İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamı Vasif Talıbovdan 13 milyon dollarını geri istəyir

Vasif Talıbov dövründə Naxçıvanda fəaliyyət göstərən və bütün varidatı zorla əlindən alınan türkiyəli iş adamı Əli Sərdar Oba keçmiş “xan”ı məhkəməyə verməyə hazırlaşır. Ovqat.com-a bu barədə məlumatı iş adamının özü məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğuna bu barədə müraciət edib və qurumdan rəsmi şəkildə Vasif Talıbovu “məhkəməyə ver” razılığı alıb. İş adamı iddiasının rəsmi dəlili kimi Baş Prokurorluqdan ona göndərilən məktuba istinad edir. Məktubda yazılır ki, iş adamının şikayətinə Baş Prokurorluğun İstintaq İdarəsində baxılmış, Cinayət Məcəlləsinin 179 3.1, 308.2. 311 3.1, 311. 3.2, 311. 3. 3 və 311 3.4-cü maddələri ilə ibtidai istintaq aparılmış, 232006021 nömrəli cinayət işinə əlavə edilmişdir. İbtidai istintaq zamanı iş adamının müraciətindəki xüsusatların mülki xarakterli olduğu təsbit olunmuş və aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür.

Ali Sərdar Obanın iddiasına görə, Vasif Talıbov ona 13 milyon 700 min dollar borcludur. Baş Prokurorluqdan göndərilən məktubda isə dollar yanlışlıqla manat olaraq göstərilib.

Qeyd edək ki, ötən ilin mayında  Əli Sərdar Obanın bu məsələ barədə şikayət məktubu yayılıb. Məktubda bildirilib ki, 2007-ci ildən “Oba Qrup” MMC adı ilə fəaliyyət göstərən şirkət istehsal, ticarət, turizm sahələrində xidmət edib:

“Ancaq 2015-ci ildə bütün mal varlığımız və yatırımlarımız Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun təlimatı ilə əlimizdən alınıb.

Əlimizdən alınanlar:

Ordubad, Parağaçay mədən ocağı. 5 ildə 2 min metr dərinlikdə çalışdıq. Xərcim 2.048.000 dollar;

Şərur, Gümüşlüdə Arpacay balıqçılıq. İldə 1000 ton civarında balıq ciftliyi qurdum. Əlimizdən aldılar. Xərcim: 413 min dollar

Metroturizmlə 2015-20-ci illər üçün 5 illik sistem qurdum. Əlimizdən zorla aldılar. Məsrəf - 105 min dollar.

Plastik tullantıların istehsalı müəssisəsi. Əlimizdən alındı. Məhkəmə yolu ilə avadanlıqlarımızı geri aldıq, ancaq fabrikdə istehsal olunmuş 91.600 dollar dəyərində malımızı qəsb edib, satdıqları üçün pulumuzu ala bilmədik. Sərmayəmizi almadığımız və deport olduğum səbəbindən 6 ildir avadanlığımızı işlədə bilmirik. Bu üzdən zərərim 300 min dollar.İddialarımı sübut edəcək bütün sənədlərim var.

Vasif Talıbovun mənə vurduğu zərərlərin araşdırılmasını və mənə dəyən ziyanın ödənməsi üçün lazım olan işərin görülməsini rica edirəm".

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR