İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Moskvanı şantaj etməsi Qarabağda partlayış yarada bilər - Bakı üçün təhlükə

Bəzi təhlilçilərə görə, Rusiya regionda qalmaq üçün ermənilərin “başını sığallamaq” istəyir və bu da Azərbaycana qarşı ərazi iddiasının qalması, suverenliyinə təhdidlərin davam etməsi anlamına gəlir

Ermənistanın Rusiyanı şantaj siyasəti getdikcə özünü daha çox büruzə verir. ABŞ-ın Ermənistanda hədsiz fəallaşmasına, İrəvanın bitməyən “KTMT-dən çıxırıq” təhdidlərinə, sərhəddə Avropa Birliyinin müşahidəçilərinin yerləşdirilməsinə, Fransa Prezidentinin qərəzli, qatı ermənipərəst bəyanatlarında həm də Rusiyanın hədəfə alınmasına, ermənilərin Putinin imzası olan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməməsinə Moskva hələ ki təmkinli reaksiya göstərməkdə davam edir. Rusiya tərəfi “xarici qüvvələrin Moskva ilə İrəvan arasında nifaq cəhdinin nəticə verməyəcəyi, strateji müttəfiqliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək əzmi, hərbi-siyasi və hərbi-texniki xətt üzrə dialoqun inkişaf etdirilməsi” barədə bəyanatlar verməklə kifayətlənir.

Bəzi təhlilçilərə görə, Rusiya regionda qalmaq üçün İrəvanın şantajını Azərbaycanın ərazi bütövlüyünə təhdidlə “durdura” bilər. Rusiya istəyəcək ki, Qərbə doğru sürüşən Paşinyanı ram eləsin, onun qulağını burmaq deyil, “başına sığal çəkərək” ağıllandırmaq yolunu seçsin. Rusiya bunun regionda hər zaman forpostu olan Ermənistanı əlində saxlamağın optimal yolu olduğunu düşünür. Rusiya yenə bu regionu öz təsir dairəsində saxlamaq üçün ənənəvi “silahından” istifadə edəcək. Bu isə Azərbaycana qarşı ərazi iddiasının qalması, Azərbaycanın suverenliyinə təhdidlərin davam etməsi anlamına gəlir. Rusiya Qarabağdakı separatçı rejim rəhbərliyindəki hərbi cinayətkarlar vasitəsilə bölgədəki gərgin vəziyyətin saxlanılmasında maraqlıdır.

Aradan 2 il keçməsinə baxmayaraq, Qarabağda erməni silahlıları qalır, Zəngəzur dəhlizi məsələsi həll edilmək əvəzinə, İranın qoşulması ilə gərginliyi tətikləyib. Qəribəsi budur ki, Qərb “müfəttiş”lərinə təpki göstərən Moskva bu məsələlərlə bağlı istər Ermənistana, istərsə də İrana hər hansı bir təzyiq göstərmək niyyətində görünmür. Qərbin bölgədəki Rusiyanın rolunu əlindən almaq cəhdini kompensasiya etməyə çalışan rəsmi Moskva öz dominantlığını sübut etmək üçün yeni bir platforma yaratmaq cəhdi ilə çıxış da edə bilər ki, hadisələrin dinamikasını özü təyin etsin. Bu səbəbdən də Moskvanın bu mənada sülh, əməkdaşlıq mühiti formalaşdırması inandırıcı görünmür. Qarabağdakı qondama  “rus icması”nın şübhəli fəallığı, Putinə açıq məktubla müraciət edilməsi qərarı da təsadüfi deyil.

Bu arada xəbər yayılıb ki, Rusiyanın siyasi dairələri ilə Azərbaycan torpaqlarında sülhməramlı kontingentin himayəsində bəslənən separatçı-terrorçu rejim nümayəndələrinin səfəri ilə bağlı razılıq əldə olunub. Bu məlumatı Ermənistanın  “ArmenianToday”  nəşri Moskvadakı mənbələrə istinadla yayıb.

Qəzet yazır: “Bu məsələdə Rusiya rəhbərliyinə yaxın olan nüfuzlu Moskva erməniləri həlledici rol oynayıblar”. Erməni qəzeti iddia edir ki, separatçıların nümayəndə heyətinin Rusiya paytaxtında ən yüksək səviyyədə qəbul ediləcəyi barədə ilkin razılıq var.

Bundan əvvəl bildirilmişdi ki, yaxın günlərdə separatçı nümayəndə heyəti Rusiyanın siyasi rəhbərliyi ilə kriminal-terrorçu rejimin sonrakı taleyini müzakirə etmək üçün Moskvaya gedəcək.  Araik Arutyunyanın Rusiya paytaxtına yollanması haqda artıq xəbər yayılıb.

Ehtimal etmək olar ki,  son günlər Rusiyaya nota verilməsi və dövlət televiziyasında Moskvanın tənqid edilməsi Bakının Kremlin mümkün planlarından xəbərdar olduğuna işarə sayıla bilər.

Deputat Sahib Alıyev koronavirusa yoluxub

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Minsk Qrupuna həmsədrlik edənlərin hər üçü Azərbaycan torpaqlarının hayların işğalı altında qalmasını dəstəkləsələr də, bu məsələdə mövqeləri üst-üstə düşsə də, Rusiyanın planları və yanaşması ABŞ-la Fransadan fərqlənib: “ABŞ-la Fransa işğal altındakı torpaqların hamısı olmasa da, haylar yaşayan hissəsinin onlarda qalmasını istəsələr də, Rusiya sözdə bildirməsə belə, həmişə bunun əleyhinə olub. Və işğalında öz hərbçilərinin heç də az rol oynamadığı torpaqlarımıza haylarınkı kimi yox, özünün onlara icarəyə verdiyi ərazilər kimi yanaşıb. Yəqin Serj Sərkisyanın 2010-cu ildə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının orada qalma müddətinin 2044-cü ilə qədər uzadılması haqda anlaşmadan dərhal sonra əminliklə dediyi və dəfələrlə təkrarladığı ”Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" sözlərini xatırlayırsınız. Çünki Serjikə təminat verilmişdi ki, nə qədər Ermənistanda  Rusiyanın hərbi bazası var, yəni torpaqlarının bir hissəsi icarədədir, o qədər də Qarabağ hayların icarəsində olacaq. İndi Qarabağ müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun fövqəladə qəhrəmanlığı və peşəkarlığı sayəsində geri qaytarılıb. Rusiyadakı bəlli çevrələr anlayırlar ki, Azərbaycanla Ermənistan arasında sülh anlaşması bağlansa, tərəflər bir-birinin torpaq bütünlüyünü tanısalar, onda Qarabağdakı hərbi kontingenti oranı tərk etməli olacaq. Və Qarabağı tərk etdikdən sonra Ermənistandakı hərbi bazalarının oradan çıxarılması istəniləcək". S.Alıyev şübhə etmir ki, məhz buna görə də Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərinin qalmasına göz yumulur: “Daha dəqiq desək, erməni quldurların qalmasına şərait yaradılır, Vardanyan kimi beynəlxalq əlaqələri olan bir dələduzu da ora göndərməklə hayların reinteqrasiyanın qarşısı alınmağa çalışılır, özünün təklif etdiyi sülh anlaşmasında Qarabağın gələcəyi həlli sonraya saxlanılan ayrıca məsələ kimi göstərilir. Yəni Qarabağa regionda mövcudluğunun istinad nöqtəsi kimi yanaşılır. Amma indiki geosiyasi reallıqda bu, Rusiyanın özünə də yaxşı heç nə vəd etməyən yanlış yanaşmadır. Rusiya regionda mövcudluğunu, Ermənistan üzərində isə əvvəlki təsirini qoruyub saxlamaq istəyirsə, bunun üçün iki ən uyğun istinad nöqtəsi elə həmin Ermənistanın özündədir-Qərbi Zəngəzur və Göyçə. Rusiya azərbaycanlıların həmin torpaqlara qayıtmalarında yardımçı olmaq və onların təhlükəsizliyinin təminatını öz üzərinə götürməklə həm Moskvanın davamlı şəkildə, sonuncu dəfə isə 34 il bundan əvvəl onların deportasiyasına şərait yaratmaqla etdiyi pislikləri azacıq unutdurar, həm də regionda get-gedə laxlayan mövqelərini möhkəmlədərdi”.

Deputat fikirlərini bu şəkildə konkretləşdirdi: “Yəni regionda mövcudluğunu təmin etmək üçün azərbaycanlıların qayıtmalı olduğu Qərbi Zəngəzurla Göyçə Rusiya üçün daha əlverişli platsdarm ola bilər. Ümumiyyətlə, nə Qərb Rusiyaya regionda forpost saxlamağa indən sonra izin vermək fikrindədir, nə forpostdakılar bunu istəyir, nə də onun üçün tələb olunan potensial var. İndi Birinci Pyotr dönəmi deyil, Rusiyanın regionda mövcudluğu Azərbaycanla müttəfiqlikdən keçir, qarşıdurmadan yox”. 

“Rusiyanın, daha doğrusu, Putinin vəziyyəti siyasi cəhətdən o qədər də yaxşı deyil”.

Bunu isə Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

“Problem ondadır ki, hazırda Rusiya regionda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı  nəsə etmək istəsə, buna imkanı olacaq, yoxsa yox.  Bu məsələ sual altındadır.  Qarabağ, Ermənistan məsələləri ilə paralel İranın bölgədəki fəallığı eyni zamanda Rusiya üçün də əlavə problemlər yaradır. Yəni Moskva, o cümlədən Putin Ermənistanın Rusiya tərəfindən qorunan sərhədlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun "sərhədi keçmə" hərbi ssenarisi ilə təlimlər keçirməsindən heç də məmnun deyil. Bundan əlavə, Ermənistanın İran və Hindistandan silah alması məsələsi də var. Bir sözlə, bir çox amil və proseslər mövcuddur ki, Rusiya artıq onlara qarşı müqavimət göstərmək imkanından məhrumdur.  Bütün bunları düşünəndə Qarabağ məsələsinin yekun həlli istiqamətində hansısa konkret nəticə gözləmək qeyri-realdır. Amma bir məsələ aydındır ki, Soçi görüşündə Putinin əsas məqsədi Azərbaycan və Ermənistanı bütün mümkün vasitələrlə Rusiyanın orbitində saxlamaqdır", - deyə sabiq baş diplomat vurğulayıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR