olan Ümummilli liderimizin, eləcə də Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə, adına layiq tərtib olunmuş kitab, milli incəsənətimizin öyrənilməsi və təbliği baxımından yüksək dəyəri, təqdiri haqq edir”.

Sözünə davam edən Komitə sədri deyib:

“Milli incəsənətimizdə fenomen kimi dəyərləndirilən Əzim Əzimzadənin gənc yaradıcıların yetişdirilməsinə özəl diqqət yetirilməsi ənənəsi günümüzdə də 100 yaşını keçmiş kollecdə uğurla davam etdirilməkdədir. Bu da bizə 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycanımızı, onun incəsənətini işıqlı gələcək gözlədiyini söyləməyə əsas verir.

Respublikamızda müxtəlif profilli, çoxsaylı ali və orta ixtisas təhsili məktəblərinin olmasına baxmayaraq, onların arasında məhz “Əzimzadə məktəbi”nin adı bütün (keçmiş) SSRİ məkanında tanınır və istedadlar ocağı olaraq fəxrlə çəkilirdi. Bu da təsadüfi deyildi. “Əzimzadə məktəbi” özündən öncəki sənət mühitlərini, xalq yaradıcılığını tədris plan-proqramına cəlb etməklə, peşəkar müstəviyə daşımaqla yeni bir mərhələ başlamışdı.

Əgər fəaliyyətləri qədim dövrlərə təsadüf edən sənətkarlar ayrı-ayrı ustalardan dərs almışdısa, “Əzimzadə məktəbi” açıldıqdan sonra fəaliyyət göstərən yaradıcıların çoxu ilk təhsilini həmin məktəbdə alıb. Bu anlamda, Azərbaycanda rəssamlığın tədrisi tarixini xronoloji ardıcıllıqla izləməli olsaq, tərəddüdsüz deyə bilərik ki, hazırda Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci respublikamızın tarixində özəl yeri olan təhsil ocaqlarındandır. Onun 100 ili aşan zəngin tarixi ilə tanışlıq göstərir ki, məktəbin mövcudluğu, səmərəli fəaliyyəti sayəsində milli təsviri və dekorativ-tətbiqi sənətimizin inkişafını gerçəkləşdirən minlərlə rəssam yetişib. Onların şöhrətinin çoxdan ölkə sınırlarını aşması və yaratdıqları sənət örnəklərinin Azərbaycanı şöhrətləndirən bədii-mənəvi qaynaqlara çevrilməsi bu təhsil ocağının yerini, rolunu dəqiq ifadə edir. Əminik ki, kollecin indiki kollektivi də illərlə formalaşan tədris metodu ənənələrini qoruyub saxlamaqla, bu təhsil ocağının şöhrətini layiqincə yaşada biləcəkdir”.

Tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin araya-ərsəyə gətirdiyi bu ensiklopedik siqlətli kitabın bütün sənətsevərlər üçün qiymətli qaynaq olacağına inamını ifadə edən Q.Paşayeva kitabın uzun illik əməyin məhsulu olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, əsərdə müəllifin “Əzimzadə məktəbi”nə, ustadlar ustadı Əzimzadənin öz şəxsiyyət və yaradıcılığına sevgisi fonunda Azərbaycan mədəniyyətinə, ümumən mədəniyyətə, sənətə vurğunluğu parlaq şəkildə görünür.

Q.Paşayeva kitabın rus və ingilis dillərinə çevrilməsinin də vacibliyinə toxunub.

Sonra kitabın hazırlanmasında əməyi olanlara Milli Məclisin Mədəniyyət Komitəsi adından təşəkkürnamələr təqdim olunub.

Onu da vurğulayaq ki, önsöz yazarı Q.Paşayeva olan kitabın redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR