Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran İslam Respublikası İsrailə qarşı genişmiqyaslı raket zərbələrinin yeni mərhələsinə start verib. Rəsmi Tehranın məlumatına əsasən, “Və’da‑i Sadiq 3” adı verilən əməliyyatın 12‑ci dalğası çərçivəsində çoxsaylı ballistik raketlər buraxılıb.
İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəsmi açıqlamasında bu hücumun İsrailin sivil və hərbi obyektlərinə qarşı cavab tədbiri olduğu bildirilir.
İran mediası yazır ki, bu mərhələdə yüksək dəqiqlikli, uzun mənzilli “Səjil” və ehtimal ki, “Fattah” tipli raketlər işə salınıb. Hücumun məqsədi İsrailin hava hücumundan müdafiə sistemlərinə təzyiq göstərmək, qərargah və mühüm hərbi infrastruktur obyektlərini hədəfə almaq olub.
İsrail Müdafiə Ordusunun yaydığı məlumata görə, ümumilikdə 5‑7 raket havaya buraxılıb. Bunlardan bir neçəsinin uçuş trayektoriyası uğursuz alınıb və yerə çatmayıb. Qalanlarının əksəriyyəti isə İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən “Dəmir Qübbə” və “David’s Sling” vasitəsilə zərərsizləşdirilib.
İsrail mediası qeyd edir ki, raket siqnalları Tel-Əviv, Hayfa və şimal bölgələrində qeydə alınıb. Hələlik rəsmi olaraq insan tələfatı barədə məlumat verilməsə də, bəzi mənbələr kiçik dağıntı və psixoloji təsirlərdən yazır.
İranın bu raket hücumu beynəlxalq mediada da geniş əks-səda doğurub. “The Guardian” yazır ki, İran bu addımı İsrailin öncədən həyata keçirdiyi hava zərbələrinə cavab kimi atıb. “Al Jazeera” qeyd edir ki, əməliyyat həm də ABŞ-ın regiondakı hərbi varlığına xəbərdarlıq mesajı kimi qiymətləndirilir. “Associated Press” isə bu hücumu İran-İsrail qarşıdurmasının yeni və daha təhlükəli mərhələsi adlandırır.
Qeyd edək ki, son günlərdə İran və İsrail arasında qarşılıqlı hücumlar intensivləşib. Tehran rəhbərliyi bəyan edib ki, hücumlar dayandırılmasa, yeni raket mərhələləri də işə salına bilər.
Hazırda bölgədə gərginlik yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq vasitəçilər tərəfləri sakitliyə çağırsa da, hər iki tərəf bir-birini təxribatda və müharibəni genişləndirməkdə ittiham edir.
Musavat.com
19 Iyun 2025
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ