Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurub blokadadan çıxmasına əngəlləyən tək səbəb bəlli: iki qonşuya qarşı konstitusion səviyyədə davam edən ərazi iddiaları (keçmiş DQMV + Türkiyənin 6 vilayəti), həmçinin konstitusiyada qardaş məmləkət əleyhinə uydurma soyqırımı müddəasının qalması.
Gözləmək olardı ki, öz soydaşlarını “tarixi (mifik) Ermənistandan real Ermənistan” ətrafında yığmağa səy edən “mötədil və praqmatik” Nikol Paşinyan nəhayət, bu absurdluğu aradan qaldıracaq. Lakin hakimiyyətinin 6-cı ili yaxınlaşsa da (8 may 2024), “yük” hələ də köhnə yerindədir...
Əslində Paşinyan komandası hər iki məsələdə radikal-revanşist-daşnak kəsimdən çox uzağa gedə bilməyib. Yaxud istəməyib, nə fərqi. Bu da təzə fakt.
“Mən bilirəm ki, Ermənistan baş naziri də soyqırımla bağlı real əsaslar yaratmağa, genosidə məruz qalmış soydaşlarımızın bütün siyahısını daha əsaslı etməyə çalışır”.
Bunu hakim “Mülki Müqavilə” partiyasından deputat, parlamentin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin sədri, Paşinyanın silahdaşlarından sayılan Andranik Köçəryan 24 aprel “ağlaşma günü” ilə bağlı söyləyib.
Ardı da var: “Bizi indiyədək bu siyahısını tərtib edə bilməmişik. Bizim “Soyqırım muzey”imiz var, onunla bağlı hər şey var - elmi konfranslar, kitablar, doktorluq işləri var. Amma ən əsası, 1.5 milyonun adını bilməkdir: harada, necə, hansı şəraitdə baş verib, bütün bunlar hədəfimiz olmalıdır. Biz onilliklərdir ki, məsələnin üstünə getmirik. Əgər 1.5 milyon erməninin qətlindən danışılırsa, o zaman biz arxivlərdən həmin 1.5 milyonun adını tapıb çıxara bilməli, soyqırımı muzeyinin divarlarına həkk eləməliyik”, - Köçəryan sayıqlayıb...
Öz tarixinə görə “tarixə yox, tarixçilərə borclu olan” bir tayfanın sırtıqlığı beləcə, bitmək bilmir.
İşə bax, bir şey ki, heç vaxt olmayıb, onu haradan tapacaqsan, ümumiyyətlə axtarmağa dəyərmi? Əgər 1915-ci ildə Osmanlı dövlətinə arxadan vurulan zərbəyə, edilən xəyanətə görə haqlı olaraq deportasiya olunmuş erməni əhalidən kimsə zərər görübsə, yaxud ölübsə də, onların adlarını yalnız Türkiyə ilə birgə müəyyən eləmək olar. Arxiv orada...
Rəsmi Ankara, özəlliklə prezident Ərdoğan dəfələrlə bildirib ki, “soyqırımı” ittihamı ilə bağlı arxivləri açmağa, Türkiyə və Ermənistan mütəxəssisləri də daxil, ortaq və qərəzsiz beynəlxalq komissiya yaratmağa hazırıdır. O da bəyan edilib ki, həmin komissiyanın gələcəyi istənilən qərara Ankara hörmətlə yanaşacaq.
Bundan artıq nə və necə deyilməlidir görəsən?! Əfsus ki, Ankaranın son dərəcə ədalətli təklifini İrəvan hər dəfə rədd edib. Çünki yaxşı bilir ki, arxivlər açılsa, erməni yalanları tarixin arxivinə gedəcək. Osmanlı dövlətində “erməni genosidi”nin baş vermədiyi, əksinə, yaşanan faciələrin yeganə baiskarının nankor hayların özləri olduğu üzə çıxacaq. Eləcə də 1.5 milyon rəqəmin barmaqdan sovurulan ağ yalan olduğu birdəfəlik təsdiqlənmiş olacaq. Erməni saxtakarların tək qorxduğu da bu: 109 illik yalanın faş olması!
Bəs özünü demokratik sayan, guya Türkiyə ilə əlaqələri səmimi şəkildə normallaşdırmağa çalışan N.Paşinyan iqtidarı həqiqəti bilmək istəyirmi?
Hakim partiyanın deputatı A.Köçəryanın qırımından anlaşılır ki, xeyr. Aydın olur ki, hazırkı hakimiyyət sələflərinin yanlış yolunu getmək əzmindədir. 1.5 milyonluq mifik qurbanı adbaad uydurma genosid abidəsınin divarlarına həkk eləmək istəyinə ayrı nə ad tapmaq olar ki...
Demək, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün xəyal olaraq qalacaq. Axı normal əlaqələr ikitərəfli hərəkəti olan yol kimidir. Sən məni bəşəriyyət əleyhinə cinayətdə suçla, ardınca da heç nə olmayıbmış kimi mənimlə dost olmaq, iqtisadi-ticari, diplomatik əlaqələr qurmaq istəyini bildir. Belə olmur. Biz hələ Ermənistan konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını demirik.
Qısası, “top” həmişəki kimi qarşı tərəfin meydanında. İqtidarlı-müxalifətli hay toplumu həmişəlik qulağında sırğa eləməlidir: Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiaları, saxta soyqırımı ittihamı qaldıqca sərhədlər nəinki açılmayacaq, üstəgəl, Ermənistana düşmən ölkə kimi baxılmağa davam edəcək. Qonşu toplum üçün çıxan bütün neqativ sonucları ilə birgə...
Z. SƏFƏROĞLU
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ