İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın “sərhəddə güzgü” prinsipi və 1974-cü il israrı

Ermənistanın xarici siyasətinin fitnəkar təklifinin pərdəarxası; Azərbaycanı strateji əhəmiyyətli yüksəkliklərdən endirmək cəhdi bu niyyətə xidmət edir

Rəsmi İrəvan vaxtaşırı destruktiv mövqelər sərgiləməklə hər vəcdlə yekun sülh anlaşmasından yayınmağa çalışır. Elə sonuncu bəyanat da məhz qarşı tərəfin bu niyyətindən xəbər verir. Belə ki, “status-kvo”nun saxlanması, daha əlverişli zaman əldə etmək üçün prosesin uzadılmasına nail olmaq istəyən Ermənistan bir müddət öncə açıqladığı məkrli təklifi yenidən gündəmə gətirib.

Qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü prinsipi ilə çıxarılması təklifi qüvvədə qalır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, Ermənistan bu prinsipin tərəfdarı olub: “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi həmişə qoşunların Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən güzgü prinsipi ilə çıxarılmasının tərəfdarı olub və bu, hələ də qüvvədədir”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, İrəvan sərhədlərin 1974-1978-ci illərin sovet xəritələrinə uyğun müəyyənləşməsini istəyir. Yuxarıda qeyd etdiyimiz kimi, burada diqqəti çəkən məqam odur ki, sülh danışıqları ilə bağlı müsbət gözləntilər yaranan kimi Ermənistan XİN ortalığa tez bir şey atır. İndi də deyirlər ki, biz güzgü qaydasında qoşunların geri çəkilməsini təklif edirik və bunu dəstəkləyirik. Bu, əslində sülh danışıqlarını uzatmaq cəhdidir. Məsələ ondadır ki, gərək əvvəl sərhədlər delimitasiya olunsun və ondan sonra qoşunlar sərhəddə dayansın. İkincisi, kim zəmanət verir ki, Azərbaycan qoşunlarını geri çəkəndən sonra Ermənistan yenidən hücum etməyəcək? Axı ötən 30 ildə Ermənistan təcavüzkar dövlət olaraq tanınıb. Üstəlik, qoşunların hazırkı mövqedə dayanmasının sülh danışıqlarına nə maneçiliyi var ki, Ermənistan qoşunların güzgü qaydasında geri çəkilməsini istəyir? Hələlik bu sualın cavabı konkret olaraq yoxdur: Ermənistan niyə 1974-1978-ci il xəritəsini ortaya atır? Ekspertlərimiz də “Yeni Müsavat”a açıqlamalarında rəsmi İrəvanın fitnəkar mövqeyini ifşa məzmununda açıqlamalar verdilər.

Sahib Alıyev “Şöhrət” ordeni ilə təltif edilib – Yint

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, Ermənistan rəhbərliyinin hər iki ölkənin qoşunlarının “dövlətlərarası sərhəddən güzgü prinsipi ilə geri çəkilməsi” təklifi absurddur: “İkincisi, bu, təkcə İrəvandakıların öz planı deyil. Bu təklifin arxasında ilk növbədə Rusiyanı Ermənistandan vurub çıxararaq onu özlərinin forpostuna çevirmək istəyənlər durur. Təklif ona görə absurddur ki, iki ölkə arasında sərhəd yoxdur və bu, məhz Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlində, o sıradan da Almatıda ortaya qoyduğu rəsmi mövqeyindən, yeritdiyi işğalçılıq siyasətindən yaranan bir reallıqdır. Ona görə də burada söhbət mövqelərdən geri çəkilməkdən gedə bilər, sərhəddən yox. Amma tutaq ki, Azərbaycan bu mövqelərdən geri çəkildi, bəs kim təminat verə bilər ki, sabah həmin mövqelərdə haylar peyda olmayacaq? Bu təminatı kim verəcək, bizim torpaq bütünlüyümüzü dəstəklədiklərini açıq dilə gətirməyənlərmi, onların oradakı missiyasımı?” 

S.Alıyev qeyd etdi ki, bu gün Azərbaycan Ordusunun şərti sərhədlər boyunca yerləşdiyi mövqelərin 90 faizi hər iki tərəf üzərində kontrol baxımından son dərəcə əlverişlidir: “Bu reallıq heç kimə sirr deyil. Biz indi həmin mövqeləri revanşizmə həvəsləndirilən, Qərbin də silahlandırdığı və ordusuna təlim keçdiyi Ermənistanamı verməliyik?! Bax, Qərbin, ilk növbədə də ABŞ-ın Azərbaycana təzyiqləri hazırda həm də məhz bununla bağlıdır. Diqqət edin, rəy formalaşdırmağa çalışılır ki, guya Azərbaycanda digər dinlərin təmsilçilərinə qarşı dözümsüzlük var və ona görə də Dövlət Departamenti bizi bu baxımdan "izlənən ölkələr" siyahısına salıb. Və maraqlıdır ki, qlobal medianın Tomas de Vaal kimi hansı çevrələrin diktəsi ilə hərəkət etdiyi kimsəyə sirr olmayan “təhlilçi”ləri ilə yanaşı, “Stratfor” Analitik Mərkəzi də bu təzyiq kampaniyasına cəlb olunub. Sözügedən mərkəzdəkilər gözəl bilirlər ki, öz torpaqları üzərində suverenliyini tam təmin edən Azərbaycan Ermənistana qarşı hər hansı bir hərbi əməliyyat planlaşdrmır və bu, ən yüksək səviyyədə açıq şəkildə dilə gətirilib. Elə isə “Stratfor” nəyə dayanaraq təklifinə əməl etmədiyi halda, Azərbaycanın bu ilin ikinci yarısında Ermənistana qarşı savaşa başlayacağını proqnozlaşdırır? Ermənistanla yeni savaş planımızın olmadığı haqda ən yüksək səviyyədə səsləndirilən bəyanat olmasa idi belə, doğrudanmı oradakılar o qədər avamdır ki, COP-29-a ev sahibliyi etməyə və seçkilər keçirməyə hazırlaşan Azərbaycanın 2024-cü ildə belə bir addım atmayacağını anlamırlar? Əlbəttə, anlayırlar. Sadəcə, bu yolla bizə təzyiq edilir ki, neçə ki, qoşunlarınızı əlverişli mövqelərdən geri çəkməmisiniz, biz Azərbaycanın Ermənistan torpaqlarını ələ keçirməyi planlaşdırdığını deyərək sizdən təcavüzkar obrazı formalaşdıracağıq". 

S.Alıyev digər məkrli ünvan və niyyətlərdən də bəhs etdi: “Eləcə də Dövlət Departamentinin Azərbaycanda dini dözümsüzlük uydurması da məhz Ermənistanla imzalanacaq sülh anlaşmasına Qarabağı tərk edən hayların beynəlxalq qüvvələrlə birgə geri qaytarılıb, son 30 ildə olduğu kimi yaşamalarını ön görən maddənin salınması üçündür. Bəli, Qərbdəkilər, ilk növbədə də ABŞ Azərbaycanla Ermənistan arasında nə qədər mümkündür, bir o qədər tez sülh anlaşmasının imzlanmasını istəyir. Amma onlar elə bir sənədin imzalanmasını istəyirlər ki, adı sülh anlaşması olsa da, orada gələcək qarşıdurmalara və özlərinin regionda möhkəmlənmələrinə imkan verəcək maddələr olsun. Azərbaycan isə buna getməyəcək!”

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov isə hesab edir ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsinə yaxınlaşdığı bir dövrdə Ermənistan rəsmilərinin bu tip açıqlamalarının bir neçə səbəbi var: “Ermənistan uzun müddətdir iki ölkə sərhədinə "mülki missiya" adı altında xaricdən gələn polis və təhlükəsizlik işçilərini yerləşdirməyə çalışır. Bu gün Ermənistanın əsas məqsədi budur. Azərbaycan hazırda bu sərhəddə olduqca mühüm strateji yüksəkliklərə nəzarət edir. Ermənistan ora həmin dediyim kənar gücləri yerləşdirərək, Azərbaycanla danışıqlarda üstünlük əldə etməyə çalışır. Xəritə məsələsinə bu qədər həssas yanaşmağın əsas səbəbi də budur. Çünki bir daha qeyd edirəm, Ermənistan çalışır ki, həmin yüksəkliklər onun nəzarətində olsun". C.Məmmədov da vurğuladı ki, Azərbaycanın haqlı olaraq bununla razılaşmaq niyyəti yoxdur: “Ermənistanın yenidən eyni ampluaya qayıtması eyni zamanda Ermənistan vasitəsilə, digər dövlətlərin bölgəmizdəki proseslərə müdaxilə cəhdlərinin növbəti təzahürüdür. Rəsmi İrəvan danışıqlarda müstəqil deyil və Qərb dövlətləri ilə bu məsələlərdə davamlı məsləhətləşmələr aparır. Bu cür bəyanatların arxasında da, hesab edirəm, duran səbəblərdən biri budur. Çünki həmin dövlətlər sülh müqaviləsinin məhz öz vasitəçilikləri əsasında, öz ölkələrində imzalanmasını istəyirlər. Ümumilikdə isə hesab edirəm ki, bütün hallarda proses Ermənistanın əleyhinə işləyir. Azərbaycan zamanla bütün hədəf və məqsədlərinə mütləq nail olacaq”.

Akif Nağı: “Vaşinqton səhvini başa düşdü”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının nəzərincə, bu il region nisbi sabitliyi ilə fərqlənə bilər: “Böyük dövlətlər seçkiləri ilə məşğul olacaqlar, eyni zamanda sərt qarşıdurmalardan çəkinməyə çalışacaqlar. ABŞ, Rusiya, Avropa ötən il region uğrunda təşəbbüslər göstərdilər, xeyli çarpışdılar, üstünlük qazanmağa çalışdılar ki, 2024-cü seçki ilində özlərini rahat hiss etsinlər. Bu mənada Rusiya daha üstün mövqedə görünür. Qərb isə bir qədər geri çəkilməli oldu”. A.Nağının fikrincə, Ermənistan bu şəraitdən vaxtı uzatmaq üçün istifadə etməyə çalışır, köhnə tezisləri yenidən ortaya atır: “Əslində qoşunların şərti sərhəd xəttindən "güzgü" qaydasında geri çəkilməsinin və ya delimitasiyanın hansı xəritələrlə həyata keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. İstənilən halda Azərbaycanın itirəcəyi bir şey olmayacaq, 70-ci və ya hər hansı digər illərin xəritələrində Azərbaycana qarşı heç nə yoxdur. Bu günə qədər ermənilər 1974-cü il xəritəsi dedikdə nəyi nəzərdə tutduqlarına aydınlıq gətirməyiblər. Heç kəs bu “məşhur” xəritəni ortaya çıxarmayıb. İstənilən halda Azərbaycanın xəritəsi 1918-ci ildən bəllidir, ermənilərin xəritəsi, ümumiyyətlə, olmayıb. Paris Sülh Konfransına “Böyük Ermənistan”nın vizual xəritəsini təqdim etmişdilər. İndi dedikləri xəritələri çıxarsınlar ortaya, Azərbaycan da həmin xəritədə yanlışlıqlar varsa, göstərəcək, düzəlişlərlə yeni variantı qəbul edəcək. Məsələn, 1929-cu, 1936-cı, 1969-cu, 1985-ci illərdə hansı qeyri-qanuni düzəliş edilibsə, aradan qaldırılacaq. Bu, bir variantdır. Digər variant isə qalib dövlətin mövqeyindən ibarətdir. Azərbaycan qan tökərək, qanuni sərhədlərini bərpa edib, Ermənistan bununla hesablaşmalıdır. Hesablaşsa, özü üçün yaxşı olacaq, hesablaşmasa, bizim üçün fərq etməyəcək. Biz Ermənistanın razılaşmadığı sərhədlərlə də mövcudluğumuzu davam etdirə bilərik". Partiya sədri qeyd etdi ki, qoşunların geri çəkilməsi ilə bağlı isə dediklərinə əhəmiyyət vermək lazım deyil: “Olmayan qoşunlarını hara aparırlarsa aparsınlar, onun yerinə nəyi gətirirlərsə gətirsinlər, bizim qoşunlar yerində qalmalıdır. Bunun ermənilərə aidiyyəti yoxdur. Ermənilərin dediklərinə fikir verdikcə, ürəklənirlər. Təkliflərimizi vermişik, gözləməliyik ki, bu təkliflərlə razılaşıb, ayağımıza gəlsinlər. Hökmən gələcəklər!”

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR