İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda ABŞ əleyhinə aksiyalar: “biobəhanə...”

Rusiya Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahatdır, Paşinyan aksiyalar və təzyiqlər qarşısında geri çəkilə bilər

Müxalifət bloku olan “Azadlıq Hərəkatı”nın bir qrup fəalı iyunun 22-də Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi bioloji laboratoriyaların fəaliyyətinə qarşı etiraz aksiyası keçirib. “Yeni Müsavat” bildirir ki, etiraz aksiyası yerli portallar tərəfindən canlı yayımlanıb.

“Ermənistanda ABŞ hərbi departamentindən maliyyələşdirilən səkkiz laboratoriya var. Onlar regionlarda və İrəvanda fəaliyyət göstərir. Nə üçün bu laboratoriyalar ABŞ Səhiyyə Departamenti tərəfindən deyil, hərbi departament tərəfindən maliyyələşdirilir? Bu laboratoriyalar insanlar üçün təhlükəlidir. Onlar hətta bioloji silah da istehsal edə bilirlər”, - deyə etirazın təşəbbüskarlarından biri, ölkədə tanınmış hüquqşünas Ara Zöhrabyan bildirib. Onun sözlərinə görə, Ermənistan bioloji laboratoriyaları Ukraynadakı bioloji laboratoriyalarla birgə layihələr həyata keçirib: “Bizim vətənimiz təcrübə meydanı ola bilməz. Bütün tərəfləri əhatə edən araşdırma lazımdır”.

Ermənistandakı Amerika biolaboratoriyalarının hansılar olduğu bəllidir: İrəvanda Mərkəzi referent laboratoriyası, Ermənistan Respublikasının xəstəliklərin profilaktikası və nəzarəti üzrə Milli Mərkəzi, Dövlət Təhlükəsizlik Xidmətinin ərzaq məhsulları laboratoriyası, “Nork” xəstəxanasının yoluxucu xəstəliklər laboratoriyası, həmçinin, İcevanda, Gümrüdə, Martuni və Vanadzordakı laboratoriyalar. Bu ikili təyinatlı elmi təşkilatlar şəbəkəsinin yaradılmasına ABŞ 50 milyona yaxın dollar xərcləyib. Rusiyanın Ermənistan ərazisində Pentaqonun pulu ilə yaradılan bioloji laboratoriyaların mövcudluğundan narahat olduğu məlumdur.

Xarici işlər naziri Sergey Lavrovun hələ ötən ay İrəvana səfəri   zamanı rusiyalı mütəxəssislərin Ermənistanın 10-dək bioloji laboratoriyalarına buraxılması ilə bağlı memorandum imzalanmasını istəyirdi, amma Paşinyan hökuməti buna razılıq vermədi. Məlumata görə, amerikalılar rusların laboratoriyalara buraxılmaması üçün İrəvana ciddi təsir göstərir. ABŞ laboratoriyaları məsələsində hazırda Rusiya Vaşinqtonun ifşası üçün ciddi araşdırma aparır və Ermənistandakı laboratoriyalara da bu səbəbdən ciddi maraq göstərir.

Yeri gəlmişkən, Lavrovun bir həftə əvvəl İrəvanda erməni həmkarı ilə görüşündən bir neçə dəqiqə öncə maraqlı hadisə yaşanmışdı. Belə ki, ABŞ səfiri Lin Treysi Lavrovdan bir neçə dəqiqə əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında görüntülənmişdi. Belə görünür ki, Ermənistanın ABŞ laboratoriyaları ilə bağlı məsələdə Rusiya ilə hansısa alverə getmək istəyi baş tutmayıb. Bu səbəbdən də artıq Ermənistanda biolaboratoriyalar, əslində isə ABŞ əleyhinə aksiyalar üçün artıq düyməyə basılıb. Bundan sonra Paşinyan ictimaiyyətin də təzyiqi ilə üzləşməli olacaq və Rusiyanın tələbləri qarşısında ya geri çəkiləcək, ya da ABŞ laboratoriyalarına giriş üçün bazarlıq təklif edəcək.

Azad İsazadə: “Rusiya bazarı Azərbaycan üçün yeganə silah mənbəyi idi”

Azad İsazadə 

“Yeni Müsavat”a danışan hərbi ekspert Azad İsazadə Ermənistanda hərbi-bioloji laboratoriyalar olduğuna inanmır. Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan haqda da eyni iddiaları söyləyirdilər: “İnanmıram ki, bu ölkələrdə bioloji silah hazırlanması üçün iş aparılsın. Ola bilsin, ki, hansısa epidemiyalara qarşı Pentaqonun araşdırmaları var və bunu bioloji silah kimi büruzə verir. Təbii ki, bundan müxalifət siyasət üçün istifadə edə bilər. Amma reallıq budur ki, siyasi müxalifətin kütləvi aksiyalar keçirmək gücü yoxdur. Aksiyalara cəmi 40-50 adam çıxır, cəmiyyət onların çağırışlarına səs vermir. Deməzdim ki, Paşinyanı da çox sevirlər, amma xalq onu və komandasını sülhə yaxın adam kimi görür. Ona görə Rusiya-Ermənistan arasında həmin mövzuda məktublaşma gedəcək, bununla da məsələ bitəcək. Hətta rus ekspertləri gəlib yoxlasalar belə, onların rəyi obyektiv olmayacaq. Ruslar deyəcək ki, bioloji silah hazırlanır, amerikalı mütəxəssislər isə araşdırsalar, bunu təkzib edəcəklər. Ona görə rusların yoxlamasının əhəmiyyəti yoxdur”.

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, ekspert Əziz Əlibəylinin “Yeni Müsavat”a dediyinə görə, Paşinyan administrasiyasının Rusiya ilə gizli anlaşması mövcuddur və Amerika laboratoriyaları mövzusunda da razılaşmış ola bilər. Siyasi şərhçinin fikrincə, ABŞ laboratoriyaları ilə bağlı ilk dəfə Lavrov danışdı və Qazaxıstanda bu məsələni ortaya atdı: “Belə görünür ki, Ukraynadan sonra Mərkəzi Asiya və Cənubi Qafqaz Rusiya üçün hərbi baxımdan diqqət mərkəzində olacaq. Amma sual meydana çıxır ki, müxalifətin laboratoriyalarla bağlı aksiyalarının hansı uğuru ola bilər? Bu sualın cavabını Rusiya yaxşı bilər. Çünki buna qədər keçirilən digər mitinqlər də nəticəsiz qaldı. Sadəcə, Ermənistan hakimiyyəti beynəlxalq münasibətlərdə yaranmış yeni ziddiyyətli mühitdən sui-istifadə edərək öhdəliyi yerinə yetirmir. Ona görə laboratoriyalar məsələsində də nəticə yoxdur. Ümumiyyətlə, bu məsələlərə kompleks baxmaq lazımdır. Yəni Rusiya-ABŞ qarşıdurması təkcə biolaboratoriya ilə bağlı deyil”.

Fuad Əliyev: Onlar müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar

 Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev Ermənistanda siyasi müxalifətin tükəndiyini hesab edir. Onun zənnincə, laboratoriyalar mövzusunda da etiraz aksiyaları hakimiyyətə təsir edə bilməz: “Paşinyan rəqiblərinin gücünə artıq bələddir. Müxalifətin sosial bazası və elektoratı o dərəcədə zəifləyib ki, Qarabağ məsələsində belə çağırışlarına xalqdan dəstək ala bilmədi. Ona görə Rusiyanın diktəsi ilə başladılmış növbəti təzyiq kampaniyasının nəticə verəcəyini gözləmirəm. İnanmıram ki, Paşinyan geriyə addım atsın. Çünki əks təqdirdə, Vaşinqtonun təzyiqləri ilə qarşılaşa bilər. Üstəlik, həmin müəssisələr böyük təhlükə sayıla bilməz. Amma gələcəkdə Rusiyanın Ermənistan hakimiyyətini daha çox sıxışdıracağı mümkündür. Hazırda Ukrayna müharibəsi bir sıra planları arxaya keçirib. Ermənistan isə tək laboratoriya deyil, həm də ABŞ-ın regionda ən böyük diplomatik korpusu yerləşən ölkədir. Amerikanın İraqdakı səfirliyindən sonra dünyada ən çox işçisi olan ikinci diplomatik korpusu Ermənistandadır. Həmin bioloji obyektlərə də bu kontekstdə baxmaq lazımdır. Yəni Rusiya-Qərb qarşıdurmasının Ukraynadan sonra digər məkanı həm də Ermənistandır”.

Partiya sədrinin fikrincə, Rusiya Qazaxıstanda da həmin müəssisələrin olduğunu iddia edir: “Amma sübutlar olmalıdır. Rusiya Azərbaycanda da belə yerlərin olduğunu iddia edirdi, heç bir isbatı olmadı. Kreml bu regionda Birləşmiş Ştatların müxtəlif formalarda iştirakından möhkəm narahatdır. Ukrayna müharibəsi də bu səbəbdən başladı. Vaşinqton regionda hərbi mövcudluğunu artırmağa çalışır və bu da Rusiyanı razı sala bilməz”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR