İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Ermənistan-Aİ-ABŞ əməkdaşlığı barədə “izahat”

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsinə həsr olunacaq. 

Musavat.com bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bunu “Armenpress”in suallarını cavablandırarkən deyib. Sözçünün dediyinə görə, bu görüş heç bir üçüncü tərəfə qarşı yönəldilməyib və ola da bilməz.

Badalyanın sözlərinə görə, Azərbaycan tərəfi qarşıdan gələn Ermənistan-Aİ-ABŞ görüşündən danışarkən qeyd edir ki, bu, inklüziv xarakter daşımır və həmçinin Ermənistanı regionda sabitliyi pozmağa sövq edə bilər. “Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşü Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsinə həsr olunacaq və heç bir üçüncü tərəfə qarşı yönəldilə bilməz”-erməni diplomat qeyd edib.  

“Azərbaycanın regionda sabitliyi pozmaqda və Ermənistan tərəfinin danışıqlar prosesində qeyri-konstruktiv davranmaqda ittiham etməsinə gəlincə, bir daha təsdiq edim ki, Ermənistan dərhal sülh müqaviləsini imzalamağa, sərhədlərin demarkasiyasına və artıq prinsiplər əsasında regional kommunikasiyaların açılmasına hazırdır”-deyən A.Badalyan bununla bağlı Azərbaycanla razılıq əldə olunduğunu iddia edib.

XİN təmsilçisi həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır: “Bu prinsip Ermənistan və Azərbaycan arasında 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Praqada razılaşdırılıb, daha sonra Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə bir daha təsdiqlənib”. O bildirib ki, iki ölkə arasında demarkasiya və delimitasiya işləri Alma-Ata Bəyannaməsi əsasında aparılır: “Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmamalıdır, lakin 1991-ci ildə Alma-Ata bəyannaməsi qəbul edilən zaman SSRİ-nin tərkibində de-yure mövcud olan sərhədlər yerlərdə bərpa edilməlidir. Sərhədlərin yenidən cızılmasından sonra hər bir ölkəyə məxsus olan ərazilər de-yure həmin ölkənin nəzarətində olmalıdır”.

Digər razılaşdırılmış prinsipdən bəhs edən A.Badalyan regional kommunikasiyaların açılmasının bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanaraq, keçdikləri ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmət edilməsi əsasında açılmasını vurğulayıb. İddia edib ki, bu prinsip 2023-cü il iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında razılaşdırılıb. “Bu məsələ ilə bağlı Ermənistan Respublikası beynəlxalq ictimaiyyət tərəfindən geniş rəğbət qazanmış “Dünyanın kəsişməsi” layihəsində öz hazırlığını ifadə edib”-Badalyan daha sonra bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR