İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın “dəvəquşu siyasəti” - Paşinyan yenə müharibəni seçir!

Sülhün imitasiyası uzun sürə bilməz: o ya sülh sazişinə gətirməlidir, ya da savaşa; erməni nazirdən etiraf: “Azərbaycanla müqavilə imzalanmayanadək Ermənistanda əlverişli investisiya mühiti olmayacaq...”

Ermənistan rəhbərliyinin Azərbaycanla sülh oyunu davam edir. Əsas hədəf bəllidir: Bakının prinsipial mövqeyinə rəğmən, sülh müqaviləsinin imzalanmasını hansısa ad altında, yaxud hansısa bəhanə ilə Qarabağ mövzusuna bağlamaq, ümumiyyətlə, uydurma “artsax məsələsi”ni daim beynəlxalq gündəmdə saxlamaqdır.

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana srağagünkü “sülh təklifləri” də bu xüsusda istisna olmadı. Yenə məğlub tərəfin qalib Azərbaycana həyasızcasına şərt diktə eləmək cəhdi, - həm də beynəlxalq hüquqa zidd olan şərt, - yenə sülhün imitasiyasına yönəlik söz oyunbazlığı. Hələ İrəvanın “böyük bacı” Fransanı bölgəyə dartıb gətirməklə aranı daha da qarışdırmaq səylərini demirik.

Nikol Paşinyan: "Əgər Azərbaycan güzəştə razıdırsa, Ermənistan da hazırdır"  - BBC News Azərbaycanca

Qısası, Nikol öz xalqına yaxşı heç nə verməyəcək “dəvəquşu siyasəti”ndən əl çəkmək istəmir. Bu isə bölgəyə yeni müharibə, onun nəticəsi olaraq isə Ermənistana qat-qat böyük fəlakət vəd edir. Çünki bu dəfə kapitulyant ölkənin özü müharibə meydanına çevrilib ayaqaltı ola bilər. Nə qədər qəribə də olsa, Paşinyan iqtidarı bu perspektivi önləmək əvəzinə, onu yaxınlaşdırmaqla məşğuldur...

“İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya göndərib və biz bu sənədləri imzalamağa hazır olduğumuzu bildiririk”.

Bunu növbəti dəfə “sülh göyərçini” kimi görünmək istəyən Ermənistan baş naziri hökumətin iki gün öncəsi son iclasında deyib.

“Biz sülh müqaviləsi ətrafında təklifləri Azərbaycana təhvil vermişik və belə məzmunlu müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”, - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, “bir neçə ay əvvəl erməni tərəfi Azərbaycanla sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın gələcək işi ilə bağlı öz təkliflərini Bakıya təqdim etsə də, hələlik cavab almayıb. Bundan başqa, rəsmi İrəvan regional kommunikasiyaların işinin bərpası ilə bağlı öz təkliflərini Azərbaycana çatdırıb. Paşinyan həmçinin Azərbaycan ordusunun ”Ermənistan ərazisi" adlandırdığı torpaqlardan çıxması tələbini bir daha təkrarlayıb.

Diqqət edildi yəqin ki, İrəvan məhz onun “təklifləri”, yəni şərtləri əsasında sülh müqaviləsinin imzalanmasında təkid edir. Paşinyan sülh anlaşmasını belə təsəvvür edir və üstəlik, utanmazcasına Bakının buna razılıq verəcəyini xəyal edir.

Azərbaycan-Ermənistan sülh danışıqları: Avropa İttifaqı sükanı əlində  saxlaya biləcəkmi? - BBC News Azərbaycanca

Öz növbəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan sülh müqaviləsinin mətnində Azərbaycana təminatçılar institutu yaratmağı təklif edib. “Bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulub, bundan əlavə, böhran yaranarsa və onu həll etmək mümkün olmadıqda, Beynəlxalq Məhkəməyə mümkün müraciət mexanizminin yaradılmasını da təklif etdik”, - deyə o, qeyd edib.

Detallar bəlli olmasa da, əmin ola bilərsiniz ki, “təminatçılar institutu” hiyləgərcəsinə məhz Qarabağ məsələsindən dolayı düşünülüb. Ki, perspektivdə, yəni Qriqoryanın təbirincə desək, “böhran yaranarsa”, bu mövzunu təzədən beynəlxalq gündəmə daşımaq mümkün olsun.

Bu da təsadüfi deyil ki, “Dağlıq Qarabağla bağlı təklifdə həll yoluna gəlinə biləcək məqam varmı” sualına cavabında A.Qriqoryan bunun müzakirə olunacağını söyləyib: “Danışıqlar aparıldıqda, nəhayət, məsələyə aydınlıq gətirəcəyik”.

Nəyə aydınlıq gələcək? Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni azlığı məsələsini heç bir ölkə və ya “vasitəçi” ilə, ələlxüsus da İrəvanla müzakirə etməyəcək, çünki bu, Azərbaycanın daxili işidir. Qriqoryan isə yenə “Qarabağ danışıqları”ndan dəm vurur...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi nə zaman bağlanacaq -  10.05.2022, Sputnik Azərbaycan

Ermənistanın Azərbaycanla real sülh sazişi imzalamaqda maraqlı olmadığı və vaxtı uzatmağa çalışdığına dair təzə fakt: srağagün İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşündən imtina edib. Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib. Məlumatlara görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi nəzərdə tutulurdu.

Bununla ən böyük pisliyi Ermənistan sözsüz ki, özünə edir. Çünki sülh müqaviləsi olmadan Ermənistan və onun xalqı hazırkı izqoy və dalan durumdan qurtulub inkişaf yoluna çıxa bilməyəcək. Bunu anlamaq üçün gündə bir dəfə regionun xəritəsinə baxmaq kifayətdir.

“Azərbaycanla sülh müqaviləsi imzalanmayana qədər Ermənistanda əlverişli investisiya mühitindən danışmaq olmaz”.

“Yeni Mesavat”ın məlumatına görə, bu acı etirafı yerli mediaya kapitulyant ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan edib. “Daimi sülh böyük sərmayələrin cəlb edilməsi üçün ən vacib ilkin şərtdir”, - Kerobyan qeyd edib.

Təkcə sərmayəmi? Bütövlükdə Ermənistan adında simvolik dövlətin varlığı Azərbaycanla sülh müqaviləsinin imzalanmasından artıq birbaşa asılıdır. Çünki məhz bu sənəddən sonra Azərbaycan və Türkiyə Ermənistanın mövcudluğuna etibarlı, yazılı zəmanət verə bilər. Həm də ən güclü qarantor dövlətlər kimi!

Odur ki, İrəvan seçimini tezləşdirməli, Paşinyanın təfəkküründəki yalançı, qeyri-real sülh modelinə deyil, Bakının 5 prinsipinə əsaslanan gerçək sülh variantına köklənməlidir. Çünki sülhün imitasiyası sonsuz davam edə bilməz. O ya sülhə gətirməlidir, ya da müharibəyə. Üçüncü yol mövcud deyil...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR