Onlayn ictimai-siyasi qəzet
İyul ayında İran prezidenti seçilən Məsud Pezeşkian onu islahatçı sayan və ona güvənən insanların ümidlərini doğrultmaq üçün bəzi addımlar atır, İranın xarici siyasətindən yeniliklər, dəyişişikliklər etmək istəyir.
Bunlardan biri də odur ki, Pezeşkian bu günlərdə İslam ölkələri arasında sərhəd nəzarətinin ləğvinin tərəfdarı olduğunu deyib. Onun fikrincə, bu, Qərbin tətbiq etdiyi sanksiyaları neytrallaşdırmağa kömək edəcək. Prezident bu fikrini İraqa ilk xarici səfəri zamanı səsləndirib.
Düzdür, o, ilk səfərini daha yaxın etnik-tarixi-dini yaxınlığı olan Azərbaycana da edə bilərdi, hətta prezident seçildiyi gün rəsmi Bakıdan uyğun təklif də almışdı, amma, görünür, ölkənin dini mərkəzi olan Qumda ilk səfər ediləsi ölkə kimi İraq seçilib. Birincisi, ola bilər ki, bu, İraqla 8 il boyunca davam etmiş müharibənin olub-qalan umu-küsülərini unutmaq üçün vacibdir, ikincisi, İran müsəlmanları üçün ən müqəddəs dini məkanlar İraq ərazisindədir.
Pezeşkianın İraqa səfərinin xaricdə xüsusi maraq doğurmasının səbəblərindən biri də İraq və ABŞ-nin Amerika qoşunlarının ölkədən çıxarılmasını başa çatdırmaq üçün apardığı danışıqlarla bağlı olduğu ehtimal edilir. İraqda amerikalı hərbçilərin sayı təxminən 2500 nəfərdir. “Röyter” öz mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusunun 2026-cı ilə qədər çıxarılmasına dair prinsipial razılaşma var. Bundan sonra İraqın tamamilə İranın təsir dairəsinə keçib-keçməyəcəyi açıq sual olaraq qalır.
Pezeşkian səfəri zamanı göstərməyə çalışıb ki, ötən əsrin sonlarında İranla qanlı müharibə aparan qonşu dövlət hazırda Tehranın az qala müttəfiqidir. Onun səfər proqramına təkcə İraqın paytaxtı deyil, həm də şiə müsəlmanlar üçün müqəddəs Nəcəf və Kərbəla şəhərlərinin, eləcə də İraq Kürdüstanının ziyarəti daxildir. İran prezidenti Bağdadda İraq prezidenti Əbdüllətif Rəşid və İraqın baş naziri Məhəmməd Şia əl Sudani ilə danışıqlarda, eləcə də şiə təşkilatlarının nümayəndələri ilə görüşlərdə İslam ölkələrinin birliyini qoruyub saxlamağın zəruriliyindən danışıb.
Pezeşkianın iraqlı həmkarı ilə söhbətində ortaya atdığı sərhəd nəzarətinin ləğvi ideyası xarici siyasət faktoru ilə əlaqələndirilib. Onun sözlərinə görə, İslam Şengeni “Qərb sanksiyalarını neytrallaşdırmağa” imkan verəcək. İran üçün bu mövzu son günlər daha da aktualdır. ABŞ və onun avropalı müttəfiqləri bu həftə İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəliblər. Bu dəfə onlar Tehranı Rusiyanı raketlə təchiz etməkdə ittiham edirlər.
Pezeşkianın iraqlı həmkarı və həmsöhbəti isə İran-İraq əməkdaşlığının digər sahələrinə diqqət yetirməyə üstünlük verib. Ə. Rəşid dollarla ikitərəfli ödənişlərdən imtinanın zəruriliyindən danışıb.
Yəni Pezeşkianın İslam Şengeni ideyası hələlik sadəcə ideya olaraq qalır. Bunun çox orijinal ideya olduğunu da söyləmək olmaz. Ondan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb. O, İslam Şengenini yox, əsasən hərbi əməkdaşlığı nəzərdə tutub. Ancaq bu da bir gerçəklikdir ki, bu coğrafiyadakı dövlətlərin qarşılıqlı mübasibətləri Qərb dövlətlərinin münasibətləri ilə müqayisə gəlməz şəkildədir. Yaxın Şərq ölkələrinin və xalqlarının qarşılıqlı mürəkkəb münasibətlərini nəzərə alsaq, İslam NATO-su ideyası İslam Şengeni kimi həyata keçirilməsi eyni dərəcədə çətin olan məsələdir.
Bununla belə, bu cür konsolidasiya təşəbbüsləri ilə çıxış etməsi İran prezidentinin götürdüyü kurs haqqında düşünməyə əsas verir. Prezident seçkilərində qazandığı gözlənilməz qələbədən iki ay yarım sonra belə, Pezeşkian milyonlarla iranlı və xarici ekspert üçün hələ də sirr olaraq qalır. Nisbətən az tanınan siyasətçiyə uğur vəd etməyən çoxsaylı proqnozlara baxmayaraq, onun seçilməsi İran cəmiyyətində dəyişiklik tələbinin nə qədər böyük olduğunu göstərib. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Pezeşkian şərti olaraq “islahatçılar” adlandırılan siyasi hərəkata mənsubdur. Bu o deməkdir ki, o, mövcud siyasi sistem çərçivəsində cəmiyyətin demokratikləşməsinin tərəfdarıdır. Hər kəsə bəllidir ki, İranda əsas söz sahibi prezident və ya parlament deyil, ali dini liderin (rəhbərin) başçılıq etdiyi ruhanilər və onlara tabe olan təhlükəsizlik qüvvələri, ilk növbədə, İslam İnqilabı Keşikçiləri Korpusudur. İran xalqının onlara əvvəlki dövrlərdə olduğu kimi böyük rəğbət bəsləməməsi Pezeşkianın seçici səslərinin əksəriyyətini qazanmasına imkan verib.
Lakin ali dini lider Əli Xamneyinin yeni prezidentin daxili və xarici siyasətdə hansı islahat təşəbbüslərinə rüsxət verəcəyi hələ çox da aydın deyil.
Pezeşkianın təklif etdiyi itidar komandasının tərkibi (parlament onu avqustun 21-də təsdiqləyib) islahatçılar kabinetinə çevrilməyib. 19 namizəddən yalnız dördü islahatçılar hərəkatından sayıla bilər, qalanları fundamentalistlər, mühafizəkarlar, İslam inqilabının müdafiəçiləridir. Pezeşkianın İran siyasətini cavanlaşdırmaq vədi də yerinə yetirilmiş sayılmaz: nazirlərin orta yaşı 60-a yaxındır. Hökumət üzvlərinin əhəmiyyətli bir hissəsi, bəzi məlumatlara görə, Xamneyinin prezident kimi görmək istədiyi Məhəmməd-Bağer Qalibafın (parlamentin sədri) yaxın adamlarıdır.
Prezidentin xarici siyasət sahəsində səlahiyyətlərinin məhdud olmasına baxmayaraq, Pezeşkianın islahat təşəbbüsləri özünü yaxşı tərəfdən göstərə bilər. Xarici işlər naziri Abbas Araqçi islahatçıdan daha çox mühafizəkar hesab edilsə də, hələ prezident Həsən Ruhaninin dövründə xarici siyasət kursunu dəyişmək və ölkənin qonşularla, Qərblə ortaq dil tapmaq cəhdləri etməsi ilə tanınır. Ola bilər, prezidentin İraqa səfəri və orada irəli sürülən təşəbbüslər İran siyasətində dəyişikliklərin başlanğıcı olacaq.
Ancaq burası yəqindir ki, Pezeşkianın müsəlman ölkələri arasında Şengen zonası yaratmaq ideyası yalnız uzaq gələcəkdə reallaşa bilər – hələ o da halaypozanlıq edənlər olmasa.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ