Onlayn ictimai-siyasi qəzet
İsrailin Təhlükəsizlik Xidməti və polis, İran xüsusi xidmət orqanları üçün işləyən, İsrail Müdafiə Qüvvələri (İMQ) bazaları və enerji infrastrukturu haqqında kəşfiyyat məlumatları toplayan yeddi İsrail vətəndaşından ibarət casus şəbəkəsini ifşa edib. Həbs olunan şübhəlilər iki il ərzində İran üçün casusluq edərək Qəzza sektorundakı müharibənin başlanğıcından casus fəaliyyətində iştirak ediblər. İsrail mediasının məlumatına görə, saxlanılanların hamısı Azərbaycan doğumlu İsrail vətəndaşlarıdır.
Hakimiyyət orqanları bunu “İsrailin təhlükəsizlik tarixində ən ciddi pozuntulardan biri” kimi dəyərləndirirlər. Rəsmi açıqlamada qeyd olunur ki, ölkənin şimal bölgələri və Hayfada yaşayan yeddi sakin İran agentləri üçün müxtəlif tapşırıqları yerinə yetiriblər.
Həbs olunan casus infrastrukturunun üzvləri Azis Nisanov, Aleksandr Sedikov, Vyaçeslav Qoşin, Yevgeni Yufa, İqbal Nisan, bir fərarilik edən əsgər və adları açıqlanmayan iki azyaşlıdır. İsrail mediası qeyd edir ki, şübhəlilər arasında ailə üzvləri var, ikisi ata və oğuldur. Şübhəlilərin bəziləri yəhudi mənşəlidir, digərləri isə İsrailin Qayıdış Qanunu ilə vətəndaşlıq alıblar.
İstintaq zamanı məlum olub ki, şübhəlilər iki ildən çoxdur İran xüsusi xidmət orqanlarının iki agentinin rəhbərliyi altında müxtəlif tapşırıqlar həyata keçiriblər. Prokurorluğun məlumatına görə, casus şəbəkəsinin üzvləri ölkənin müxtəlif yerlərində IMQ bazalarında, xüsusən də Hərbi Hava və Dəniz Qüvvələri bazalarında, limanlarda, “Dəmir Qübbə” sistemlərinin yerləşdiyi ərazilərdə və enerji infrastrukturlarında, o cümlədən Hadera elektrik stansiyasında məlumat toplayıblar. Onlar tərəfindən çəkilən hərbi infrastruktura aid obyektlər daha sonra 1 oktyabrda İsrailə endirilən İran ballistik raket zərbələrinin hədəfinə çevrilib.
Araşdırmalar həmçinin göstərib ki, şübhəlilər yüksək vəzifəli İsrail rəsmiləri barədə də məlumat toplayıblar.
Şübhəlilərin fəaliyyətinə müxtəlif obyektləri fotoşəkillərlə sənədləşdirmək və onları müasir texniki avadanlıqlardan istifadə edərək İran agentlərinə ötürmək daxildir. Həmin avadanlıqlar öncədən İran agentlərinin təlimatları əsasında əldə olunub.
Cənubda çəkiliş apararkən üç şübhəli saxlanılıb və onların üzərindən vacib obyektlərə aid onlarla sənəd aşkarlanıb. İsrailin təhlükəsizlik cinayətlərinin araşdırılması üzrə "Lahav-433" idarəsinin rəhbəri Yaron Binyamin bildirib ki, əsas ittiham “müharibə zamanı düşmənə kömək etmə” olacaq. Onun açıqlamasını “Ynetnews” yayıb. Kriptovalyuta ilə ödənişlər ölkə daxilindəki valyuta məntəqələrindən edilib, nağd pullar isə Rusiya vətəndaşları tərəfindən İsrailə gətirilib.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ